Müsahibimiz Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovdur
- Sadiq müəllim, iki illik fasilədən sonra bərpa olunan Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin xüsusi sessiyasının Şuşada keçirilməsi özündə hansı məqamları ehtiva etdi?
- Ötən həftə hər bir azərbaycanlının bir vətəndaş kimi qəlbində fəxr edə biləcəyi bir həftə kimi yadda qaldı. Bu sərgi həm pandemiyadan sonra yaranan mühitin sevinci həm də Azərbaycanın nüfuzunun göstəricisi idi. Sonda Şuşada böyük şirkətlərlə yeni müqavilələrin imzalanması və əvvəlki sazişlərə əlavələrin olması ölkəmizin gələcək inkişafında böyük imkanlar açır. Orada “Şəfəq” adlı Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı yeni müqavilənin imzalanması, eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin “Mastar” şirkəti ilə yeni enerji layihələrinin icrası ilə bağlı müqavilələrin imzalanması da Azərbaycanın bütövlükdə həyatında yeni bir yoldur. Bunun müstəsna əhəmiyyətlərindən biri də ondan ibarətdir ki, dünyanın 20-dən artıq ölkəsindən 249 nümayəndənin canlı iştirakı və dünyanın bu gün enerjiyə tələbatının artdığı dövrdə bütün bu şirkətlərin, dövlətlərin gözlərinin Azərbaycanda olması təbii ki, bizim enerji siyasətimizin doğru qurulmasının bariz nümunəsidir.
- Tarixi Zəfərimizin yaratdığı reallıqlar gələcəkdə enerji sektorunda hansı yeniliklərə yol açacaq?
- Qırx dörd günlük müharibəsi bütün dünyaya bir daha sübut etdi ki, biz nə qədər ədalət istəsək də ədalət gücdə imiş. Azərbaycan öz gücünü nümayiş etdirdi bu müharibə ilə. Amma bu möhtəşəm Qələbənin ərsəyə gəlməsində bizim vaxtında yarada bildiyimiz enerji siyasətimizin mühüm rolu oldu. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışından sonra yürütdüyü siyasətin böyüklüyü onda idi ki, O, birinci müharibəni dayandırdı. Neft sazizşlərinin imzalanmasına nail oldu - Azərbaycanda siyasi hərc-mərcliyin getdiyi, xaos, iqtisadi geriləmənin hökm sürdüyü çətin zamanda ölkəyə rəhbərlik etməyə başlayan Heydər Əliyev Azərbaycana investisiya qoyulması prosesini əsas prioritetlərdən biri halına gətirdi. Bundan sonra dünyada Azərbaycana maraq artdı. Çünki Azərbaycan öz prioritetlərini müəyyənləşdirmişdi. Ölkəmizdə 3, 5 illik proqramlar icra edilməyə başlandı. Bu proqramlar həm əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edirdi, həm də torpaqlarımızın işğaldan azad olunmasına yönəlik proqramlar idi. Ən əsası ondan ibarət idi ki, Azərbaycan dünyada etibarlı tərəfdaşa çevrildi. Cənab Prezidentin də vurğuladığı kimi, “Sözümüz imzamızdır.” Müharibə bitəndən sonra qısa müddətdə ermənilərin viran qoyduqları torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işləri, yeni infrastruktur layihələrinin icrası onu göstərdi ki, biz yerimizdə dayanmağı düşünmürük. Biz dünyanın bütün çağırışlarına cavab veririk. Azərbaycanla tərəfdaş olmaq bu gün başqa dövlətlər üçün prioritet hesab olunur. Azərbaycanda hazırda əldə olunan gəlirin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində mühüm işlər görülür. Bu səbəbdəndir ki, dünyanın bir çox qabaqcıl ölkələri Azərbaycanla hesablaşırlar və tərəfdaşlıq üçün can atırlar.
- Sadiq müəllim, Azərbaycan artıq alternativ enerji mənbələrinə xüsusi əhəmiyyət verir. Günümüzün aktual məsələlərindən biri də Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsidir. Enerji həftəsi bu sahədə hansı əlaqələrin qurulmasını zərurətə çevirdi?
- Azərbaycanın həyata keçirdiyi uğurlu enerji siaysəti xalqımızın gələcəyinə hesablanmışdır. Cənab Prezidentimizin uzaqgörənliyi nəticəsində biz “yaşıl enerji”yə keçidi artıq təmin etməyə başlamışıq. Bu addımlardan biri BP şirkəti ilə Cəbrayılda 200 meqavatlıq Günəş Elektrik Stansiyasının inşasıdır. 2023-cü ildə bu stansiya artıq istismara veriləcək. “Mastar” şirkəti ilə də imzalanan müqavilə və layihənin 2023-cü ildə fəaliyyətə başlayacağı hələ bu sahədə görüləcək işlərin başlanğıcı kimi qiymətləndirilir. Quruda 1 geqavat günəş, 1 geqavat külək enerjisinin potensialının olması yüksək qiymətləndirilir. Kəlbəcərdə, Laçında alternativ enerji layihələri həyata keçiriləcək. “Mastar” şirkətinin bu gün bütövlükdə 50 geqavat gücündə ümumi enerji istehsalı var. Bunun da gələcəkdə 100 geqavata qaldırılması planlaşdırılır. Təbii ki, Azərbaycan bu gün enerji təhlükəsizliyində müstəsna rol oynayır. Bir çox ölkələr əvvəllər enerji şaxələndirilməsi və enerji təhlükəsizliyində Azərbaycanın rolunu doğru dəyərləndirmirdilər. Ancaq bizim bu gün başladığımız bu işi artıq dünya dəstəkləyir. ABŞ, həmçinin İngiltərə xüsusi olaraq bu layihələrin tərəfdaşlarıdırlar və bizə daim dəstək olurlar. Azərbaycanın bu gün ənənəvi enerji resurslarından istifadə etməklə yeni növ enerji istehsalına başlaması, eyni zamanda, bizim qaz ixracımızı artıracaq. Dayanıqlı inkişaf məqsədlərində dünyanın ümumi məqsədlərindən biri bərpaolunan enerjinin alternativ enerjidən istifadənin zəruriliyini ortaya qoyur. İkinci bir məsələ bu gün dünyada gedən proseslərlə bağlıdır. Ukrayna- Rusiya münasibətlərindən doğan Avropanın enerji təhlükəsizliyinə vurulan fəsadları analiz etsək görərik ki, bu gün Azərbaycanın enerji şaxələndirilməsindəki xidmətləri nə dərəcədə böyük rol oynayır. Keçən il 22 milyard kubmetr təbii qaz ixrac etmişik. Bu il bu rəqəmin 24 milyard kubmetrə qaldırılacağı nəzərdə tutulur. Bizim boru kəmərimiz 10 milyard kubmetr həcmində buraxılışa hesablanıbsa bu gün onun genişləndirilməsi haqqında düşünülür. Bu sahədə sürətlə aparılan işlər onu deməyə əsas verir ki, Azərbaycanla tərəfdaşlıq edən ölkələr nəinki ənənəvi enerji resurslarından, eləcə də alternativ enerji mənbələrindən alınan enerjiyə də ehtiyac duyacaqlar. Azərbaycan da bu potensialı yüksək səviyyədə qiymətləndirəcək və öz işini bu istiqamətdə quracaq.
Nilufər Mustafaqızı, “İki sahil”