“28 May Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyevin Şərqi Zəngəzur səfəri, Zəngilanda "Ağıllı kənd" layihəsinin birinci mərhələsinin açılışını etməsi əslində regionda baş verənlərin qısa özətidir. Görünən odur ki, Azərbaycan siyasi iradə və qətiyyət nümayiş etdirərək postmüharibə dövrü üçün planlaşdırdığı bütün tədbirləri ardıcıl və intensiv şəkildə yerinə yetirməkdədir. Necə ki, müharibə dövrü, eləcə də postmüharibə reallığında da Bakının müəyyən etdiyi yol xəritəsinə nəinki maneə qalmayıb, əksinə, Prezident İlham Əliyev bütövlükdə bölgənin gündəmini diqtə edir.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

B.Məhərrəmov qeyd edib ki, cənab İlham Əliyev Ağalıkənddəki çıxışında da aydın formada bu reallığı ifadə edərək və proseslərin məhz Azərbaycanın istəyinə uyğun inkişaf etdiyini bəyan etdi: “Həqiqətən də istər sülh gündəliyi, istər sərhədlərin delimitasiyası, istər Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə birmənalı əks mövqe tutan Ermənistanın bu gün dəyişən yanaşması Azərbaycanın aşkar üstünlüyünün ifadəsidir. Cənab Prezidentin də ifadə etdiyi kimi, bu üstünlüyün kökündə hərbi gücümüz dayanır. O hərbi güc ki, müharibədən sonra, ötən il yarım ərzində yeni silahların alınması, silahlı qüvvələrin restrukturizasiyası hesabına qat-qat artıb.”
Deputat bildirib ki, Zəngilanda verilən bəyanatda nəzərə alınmalı olan digər mühüm məqam dövlət başçısının Ermənistanla sərhəddin bir neçə kilometrliyindən bu ölkədəki revanşistlərə xəbərdarlığı oldu: “Əslində bu xəbərdarlığı həm də Koçaryan Sarkisyan cütlüyünün ifşası hesab etmək olar. Cənab Prezident çıxışında ortaya mühüm reallıqlar qoydu. Birincisi, o revanşistlər hamısı müharibə zamanı qaçıb gizlənən fərarilərdir. İkincisi, Ermənilər bu revanşistlərə aldanıb baş qaldırsa Ermənistanın sonu olacaq. Ən nəhayət üçüncüsü, İrəvan ərazi iddialarına davam edərsə Azərbaycan da tarixi həqiqətlərə söykənərək daha ciddi arqumentlərə əsaslanıb əzəli Azərbaycan torpaqları olan İrəvana, Qərbi Zəngəzur və Göyçəyə iddia edə bilər.”
B.Məhərrəmov vurğulayıb ki, ümumiyyətlə, cənab İlham Əliyevin Zəngilandan verilən bəyanatlarını Brüssel görüşündən sonra proseslərin gedişatı ilə bağlı ümumiləşdirmə də hesab etmək olar: “Gəlinən nəticə isə bundan ibarətdir ki, zaman da, situasiya da Azərbaycanın lehinə işləməkdədir.”
Orxan Vahidoğlu,
“İki sahil”