" Zəngəzur dəhlizinin region ölkələri, türk dünyası üçün əhəmiyyətinin geniş təhlilə ehtiyacı yoxdur. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə, Orta Asiya və Avropa ilə birləşir. Yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Azərbaycan tərəfi daim bildirir ki, əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq, tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirsə, yeni reallıqlarla barışmalıdır. Bu gün işğaldan azad olunmuş kəndlərin, şəhərlərin infrastrukturunun, ekologiyasının bərpası planlı şəkildə icra olunur. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika məkanına çevriləcəyi günün yaxınlaşmasından xəbər verir. Hazırda Qarabağda ikinci böyük hava limanı olan Zəngilan aeroportu inşa olunur. Sözügedən hava Limanı Füzulidəki hava limanından sonra Qarabağda beynəlxalq statuslu ikinci aeroportdur. Daha bir hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Dövlət başçımız bu günlərdə Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri çərçivəsində Ağalı kəndinin sakinləri ilə görüşündə söylədiyi «Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq» fikirləri ilə bildirib ki, Azərbaycan sabitlik və təhlükəsizlik diyarıdır. Bunu artıq bütün dünya görür və bilir. Müstəqil olmasaydıq erməni işğalına son qoya bilməzdik."
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov «İki sahil»ə açıqlamasında bilidirib.
K.Bayramov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiq edilməsi də yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədini daşıyır: «Yeni iqtisadi rayonların sürətli inkişafı Vətən müharibəsində qazanılan Zəfərdən sonra formalaşmış obyektiv reallıqları özündə əks etdirir. Hazırda «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı» layihəsi üzərində iş gedir. Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi cəlbediciliyi həm daxili, həm də xarici investisiya yatırımları üçün geniş perspektivlər açır. Bu gün tariximizin ən böyük və ən qürurlu bərpa və yenidənqurma işlərini aparırıq. Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində bir neçə yüz kilometr uzunluğunda dövlət sərhədlərimizə tam nəzarəti müstəqillik tariximizdə ilk dəfə bərpa etmişik. Hərbi qüdrətimizin yüksək səviyyədə saxlanması da dövlətin prioritetləri sırasındadır.»
Deputat əlavə edib ki, artıq işğaldan azad olunan ərazilərimizin mövcud potensialını, xammal və təbii ehtiyatları, məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyə yaxın artacağı proqnozlaşdırılır. Bu, o deməkdir ki, çox qısa zamanda həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik. Ərazilərimizin işğaldan azad edilməsi həmin torpaqlara Böyük Qayıdışın və nəhəng quruculuq işlərinin başlanmasını zəruri edib. İşğaldan azad edilmiş ərazilərin potensialından maksimum səmərəli istifadə etmək qarşıya qoyulan əsas vəzifələrdən biridir.
K.Bayramov əlavə edib ki, Ermənistanla sərhədlərin müəyyən olunması avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var. Ermənistanın acınacaqlı vəziyyəti göz qabağındadır, bu vəziyyət onların işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan bu gün nə hərbi, nə siyasi, nə də iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz.
Şəmsiyyə Əliqızı, "İki sahil"