«1993-cü ilin 15 iyun tarixi xalqımızın yaddaşına əsl Qurtuluş tarixi kimi yazılıb. Bu tarixi yaradan isə ulu öndər Heydər Əliyevdir. “Müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir” tezisi də məhz həmin dövrün reallıqları əsasında formalaşaraq bugünkü günümüzdə atılan addımların əsasında dayanır. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Əgər hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış ölkəsindən ən qabaqcıl respublikasına çevirmişdisə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirərək ölkəmizi, müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi.»
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaratmışdı. Müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, hakimiyyət hərisliyi, ən əsası şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ölkədə hakimiyyət böhranını kulminasiya həddinə çatdıdı, xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran respublikanı bürüdü. Vətəndaş müharibəsi yaşanaraq qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi, milli varlığımızı belə hədəfə aldı. 1991-ci ildən 1993-cü ilin iyununadək olan dövr Azərbaycanın müasir tarixində hərc-mərclik, xaos, özbaşınalıq dövrü kimi xarakterizə olunur. Ölkədə vətəndaş müharibəsi üçün ziddi zəminin yarandığı bir vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar, son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. O zaman Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını öz üzərinə götürən ulu öndər Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib, vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. «Mənim həyatım da, fəaliyyətim də, yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”» – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və inkişafın təməllərini qoymağa nail oldu.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başladı. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş Günü kimi daxil oldu. Bu tarixi gün 1998-ci ildən etibarən dövlət səviyyəsində qeyd olunur.
Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb, yox olmaq təhlükəsindən qurtarmasında idi.
K.Bayramov vurğulayıb ki, Ulu Öndər Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atıldı. Dahi şəxsiyyətin iqtisadiyyatımızın inkişafında neft amilinə önəm verməsi, onun uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə olundu. Bu mühüm addım ölkədə sabitliyin yaradılmasında mühüm amilə çevrildi. Elə həmin il sentyabrın 20-də «Əsrin müqaviləsi» kimi yadda qalan tarixi neft sazişi imzalandı. Bununla da, Azərbaycanın dayanıqlı inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Ümummilli Liderin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edilərək, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.
Deputat xüsusi olaraq qeyd edib ki, bugünkü Azərbaycan Ümummilli Liderimizin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz, Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi, xüsusən, misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən hələ də öyrənilməkdədir. Bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Yeni əsrin yeni lideri İlham Əliyev bu 19 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də, hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirib. Məhz, bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər qürurlu günlər olmayıb. Beləliklə, xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında qələbə qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrilib. Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.