Azərbaycan, onun müxtəlif şəhərləri və xüsusi ilə Bakı region üçün əhəmiyyəti artmaqda olan tədbirlərin keçirildiyi mərkəzdir. 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin qatıldığı Bakı Enerji Həftəsi növbəti mötəbər tədbirlərdən biridir. Özündə müxtəlif layihələri, o cümlədən, 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu ehtiva edən regionun ən böyük sənaye tədbiri həm Azərbaycan, həm region, həm də dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb edir.
Bu hər bir iştirakçı üçün vacib nəticələr yarada bilər. Onlardan biri enerji təhlükəsizliyi və enerji ehtiyatların şaxələndirilməsi istiqamətində aparılan müzakirələrin və dialoqun daha da gücləndirilməsidir. Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi zamanı öz çıxışında bu məsələ xüsusi ilə qeyd edərək bildirdi ki, “hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq”. Dövlət başçısının rəhbərliyi ilə görülən işlərin nəticəsində artıq Azərbaycanın müxtəlif istiqamətə uzanan 3 neft və 4 qaz boru kəməri mövcuddur. Ölkəmiz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırır. Bu şaxələndirilmiş ixrac marşrutları ilə yanaşı, yeni xətlər də nəzərdən keçirilir. Prezident İlham Əliyev bir daha Zəngəzur dəhlizinin fəaliyyəti, onun yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola biləcəyi haqqında fikirlərini qeyd etdi.
Tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli şəxsləri bir araya gətirir. İlk sərgi Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və o vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. Burada neft-qaz hasilatı, maşınqayırma sənayesi, geologiya, bütün sahələr üzrə ixtisaslaşmış şirkətlər öz pavilyonları ilə iştirak edir. Bundan başqa eyni zamanda sərgi çərçivəsində elektroenergetika və alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər də iştirak edir. I Beynəlxalq Sərgidə dünyanın 20 ölkəsindən 180-dək şirkət və firma iştirak etmişdir. Ənənəyə çevrilən bu sərgi sonuncu dəfə 2019-cu il 29 may-1 iyun tarixlərində baş tutmuşdur. COVID-19 Pandemiyası səbəbindən fasilə verən bu sərgi öz fəaliyyətini bu il bərpa etdi. Ümumiyyətlə, hər il sərgilərin keçirilməsi, ildən-ilə əhatə dairəsinin genişlənməsi, iştirakçıların sayının artması Ulu Öndər tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Azərbaycanın neft, enerji təhlükəsizliyi strategiyasının uğuru və təntənəsidir. Əlbəttə ki, bu gün əldə olunan nailiyyətlərdə bu tədbirlərin çox böyük rolu olmuşdur. Belə ki, o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox problemlərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin çox əhəmiyyətli rol oynayıb.
Ötən dövrdə Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və getdikcə sayı artan ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynamağa çalışır.
Ölkəmizə göstərilən pozitiv münasibətin əsasında bir sıra amillər dayanır. Bunlardan ən vacibi etibarlılıqdır. Azərbaycan özünü etibarlı tərəfdaş və partnyor kimi artıq sübut edib, üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Digər vacib məsələ isə Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında əldə olunmuş uğurlar, nəticələrdir. Və hazırda Vətən müharibəsini Qələbə ilə başa vuran Azərbaycan 30 ilə yaxın işğalda qalan tarixi ərazilərində nəhəng miqyaslı yenidənqurma işləri həyata keçirir. Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaqdır. Artıq Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir. Nəhəng potensial və təcrübə - bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib.
Bu il Azərbaycanda dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirildi. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il istifadəyə veriləcək bu iki stansiya böyük prosesin əvvəlidir. Cənab Prezidentin dediyi ki, ölkəmiz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindədir. Araşdırmalar da göstərir ki, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir. Bundan əlavə İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialının 9-10 min meqavat olduğunu hesab edilir.
Bu mərasimdə diqqəti çəkən məqamlardan biri də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanın ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktubun tədbir iştirakçılarının nəzərinə çatdırması oldu .Bu yaxınlarda ABŞ və Azərbaycanın Respublikası arasında qurulmuş diplomatik münasibətlərin 30 ili tamam oldu. ABŞ-ın ötən dövrdə və bu gün də Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir. Məktubda bir neçə önəmli məsələ öz əksini tapmışdır. Bunlardan biri də Prezident İlham Əliyevin Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, vətəndaşların yaşayış standartlarının yüksəldilməsi istiqamətində davamlı addımlarının alqışlanmasıdır. Ölkə başçısı tərəfindən həyata keçirilən, siyasi, iqtisadi, sosial, hüquqi islahatlar və onların nəticələri həm ölkə daxilində, həm də ölkədən kənarda yüksək qiymətləndirilir, Azərbaycanın nüfuzunu artırır. Enerji təhlükəsizliyinin təmin edilməsində şaxələndirmənin eləcə də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında Azərbaycanın mühüm rolu vurğulanır. Bütün bunlar bir dah göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü balanslı siyasət, strateji hədəf və məqsədlərə nail olmaq üçün həyata keçirdiyi praqmatik və çevik siyasət, qəbul olunan qərarlar ölkəmizin iqtisadi, siyasi nüfuzunu artırmaqla yanaşı, region və dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında iştirakını, mövqeyini daha da gücləndirir.
Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor