01 iyun 2022 15:39
824

“İnformasiya çirkliliyi” və “reket jurnalistikası” problemlərindən necə qurtulmaq olar?

Söz və mətbuat azadlığından sui-istifadə cinayətkarlığa meyillilik yaradır

Bu gün ölkə mediasına ləkə gətirən bir çox «media nümayəndələri»nin qərəzli və şantajçı fəaliyyəti bəzi hallarda bu sahədə xaotik mənzərə yaradır. Bu isə cəmiyyətimizi nəinki  narahat edir, hətta söz və mətbuat azadlığının inkişafına ciddi əngəllər yaradır. Açıq etiraf edək ki, indi Azərbaycan media məkanında, əsasən də internet üzərindən fəaliyyət göstərən informasiya portallarında çalışanların heç də hamısı peşəkar deyillər. Məhz bu kimi portallar bir çox hallarda jurnalistikanın norma və prinsiplərinə uyğun şəkildə fəaliyyət göstərmək üçün deyil, şantaj və reketlik üçün yaradılırlar. Ona görə də hazırda media məkanımızda «informasiya çirkliliyi» və «reket jurnalistikası» problemləri var. Bu gün mediamızda jurnalistikanın peşə normalarına, prinsiplərinə uyğun gəlməyən, amma özünü jurnalist kimi təqdim edən kifayət qədər dələduz və şantajçılar da mövcuddur.  Hətta araşdırmalar nəticəsində məlum olub ki, şantaj jurnalistikası ilə məşğul olanların 90 faizi məhkum olunmuş, təhsili və savadı olmayanlardır. Onlar üçün sayt yaratmaq, internet televiziyası açmaq bir su içim qədər asandır. Cəzasızlıq mühitindən istifadə edərək insanların şərəf və ləyaqətlərini alçaldan bir xeyli internet televiziyaları var ki, onlar sözün əsl mənasında cinayətkarlığa meyillidirlər. Onların qarşısının alınması isə cəmiyyətin haqlı tələbidir. Çünki jurnalistikada söz və mətbuat azadlığından sui-istifadə cinayətkarlığa meyillilik yaradır.

Bu gün KİV-də islahatlar çərçivəsində «Media  haqqında» yeni Qanunun qəbul olunması ilə vahid jurnalist vəsiqələri məsələsi də gündəmə gəlib. Təbii ki, bu prosesdə inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən yararlanmaq olar. Məsələn, bir sıra Qərb ölkələrində o cümlədən qardaş Türkiyədə jurnalistlərə müəyyən imtiyazlar imkanı verən «sarı kart» sistemi mövcuddur. Yəni, jurnalistlər bu kartdan bəhrələnməklə müxtəlif sahələrdə güzəştlər əldə edirlər. Hətta bu kartlar şəxsiyyət vəsiqəsini də əvəz edəcək statusa malikdir. Bəzi ölkələrdə «vahid kart» sisteminin özü də bir neçə kateqoriyaya bölünür. Məsələn, Türkiyədə «Sarı», «Sürekli Basın Kartı» və «Basın Şeref Kartı» var. Bunlar isə qardaş ölkədə  Mətbuat Kartları Komissiyası tərəfindən verilir.

Ümumiyyətlə, vahid press-kartların müzakirəsi zamanı iki vacib məqam önəmlidir və inkişaf etmiş ölkələr bu təcrübədən yararlanırlar. Belə ki,  onlardan birincisi, həmin press-kartların beynəlxalq müstəvidə tanınmasıdır. Əgər bu qayda və prinsiplər bizim ölkəmizdə də tətbiq olunsa jurnalistlərimiz xarici ölkələrdə də həmin press- kartla rahat şəkildə fəaliyyət göstərə biləcəklər. Bu zaman onun hüquqları və peşə fəaliyyətindən irəli gələrək atacağı addımlar fəaliyyət göstərdiyi ölkə tərəfindən qorunur. Vahid jurnalist vəsiqələrinin verilməsi bizə peşəkarlıq meyarlarına cavab verən jurnalistlərimizi də fərqləndirmək imkanı verəcək. Arzu edirik ki, jurnalistikanın norma və prinsiplərinə uyğun şəkildə davranış nümayiş etdirən peşəkar media quruluşlarının əməkdaşlarına vahid press -kartların verilməsi prosesi sürətlənsin.

Təbii ki, media sahəsində nizam-intizam, peşəkarlıq prinsiplərini, səliqə-səhmanın yaranmasını istəyiriksə, ilk növbədə  KİV-in qeydiyyatı məsələsinə də diqqət yetirilməlidir. Bu gün rəsmi olaraq qeydiyyatdan keçmiş KİV sayı 6 minə yaxındır, ancaq real fəaliyyətdə olanların sayı bəlkə də heç heç 300-ə çatmır.

Jurnalistika spesifik sahə olduğundan məsələyə informasiya təhlükəsizliyi baxımından da yanaşmaq lazımdır. Eləcə də bloqqer fəaliyyəti qanunla tənzimlənməlidir. Bir sözlə, bu gün media sahəsində islahatlar davam edir və ölkədə media tənqidlərinə dözümlülük meyarları da hökm sürür. Ona görə də  faktiki olaraq Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilən jurnalist yoxdur.

Hazırda MEDİA Agentliyinin reket və böhtançı jurnalistikaya qarşı prinsipial təşəbbüslərinə və mübarizəsinə qarşı bəzi hallarda reket media mənsubları tərəfindən böhtan kampaniyası da təşkil edilir. Məqsəd müsbət tendensiyanın qarşısını almaq və islahatları ləkələməkdir. Hər cəhdlə dövlətin informasiya və media siyasətinə qarşı çıxan müxalifət və Qərbdən idarə olunan şəbəkənin media sahəsində anarxiya və xaos yaratmaq cəhdlərinin göstərilməsi isə peşəkar və obyektiv jurnalistlər tərəfindən qınanılır.

Elçin Zaman, "İki sahil"