"Son 18 ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları 6000-ə yaxın məhkumu əhatə edib. Dövlət başçısının 28 May Müstəqillik Günü ilə bağlı növbəti əfv fərmanını təsdiqləməsi vətəndaşlara göstərdiyi böyük qayğıdan və humanizm prinsiplərindən qaynaqlanan bir siyasətin ortaya qoyulmasıdır. Azərbaycanda məhkumların əfv edilməsi - bağışlanması artıq ənənəyə çevrilib. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir."
Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev «İki sahil»ə açıqlamasında bildirib.
T.Rzayev qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 168 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad edilib. Bundan başqa azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
İndi hər bir Azərbaycan vətəndaşına bir daha məlum oldu ki, ulu öndər Heydər Əliyev siyasi xəttinin alternativi yoxdur. Artıq Azərbaycan humanizm prinsiplərinə sədaqətli olan demokratik ölkə kimi beynəlxalq aləmdə nüfuz qazanıb. Ölkə başçısı hər zaman vurğulayır ki, insan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Şübhəsiz ki, əfv olunan vətəndaşlarımız bu humanist aktdan düzgün nəticə çıxaracaq, dövlət və cəmiyyət qarşısında öz vətəndaşlıq borclarını dərk edəcək, qanunlara dönmədən əməl edəcək, Azərbaycanın davamlı və sabit inkişafına öz töhfəsini verəcəklər.
T. Rzayev vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq, siyasi sistemdə təkmilləşmənin, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə marağın şahidi olarıq. Bu, müstəqil dövlətimizin sivil, hüquqi dəyərlərə sadiqliyini əməli işi ilə sübut etdiyini təsdiqləyir. Demokratik cəmiyyətin varlığını şərtləndirən amillərin ölkəmizdə bərqərar olunması istiqamətində atılan addımlar daim beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən təqdir olunur.
Azadlığa çıxan şəxslər, habelə onları qarşılamağa gəlmiş yaxınları əfv olunmalarına və göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Bu Fərmanın verilməsinin həm ölkə vətəndaşlarına, həm də 28 May Müstəqillik Gününə böyük hörtmət olduğunu xüsusilə qeyd ediblər. Səhvindən səmimi peşmançılıq hissləri keçirən, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən məhkumların bağışlanması insanların ölkə rəhbərinə olan inamını daha da artırıb. İndi hər bir Azərbaycan vətəndaşına bir daha məlum oldu ki, Heydər Əliyev siyasi xəttinin alternativi yoxdur. Artıq Azərbaycan humanizm prinsiplərinə sədaqətli olan demokratik ölkə kimi beynəlxalq aləmdə nüfuz qazanıb.
Şəmsiyyə Əliqızı,
"İki sahil"