04 iyun 2022 12:57
859

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verən ölkədir

Müsahibimiz Milli Məclisin deputatı Vüqar Bayramovdur

- Vüqar müəllim, Azərbaycanda keçirilən 27-ci  Beynəlxalq Xəzər  Neft və Qaz Sərgisinin ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirmək olar?

-  Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan enerji siyaasətinə uyğun olaraq reallaşan bir tədbirdir. 1994-cü ildə Azərbacanın makroiqtisadi göstəriciləri tamamilə fərqli idi və o zamanlar Ulu Öndər tərəfindən həyata keçirilən uzaqgörən siyasət həm “Əsrin müqaviləsi”nin imzalanmasına, həm də ölkə iqtisadiyyatı üçün mühüm rol oynayacaq enerji siyasətinin formalaşmasına imkan verdi. Artıq 2000-ci ilin ortalarında Azərbaycan daha çox neft  hasil edən ölkəyə çevrildi.  Daha sonra Azərbaycan mavi qaz ixrac edən ölkəyə çevrildi. Nəticədə Bakı Enerji Həftəsinə yanaşma dəyişdi. Təbii ki, indi Azərbaycan istər geosiyasi, istərsə də geoiqtisadi baxımdan regionda xüsusi mövqeyi olan bir ölkədir.  Qeyd edim ki, Bakı Enerji Həftəsi Xəzəryanı regionda enerji üzrə həyata keçirilən ən böyük tədbirdir. Sərgidə 250-yə yaxın şirkət iştirak edir. Onların böyük bir qismi aparıcı şirkətlərdir. Biz fərqli coğrafi mövqedə yerləşən, amma eyni zamanda, enerji məhsullarının istehsalı üzrə ixtisaslaşmış şirkətlərin sərgidə iştirakını müşahidə etdik. Azərbaycan üçün bu cür beynəlxalq tədbirlərin keçirilməsi olduqca vacibdir. Çünki ölkəmiz həm öz potensialını təqdim edir, həm də biz regiondakı mövqeyimizi bu sərgilər vasitəsilə təqdim etmək imkanı əldə edirik. Nəzərə alsaq ki, bu yaxınlarda ABŞ Prezidenti Cozef Baydenin ölkə başçısı İlham Əliyevə ünvanladığı məktubda da Azərbaycanın regionun, bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusilə vurğulanmışdı,  təbii ki, neft və qaz sərgisi, eyni zamanda, enerji həftəsi burada iştirak edən şirkətlərin bir-birilərini daha yaxından tanımaq, məhsullarını təqdim etmək və yeni razılaşmalar baxımından da mühüm əhəmiyyət kəsb edir. Makroiqtisadiyyata nəzər salsaq Azərbaycan sözügedən tədbir vasitəsilə öz potensialını təqdim edir. Mikro səviyyədə bu, həm də Azərbaycanı təmsil edən şirkətlər üçün yeni anlaşma imkanlarıdır.

- Sərginin açılış mərasimində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinədki rolu xüsusi vurğulandı. Bu istiqamətdə hansı yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur?

- Azərbaycan uzun müddətdir ki, Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verən ölkədir. “Əsrin müqqviləsi” çərçivəsində Azərbaycan Avropaya öz neft məhsullarını ixrac etdi. Xam neftin Bakı- Tibilisi- Ceyhan xətti ilə ixracı həyata keçirildi. Bu, da davam edir. Həm də yeni dönəmdə təbii qaz və enerji təhlükəsizliyinə, xüsusilə də təbii qaz idxalına yanaşma da fərqlidir. Azərbaycan öz təbii qazını  2020-ci ilin sonundan etibarən artıq Avropaya çıxarır. 2021-ci ildə  Azərbaycan  43,9 milyard kubmetr təbii qaz hasil edib. Ötən il biz 19 milyard kubmetr mavi qazı ixrac etmişik. İxrac  etdiyimiz mavi qazın  təxminən 8,5 milyard kubmetrindən bir az artıq hissəsi Avropaya, digər hissəsi isə Türkiyə və Gürcüstana ixrac olunub. Avropaya 2022-ci ildə Azərbaycan 10 milyard kubmetrdən artıq mavi qaz nəql edəcək. Bütövlükdə Azərbaycanın 2022- ci ildə ixrac etdiyi mavi qazın həcmi 21 milyard kubmetrə qədər yüksələcək. Təbii ki, hasilatda da artımlar davam edir. 2021- ci ildə Azərbaycanın mavi qaz hasilatı 2018- ci il ilə müqayisədə 2,5 dəfə çox olub. Eyni zamanda, 2021-ci ildə Azərbaycanın mavi qaz ixracatı 2018-ci il ilə müqayisədə 2 dəfə çox olub. Bu ilin ilk 3 ayında Azərbaycanın Avropa İttifaqına mavi qaz ixracatı 2,5 dəfə artıb. Rəqəmlərin müqayisəsi və mövcud tendensiyanın dəyişməsi ondan xəbər  verir ki, Azərbaycan daha çox mavi qaz və enerji resursları hasil edir və biz bu kontekstdən daha çox ixrac potensialına və imkanlara malikdir. Avropa İttifaqı Azərbaycandan daha çox təbii qaz almaq niyyətindədir. Aİ-yə üzv olan ölkələrin rəhbərlərinin Brüsseldə mayın 31-i və iyunun 1-də keçirilən son görüşündə əsas müzakirə mövzusu Rusiyadan enerji məhsullarının idxalının azaldılması idi. Bununla bağlı Brüsseldə razılıq əldə olundu. İlin sonuna qədər Aİ Rusiya neftinin idxalını 92 faiz azaldacaq. Mavi qazla bağlı artıq diversifikasiya baxımından fərqli yanaşma var. Çünki Aİ-nin ümumi neft ixracatında Rusiyanın  payı 27 faizdir. Ümumi qaz idxalında Rusiyanın payı 40 faizdir. Həm də Rusiya mavi qazın ödənişini rubl ilə tələb etdiyi üçün artıq Aİ-də bir sıra ölkələr Rusiya qazını ala bilmirlər. Bu kontekstdə Avropa Azərbaycandan daha çox mavi qaz almaq niyyətindədir. Cənab Prezident də çıxışında xüsusilə qeyd etdi ki, daha çox qaz hasil edilməsi və qaz ixracatının reallaşması üçün müqavilələrə ehtiyac var. Cənub Qaz Dəhlizinin birinci fazasında Azərbaycandan Avropaya 10 milyard kubmetr mavi  qazın nəql edilməsi nəzərdə tutulur. İkinci fazada isə 20 milyard kubmetr qaz nəql ediləcək. Bütövlükdə isə 31,5 kubmetr mavi qazın Avropaya çıxarılması nəzərdə tutulur. Rəqəmlər onu deməyə əsas verir ki, ixrac artır, hədəflər yüksəkdir. İkinci mərhələdə Azərbaycan daha qısa müddətdə  20 milyard kubmetr mavi qazın Avropa bazarlarına çıxarılması təmin edə biləcək. Avropa təbii ki, daha çox mavi qaz istəyir.Bunun üçün də yeni müqavilələrə, sərmayəyə ehtiyac var. “Şahdəniz – 2” qaz yataqları baxımından zəngindir. Abşeron yataqları bütövlükdə qaz ehtiyatı baxımından zəngin yataqlarımızdan biridir. Onların ixracı yeni müqavilələrə ehtiyac var. Bu da bir daha sübut edir ki, Azərbaycan Avropa ilə əməkdaşlıq üçün yeni layihələr həyata keçirmək potensialına malikdir. 

- Vüqar müəllim, ölkə başçısı İlham Əliyev 27-ci Xəzər Beynəlxalq Neft və Xəzər Sərgisinin rəsmi açılış mərasimindəki  çıxışında alternativ enerji mənbələrinə xüsusi diqqət ayırdı. Azərbaycanın bu sahədəki potensialını necə qiymətləndirirsiniz?

- Altrenativ enerji həm Azərbaycan, həm region, həm də Avropa üçün vacib istiqamətlərdəndir. Azərbaycan alternativ enerjinin ümumi istehlakda payını artırmaqda maraqlı olan və bunu konkret olaraq hədəfləyən ölkələrdəndir. Qarabağ və Şərgi Zəngəzurun böyük alternativ enerji istehsalı baxımından potensialı var. Son aylar xüsusilə də körfəz ölkələrini təmsil edən ölkələrin şirkətlərinin sərmayəsi hesabına yeni təməlqoyma mərasimləri keçirildi, investisiya layihələrinin icrasına başlandı. Qarabağ və Şərqi Zəngəzurda aparıcı şirkətlərin , eləcə də beynəlxalq qurumların cəlb edilməsi həyata keçiriləcək. Bu da praktiki olaraq daha çox alternativ enerjinin istehsal edilməsi mənasına gəlir. Bu baxımdan da istehsal imkanları kifayət qədər genişdir. İstehlakda da alternativ enerjinin payının artırılması potensialı var. Bakıda külək, günəş enerjisi, Qarabağda günəş, su, külək enerjisinin potensialı var. Bütün bunlar imkan verir ki, “yaşıl iqtisadiyyat”a keçid sürətlənsin. Yalnız Qarabağ və Şərqi Zəngəzurda deyil, digər bölgələrimizdə də “yaşıl iqtisasiyyat” prinsiplərinə uyğun iqtisadiyyat formalaşsın. Alternativ enerjidən daha çox istifadə olunması həm də qaz istehlakı və ixracı baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan üçün hədəf növbəti illərdə alternativ enerji mənbələrindən əldə edilən enerjinin ümumi istehlakdakı payının 20 faizə qədər çatdırılmasıdır. Bu istiqamətdə siyasi iradə var və yeni layihələr reallaşır.

Nilufər Mustafaqızı, “İki sahil”