29 may 2022 17:30
951

Dövlət başçısının növbəti humanizmi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının qorunmasına daim xüsusi önəm verilir, bu sahədə mütərəqqi islahatlar aparılır, o cümlədən cəza-icra siyasəti humanistləşdirilir. Dövlət başçısı tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları, dövlətimizin humanist siyasətinin əyani təzahürüdür. Hətta COVİD-19 pandemiyası dövründə yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi  təkcə vətəndaşlarımız deyil, bir çox beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilir. 

Artıq ənənəvi xarakter daşıyan bu prosesin davamı olaraq mayın 27-də “28 May- Müstəqillik Günü” ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib. 

Ulu öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu dövründə həyata keçirdiyi humanizm siyasətinin vacib istiqamətlərindən biri də cinayət törətmiş, cinayətini etiraf etmiş və peşiman olmuş şəxslərə insanpərvərlik prinsipləri əsasında yanaşılması, onların əfv edilməsi, bağışlanması olub. Bu mühüm dövlətçilik xəttinin davam etdirilməsi, demokratik inkişafın əsas təməllərindən olan insan hüquqlarının və azadlıqlarının müdafiəsi, ölkə həyatında mərhəmət və humanizm prinsiplərinin bərqərar olunması möhtərəm Prezident cənab İlham Əliyevin də müəyyənləşdirdiyi ən mühüm istiqamətlərdəndir. Əlbəttə ki, burada Birinci vitse-prezident , Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolunu da qeyd etmək lazımdır. Onun təşəbbüsü ilə dəfələrlə amnistiya elan edilməsi barədə parlament qarşısında təşəbbüs qaldırmış və konkret qərar layihəsini təqdim etmişdi. 

Son 18 ildə Prezident 35 əfv sərəncamı imzalayıb. Milli həmrəyliyə istiqamətlənmiş bu humanist addımlar ümumilikdə indiyədək 10 minə yaxın şəxsi əhatə etmişdir.  2003-2021-ci illər ərzində Azərbaycanda həm də 4 dəfə amnistiya elan edilib. Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 11 aministiya aktı, 67 əfv sərəncamı imzalanmışdır. Əfv olunanların sayı 5672, amnistiyaya düşənlərin sayı 40412 nəfər olub. Yəni əfv və amnistiya aktları ümumilikdə 46084 məhkuma şamil edilmişdir.

Əlbəttə ki, bu Sərəncamın bir çox müsbət tərəfləri var və əxlaqi, mənəvi-psixoloji əhəmiyyət kəsb edir.  Təhlillər də göstərir ki,  əfv olunan insanın bir daha törətdiyi cinayəti təkrarlaması ehtimalı xeyli aşağı olur. O biri tərəfdən də belə amnistiya aktları digər məhkumlarda bir ümid yaradır, onlar çalışırlar ki, daha nümunəvi davranış sərgiləyir. Bu həm də vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amildir.

Dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Ümid edirik ki, dövlət başçısının humanist addımından bəhrələnən və yenidən azadlığa qovuşan insanlar cəmiyyət həyatında  fəal iştirak etməyə çalışacaq, ölkəmizin daha da güclü olmasına öz töhfələrini verəcəklər.

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor