Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən 28 may – Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib və ziyafət təşkil olunub.
Səfirlikdən “İki sahil”ə verilən xəbərə görə, tədbir Berlində yeni istifadəyə verilmiş Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində baş tutub.
Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov bildirib ki, bu tarix hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Səfir Azərbaycan Demokratik Respublikasının cəmi 2 il fəaliyyət göstərməsinə baxmayaraq bir çox nailiyyətlərə imza atdığını, o cümlədən hələ 1918-ci ildə parlamentarizmi tətbiq etdiyini, qadınlar və milli azlıqlar üçün seçki və digər hüquqları tanıdığını vurğulayıb. Həsənov həmçinin, 1991-ci ildə Azərbaycan xalqının öz müstəqilliyini bərpa etdiyini, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yeni inkişaf yoluna qədəm qoyduğunu qeyd edib. Əlavə edib ki, məhz bu dövrdə Azərbaycanın milli dövlət quruculuğuna və cəmiyyətin bütün sahələrini əhatə edən islahatlara başlanılıb və müasir inkişaf strategiyası müəyyən edilib.
Səfir bildirib ki, sözügedən uzaqgörən siyasət nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Səfir Mədəniyyət Mərkəzinin Azərbaycan mədəniyyətinin ölkə daxilində və xaricində fədakar təbliğatçısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında və Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə təsis edildiyini bildirib.
Ramin Həsənov Mədəniyyət Mərkəzinin Şuşa İli ərzində bir çox maraqlı mədəni tədbirlərə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberq AFR hökuməti adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik nitqi səsləndirib və çıxışında Azərbaycan-Almaniya münasibətlərinə nəzər salıb.
Tədbirin rəsmi hissəsinin başa çatmasından sonra Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında kamera orkestrinin ifasında azərbaycanlı bəstəkarların, eləcə də alman klassiklərinin əsərləri səsləndirilib.
Konsertdən sonra 28 may – Müstəqillik Günü münasibətilə təşkil olunmuş ziyafət zamanı iştirakçılara Azərbaycanın mədəniyyətini, mətbəxini, turizm potensialını, ölkəmizdə sərmayə imkanlarını təbliğ və təşviq edən çoxsaylı kliplər nümayiş etdirilib.
Tədbirdə Bundestaq deputatları, Almaniyanın dövlət qurumlarının, ictimai-siyasi, elmi, mədəni dairələrinin, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Almaniyadakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.