«Bu gün bütün dünyada müharibəyə baxış dəyişib. Dünya artıq böyük texnika və böyük ordularla yox, kiçik texnika və kiçik xüsusi təyinatlı qruplarla müharibəyə, pilotsuz uçuş aparatlarına üstünlük verməyə başlayıb. XXI əsr müharibə formatını ilk olaraq Azərbaycan 44 günlük müharibədə dünyaya uğurla nümayiş etdirdi. Qarabağ savaşında qısa müddətdə əldə olunan qələbədə PUA-ların müstəsna xidmətinin olması ,artıq , heç kimə sir deyil.
Azərbaycanın döyüş təcrübəsi və taktikası hələ də dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir.
Azərbaycanın istifadə etdiyi Türkiyə istehsalı «Bayraktar TB2»” zərbə PUA-sı, İsrail istehsalı «Harop» kamikadze dronu, habelə «Spayk» tankəleyhinə daşınabilən raket kompleksi döyüşlərdə ağır texnikanın, xüsusilə manevr qabiliyyəti mürəkkəb olan tankların effektivliyini sual altında qoyub. Belə ki, Azərbaycan Ordusundakı süni intellektli silahların vasitəsilə Ermənistan tanklarının mütləq əksəriyyəti məhv edilmiş və ya sıradan çıxarılmışdı. Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsində 366 tankın məhv edildiyini və ya qənimət kimi götürüldüyünü bildirərək burada «Bayraktar»ın rolunu da vurğulayıb: «Bayraktar TV2» PUA-ları düşməni vahiməyə salırdı, bu səbəbdən qənimət kimi götürdüyümüz tankların bir qismi qeyri-döyüş şəraitində əldə olunub.» Azərbaycan, Liviya, Suriya, indisə Ukraynada pilotsuz uçuş aparatlarının simasında süni intellektdən istifadənin nə dərəcədə əhəmiyyətli olması məlum olub.»
Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, tank kimi ağır texnikaların dövrü artıq bitib. Onun yerini artıq pilotsuz uçuş aparatları əvəzləyib. İkinci Qarabağ müharibəsi dövründə ölkəmizə səfər edən ukraynalı hərbi jurnalist Roman Boçkala bildirib: «Qarabağ müharibəsində müasir texnologiya, yeni müharibə üsulları mühüm rol oynayıb. Pilotsuz uçuş aparatları əla işləyirdi, dəqiq zərbələr endirilirdi. PUA-lar dünya mediasının diqqətini çəkdi, Azərbaycanın üstünlüyünü nümayiş etdirdi, çox böyük psixoloji təsir həyata keçirmiş oldu.»
Deputat vurğulayıb ki, çox sevindirici haldır ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26-29 mayda Bakıda ilk dəfə olaraq «TEKNOFEST Azərbaycan» Aerokosmik və Texnologiya Festivalı çərçivəsində «Smart Qarabağ» Hakatonu təşkil olunur. Bu isə Azərbyacan və Türkiyə qardaşlarının dünyaya güc və birlik mesajı deməkdir.
Xatırladaq ki, sözügedən festivalda Azərbaycan və Türkiyədən ümumilikdə 30 komanda final mərhələsinə vəsiqə qazanaraq mübarizəyə başlayır. 2018-ci ildən etibarən Türkiyədə, cari ildə isə, Azərbaycanda keçirilən festivalın məqsədi aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də, milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib