08 iyun 2022 18:24
725

XİN Ermənistan Baş prokurorunun Azərbaycan ərazilərinə qanunsuz səfərinə münasibət bildirib

8 iyun 2022-ci il tarixində Ermənistanın Baş prokuroru Azərbaycan Respublikasının ərazisinə qanunsuz səfər edərək, qondarma qurumun “nümayəndəsi” ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki,  XİN-dən verilən xəbərə görə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan bu addım beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmaqla yanaşı, post-münaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşmasına, o cümlədən bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində göstərilən səylərə ciddi xələl gətirir.

Ermənistan tərəfinin bu məsuliyyətsiz və təxribatçı addımı, bu ölkənin normallaşma prosesində səmimi olmadığını, o cümlədən beynəlxalq vasitəçilərin səylərinə kölgə saldığını bir daha nümayiş etdirir.

Vurğulamaq istərdik ki, bu təxribatçı addımın bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.