Azərbaycanın sürətli inkişafınını, beynəlxalq nüfuzunun, uğurlu xarici diplomatiyasının göstəricilərindən biri də mütəmadi olaraq cənab Prezidentin ölkəmizdə rəsmi səviyyədə qəbul etdiyi xarici qonaqlardır. Belə qonaqlardan biri də bu yaxınlarda ölkəmizdə rəsmi səfər etmiş Litva Prezidenti cənab Gitanas Nauseda olmuşdur. Litva Respublikası ilə ölkəmiz uzun illərdir ki, strateji tərəfdaşdır. Ölkələrimiz arasında bu günə kimi “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Litva Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında Saziş” də daxil olmaqla hərbi, iqtisadi, sosial, gömrük, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə xeyli sazişlər imzalanmışdır. 2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikasının Litva Respublikasında, Vilnüs şəhərində səfirliyi təsis edilmişdir. Elə həmin il Litva Respublikasının da Azərbaycanda səfirliyi açılmışdır. Əvvəllər Milli Məclisdə Azərbaycan-Baltikyanı ölkələr parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərirdi, sonradan isə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradıldı. Hazırda Litva Respublikası ilə həm parlamentlərarası işçi qrupu səviyyəsində, həm hökumətlərarası komissiya vasitəsilə, səfirlərimiz vasitəsilə dostluq və tərəfdaşlıq fəaliyyətimiz davam edir. Şübhəsiz ki, dövlət başçıları səviyyəsində görüş ikitərəfli əlaqələrin inkişafına daha da müsbət təsir edəcək. Həmçinin qeyd edim ki, Litva Cənubi Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında daha sıx dialoqu dəstəkləyən və Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində bizə dəstək verən ölkələrdən biridir. Azərbaycan özünün sürətlə inkişaf edən beynəlxalq nüfuzuna, cənab Prezidentin müstəqil və güclü siyasi iradəsinə uyğun olaraq, əlbəttə, milli maraqlarımızın hər bir zaman üstün tutulması şərti ilə bundan sonra da dost dövlətlərlə əməkdaşlığı daha da inkişaf etdirəcək.
Həmçinin qeyd edim ki, Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra xarici qonaqların ölkəmizdə qəbul edilməsinin əhəmiyyəti daha da artmışdır. Çünki bu bizə birbaşa imkan verir ki, Azərbaycan həqiqətlərini, Qələbəmizdən sonra yaranmış yeni reallıqları, postmünaqişə vəziyyətini və eləcə də erməni vəhşiliyini bütün dünyaya daha yaxından çatdıra bilək. Bu baxımdan Litva Prezidenti ilə görüşdə cənab Prezidentin Ermənistanla son dövrlərdə olan münasibətlərə dair verdiyi bəyanatlar olduqca əhəmiyyətlidir.
Cənab Prezident qəti şəkildə bildirmişdir ki, İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Biz öz mövqeyimizi artıq bütün dünya ictimaiyyətinə də yaxşı məlum olan sülh müqaviləsinin bağlanmasının 5 prinsipi ilə daha da dəqiqləşdirdik. Ermənistan isə həmin prinsiplərə etiraz etməmiş və 5 prinsipi qəbul etdiyini ehtiva edən hərəkətlər nümayiş etdirmişdir. Əslində Ermənistanın hüquqi cəhətdən bu prinsiplərə etiraz etmək haqqı da yoxdur. Çünki bu 5 prinsip məhz elə beynəlxalq hüquqa əsaslanır. BMT Nizamnaməsi, Helsinki Yekun Aktı da daxil olmaqla bütün beynəlxalq sənədlərə uyğundur. Sərhədlərin delimitasiyasına başlamağı təklif edən də ilk Azərbaycan oldu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüşdə razılaşdırılmışdı ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrupu yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar. Azərbaycan işçi qrupunu vaxtında yaratdığı və nümayəndə heyətini ezam etməyə hazır olduğu vaxtda məlum oldu ki, Ermənistan sonuncu gün razılaşdırılmış görüşü ləğv edib. Ermənistan, həmçinin sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də imtina etdi. Əlbəttə, Ermənistan hökumətinin bu məsuliyyətsiz hərəkətləri onların üçün yaxşı nəticələr yaratmır. Bu, həm Azərbaycan qarşısında etimadın itirilməsinə, həm 10.10.2020, 11.01.2021 və 26.11.2021-ci il tarixli üçtərəfli Bəyanatların pozulmasına, həm də Avropa İttifaqı qarşısında götürülmüş öhdəliklərin pozulmasına səbəb olur. Ona görə də Ermənistan rəhbərliyi nəhayət başa düşməlidir ki, müxtəlif bəhanələr gətirərək zaman qazanmaq, bəyanatları və verilmiş vədləri pozmaq onların əleyhinə işləyir. Bir tərəfdən Azərbaycan artıq sübut edib ki, sülh yolu ilə danışıqlar nəticə vermədikdə biz öz haqqımızı “dəmir yumruq”la almağı bacarırıq. Digər tərəfdən, Avropa İttifaqı özü Ermənistana sanksiyalar tətbiq edə bilər. Azərbaycanla Avropa İttifaqı əlaqələri ən yüksək səviyyədədir, Avropa İttifaqı bizim ən böyük ticari tərəfdaşımızdır, eləcə də hazırda məlum səbəblərdən Avropada yaranmış enerji böhranı fonunda Azərbaycan Avropa üçün mühüm tərəfdaşa çevrilib. Ermənistan isə danışıqları pozduğuna, verilən vədlərə əməl etmədiyinə və sərhəddə törətdiyi təxribatlara görə sanksiyalara məruz qala bilər. Cənab Prezidentin daim vurğuladığı kimi, əgər torpaqlarımızın 30 il ərzində işğal altında qaldığı dövrdə Ermənistana ciddi sanksiyalar tətbiq edilsəydi bəlkə də müharibə olmazdı.
Digər məqama da aydınlıq gətirək. Məlumdur ki, hazırda Ermənistanın özündə daxili vəziyyət stabil deyil. Ölkədə son zamanlarda tez-tez hakimiyyət əleyhinə mitinqlər, etiraz aksiyaları keçirilir. Lakin nəzərə almaq lazımdır ki, bu, Ermənistanın daxili problemidir. Azərbaycanla sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası isə Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq beynəlxalq hüquqa uyğun, iki dövlət arasında həll edilməli olan məsələdir.
Mayın 22-də yenidən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə cənab Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirib. Görüşdə sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclasının dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacağı qərarlaşdırılıb. Həmçinin nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılıq əldə olunub. Eyni zamanda, sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə də razılıq əldə edilib.
Ümid edirik ki, Avropa İttifaqı bu dəfə əldə olunan razılaşmalara Ermənistan tərəfindən əməl edilməsinə daha ciddi diqqət yetirəcək. Bir daha vurğulayıram ki, Azərbaycan sülh danışıqları, sərhədlərin delimitasiyası ilə bağlı öz üzərinə götürdüyü bütün öhdəliklərə əməl edir. Biz sülhə sadiqik, məqsədimiz tez bir zamanda Cənubi Qafqazda sülhə və əməkdaşlığa nail olmaqla Qarabağın yenidən bərpasını ən yüksək səviyyədə tamamlamaqdır. Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizin tezliklə bu məqsədə də nail olacağına heç bir şübhəmiz yoxdur.
Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır