15 iyun 2022 09:39
1021

Azərbaycana uğur gətirən siyasət

Heydər Əliyevin 14 iyul 1969-cu ildə birinci dəfə respublikamızda siyasi hakimiyyətə gəlməsi xalqımızın tarixi taleyində misilsiz rol oynadı. Onun həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrildi. Azərbaycanda gedən prosesləri analiz edən istənilən siyasi ekspert qeyd edir ki, həmin illərdə ölkə birmənalı şəkildə bütün istiqamətləri üzrə müstəqilliyə hazırlanırdı. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndər Heydər Əliyev demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.

Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri, sonra Moskvada yüksək vəzifələrdə olanda, o elə bir şəxsiyyət idi ki, Azərbaycana olan hücumların qarşısını ala bilirdi. Ona görə Azərbaycanı istəməyən qüvvələr daimi çalışırdılar ki, Heydər Əliyev vəzifədən getsin və sonra respublikamıza qarşı öz pis niyyətlərini həyata keçirsinlər. Bu qüvvələr birinci növbədə mənfur qonşularımız olan ermənilər, digər erməni xislətlilər və milli satqınlar idi. Bütün bu ünsürlər başda Muxail Qorbaçov olmaqla 1987-ci ilin oktyabrında Heydər Əliyevin istefasına nail oldular.

İstefadan çox qısa müddət sonra Qorbaçovun müşaviri olan erməni Aqanbekyan Fransanın “Humanite” qəzetinə müsahibəsində bildirdi ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılmalıdır və Ermənistana verilməlidir. Və bildirdi ki, mənim bu məsələ ilə əlaqədar Qorbaçovla söhbətim olub. Elə özü də bilmədən büruzə verdi ki, bu işin arxasında Mixail Qorbaçov durur. Ondan sonra məlum hadisələr başladı.                                                                                                                     

Mən bəzən fikirləşirəm ki, bəlkə də Azərbaycan xalqının belə görkəmli oğluna qarşı kampaniyada milli satqınlarımızın iştirakına görə Allah bizi cəzalandırdı və başımıza belə faciələr gəldi.

Məlumdur ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın digər ərazilərinə qoşun yeridildi və böyük qırğınlar oldu. O vaxt istefada olan Heydər Əliyev səhhətinin pis olmasına baxmayaraq övladları ilə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verdi və bu hadisələrdə əsas günahkar kimi o vaxtkı respublika və SSRİ rəhbərliyini, birinci növbədə Qorbaçovu göstərdi. Bu, həqiqətən də belə idi və 20 Yanvar qırğınına verilmiş birinci siyasi qiymət idi.

Bu hadisədən sonra məlumdur ki, Ulu Öndərimizə qarşı çox böyük hücumlar başladı. Mən o vaxt Elmlər Akademiyasında çalışırdım. Bizim kollektiv çox maraqlı elmi tədqiqatlar aparırdı. Heç düşünmürdük ki, nə vaxtsa siyasi fəaliyyətə başlayacağıq.

Kollektivimizin adından Heydər Əliyevə qarşı aparılan çirkin kampaniyaya öz kəskin etirazımızı bildirirdik. Əvvəllər bu müraciətləri Bakıdan göndərirdik, lakin başa düşdük ki, müraciətlər heç vaxt öz ünvanına çatdırılmır. Odur ki, məcbur olub Moskvadan göndərməyə başladıq. Mən birdən o vaxtkı SSRİ-nin tanınmış ictimai, siyasi xadimlərinə, dövlət qurumlarına 10,15 teleqram göndərirdim. Teleqramlarda o vaxtkı respublika və SSRİ rəhbərliyini ittiham edirdik. Heydər Əliyevin gördüyü işləri göstərərək ona qarşı aparılan kampaniyaya öz kəskin etirazımızı bildirirdik.

Mən o dövrdə Heydər Əliyevin əleyhinə yazı dərc edən qəzetlərin redaksiyasına gedərək hazırladığımız cavabları təqdim edirdim danışırdım amma cavabları dərc etmirdilər.

Yadımdadır, “İzvestiya” qəzetinin əlavəsi olan “Nedelya” qəzetində Heydər Əliyevin əleyhinə çox həqiqətə uyğun olmayan yazı dərc etmişdilər. Mən o qəzetin redaktorunun müavinin yanında oldum. Kəskin söhbətimiz oldu. Hazırladığımız cavabı təqdim etdim və bildirdim ki, siz demokratiyadan, aşkarlıqdan danışırsınız, əgər belədirsə, bizim cavablarımızı da dərc edin. Dedi baxacağıq, amma dərc etmədilər. Biz bir dəfə Moskvada olanda Cəlal müəllim “İzvestiya” qəzetinin baş redaktorunun 1-ci müavininin telefonunu tapıb ona zəng etdi. Özünü təqdim etdi ki, mən Heydər Əliyev qardaşıyam - akademik Cəlal Əliyev. Dedi ki, mən Moskvadayam. “Nedelya” qəzetində dərc olunan Heydər Əliyevin haqqında olan yazıya etirazımı bildirirəm. İstərdim ki, redaksiyaya gəlim bizim cavabımızı təqdim edim və onu dərc edəsiniz. Söhbət əsnasında o, nə dedisə Cəlal müəllim bərk hirsləndi və müavinə layiq olduğu sözləri dedi, telefonu qapatdı.

Biz Moskvada olanda xarici agentliklərin və qəzetlərin Moskvadakı nümayəndəlikləri ilə də əlaqə yaratmağa çalışırdıq. Bir dəfə “Asoşeytid Press” ağentliyinin nümayəndəsi ilə danışdıq. Biz ona xeyli material, o cümlədən dərc olunmayan müraciətlərimizi təqdim etdik.

Cəlal müəllim Heydər Əliyevə qarşı aparılan çirkin kampaniyaya etirazını bildirmək məqsədilə Moskvada Dövlət Təhlükəsizlik Komitəsi sədrinin 1-ci müavini ilə görüşdü.

Bir epizod deyim. Biz Cəlal müəllimlə 1990-cı ildə Minskdə ümumittifaq konfransında iştirak edirdik. Axşam mehmanxanada olarkən Moskvadan xəbərlər proqramı başladı. Aparıcı Tatyana Mitkova anons verdi ki, bu gün sabiq Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Qorbaçovun apardığı siyasəti kəskin tənqid edib. Və sonra ətraflı məlumat verdi. Bu xəbərdən Cəlal müəllim ruhlandı və biz xeylı söhbət etdik. O birdən dedi ki, siz elə bilirsiniz ki, mən qardaşım olduğuna görə Heydər Əliyevi müdafiə edirəm. Əsla yox. O, mənə tamamilə yad bir adam olsaydı belə yenə onu müdafiə edərdim. Çünki mən bilirəm o, necə böyük şəxsiyyətdir və Azərbaycan üçün hansı işləri görüb.

O dövrdə həm Bakıda, həm də getdiyimiz digər şəhərlərdə bu istiqamətdə fəaliyyətimiz çox olub.

Heydər Əliyev 1990-cı ilin iyul ayının 20-də çətinliklə də olsa Moskvadan Bakıya gəldi. O vaxt respublikada vəziyyət çox gərgin idi. Artıq Qarabağ məsələsi qızışmışdı. Ermənistandan bizim soydaşlarımızı qovurdular, öldürürdülər. Belə bir məqamda Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədilər. Məcbur olub Naxçıvana getdi. Naxçıvanlılar da sağ olsunlar, Onu qorudular. Orada olan mühit, hava onu sağlamlaşdırdı. Onun o dövrdə Naxçıvanda olmasının Naxçıvana, eləcə də Azərbaycana da çox xeyri oldu. O Naxçıvanı qorudu, saxladı. Türkiyə ilə, İranla əlaqə yaratdı, onlar da öz köməkliklərini əsirgəmədilər.

Ulu Öndər Naxçıvandan həm Azərbaycan Ali Sovetinə, həm də Naxçıvan Ali Məclisinə deputat seçildi. Xalqın tələbi ilə 1991-ci ilin sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçildi.

1991-ci ilin martın 7-də Ali Sovetin sessiyasında Heydər Əliyev çox konseptual bir çıxış edirdi. Çox təəssüf ki, ona imkan vermədilər axıra qədər çıxışını başa çatdırsın. Vaxtilə çörək verdiyi, vəzifələrə qoyduğu insanlar rəhbərliyin tapşırığı ilə ayaqlarını yerə döyürdülər, səs-küy salırdılar. Yaramaz bir hərəkət edirdilər.

Mən martın 9-da Ulu Öndərimizlə görüşdüm. 3 saata yaxın söhbətimz oldu. Söhbətimiz çox səmimi alındı. Bu böyük insan elə şərait yaratdı ki, elə bil biz çox uzun illər ünsiyyətdə olmuşuq. Düzdür, Moskvada olanda Onunla telefon danışığımız olmuşdu. Amma bu üzbəüz birinci görüşümüz idi.

Görüşümüzdə O, Ali Sovetdəki çıxışına da toxundu. Dedi ki, mən çıxışımda respublikanın bu ağır vəziyyətdən çıxarılması, müstəqilliyimizin möhkəmləndirilməsi, əbədi etdirilməsi, Qarabağın qorunması yollarından danışırdım, amma imkan vermədilər. Sonda Ulu Öndərimiz mənə üzərində öz xətti ilə düzəlişlər etdiyi çıxışını verdi və dedi oxu və təbliğ elə. Mən bu çıxışın nüsxəsini çıxardaraq yaydım və əslini qiymətli bir sənəd kimi bu gün də saxlayıram.

Heydər Əliyevin 1990-cı ilin 20 Yanvar faciəsi ilə əlaqədar Moskvada Azərbaycanın daimi nümayəndəliyindəki çıxışının videosunu Bakıda çox adama göstərdim. Sonra onu qardaşıma verdim ki, rayonda göstərsin. Qardaşım o vaxt rayon Təhsil şöbəsində işləyirdi. O vaxtlar videomaqnitafon az adamda var idi. O, bir maqnitafon tapıb müəllimlərə, rayonun fəallarına göstərirdi. Bundan Dövlət Təhlükəsizlik Komitəsinin rayon şöbəsi xəbər tutur. Yaxşı ki, o vaxt rayonun birinci katibi Əli Rzayev idi. O Heydər Əliyevə rəğbəti olan insanlardan idi. O, kaseti qardaşımdan alıb özü baxıb və deyib işini davam et, amma bir az ehtiyatlı ol. Bu işlərə o vaxt ehtiyac var idi. Çünki Ulu Öndərin haqqında çox güclü antitəbliğat aparılırdı.

Xalq Cəbhəsinin hakimiyyəti dövründə ölkədə çox xaotik vəziyyət yaranmışdı. Vəziyyəti qiymətləndirərək biz 91 nəfər ziyalılar birlikdə 1992-ci ilin 16 oktyabrında Ulu Öndərimizə müraciət etdik. Müraciətdə bildirilirdi ki, ölkədə vəziyyət çox təhlükəlidir və müstəqilliyimizin itirilmək təhlükəsi var. Biz istəyirik ki, böyük siyasətə qayıdasınız, partiya yaradasınız, bu partiyanın rəhbəri olasınız, ölkəni bu vəziyyətdən xilas edəsiniz. Ulu Öndər 24 oktyabrda ziyalılara cavab verdi. Sonra da 21 noyabrda Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis olundu və müxalif partiya kimi fəaliyyətə başladı.

Xalq Cəbhəsi hakimiyyətə gələndə Şuşa işğal olunmuşdu, sonra Laçın, daha sonra Kəlbəcər işğal olundu. Vəziyyət son dərəcə gərginləşdi. Respublikada xaos və özbaşınalıq baş alıb gedirdi. Surət Hüseynov hakimiyyətə qarşı qiyam qaldırdı. Hakimiyyətin yüksək vəzifə tutanları və prezident Əbülfəz Elçibəy Heydər Əliyevə kömək üçün müraciət etdilər. Heydər Əliyev 1993-cü il iyunun 9-da prezidentin göndərdiyi təyyarə ilə Bakıya gəldi. Mən həmin gün təyyarənin trapının yanında idim. O, təyyarədən düşəndə bizdə belə bir fikir formalaşdı ki, Azərbaycanın xilaskarı gəlir. Həqiqətən də Heydər Əliyev Azərbaycanın xilaskarı oldu.

Ulu Öndər orada ölkə mətbuatına müsahibə verdi, sonra ziyalılarla görüşdü, Ali Sovetdə çıxış etdi. Bəyan etdi ki, vəziyyəti yerində aydınlaşdırmaq üçün Gəncəyə getməliyəm. Bu addımın özü çox riskli idi. O vaxt Gəncədə başıpozuq dəstələr vardı. Onun həyatına hər an təhlükə ola bilərdi. Amma o situasiyada böyük siyasətçilərə xas olan yeganə düzgün addım ataraq Gəncəyə getdi. Bakıya qayıtdı, 15 iyunda Ali Sovetin Sədri seçildi. Həmin günü xalqımız Milli Qurtuluş Günü kimi bayram edir. Düşünürəm ki, Milli Qurtuluş Günü dövlət bayramları içərisində ən önəmlisidir. Çünki o gün olmasaydı sonrakı uğurlar olmayacaqdı.

Dahi rəhbər Heydər Əliyev fəaliyyətə başladı və vəziyyəti stabilləşdirdi. Mərkəzi hakimiyyətə tabe olan ordu hissələri yaratmağa başladı. Noyabrın 2-də xalqa müraciət edərək bildirdi ki, Vətəni xilas etmək lazımdır. 1993-cü ilin axırı, 1994-cü ilin yanvarın 6-na kimi ilkin yaranan ordu hissələri ilə Horadiz əməliyyatını keçirdi. Qısa müddətdə Fizulinin 22 kəndi, o cümlədən Horadiz qəsəbəsi və Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olundu. Eyni zamanda Beyləqanın işğal olunmaq təhlükəsi aradan qalxdı.

Böyük siyasi xadim Heydər Əliyev gördü ku, bu məsələni elə -belə həll etmək nümkün deyil. Bunun üçün ciddi işlər görmək lazımdır. Təssəvvür edin bizim torpaqlar işğal olunur, Xalq Cəbhəsinin hakimiyyəti dövründə ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişi qəbul edir ki, Azərbaycana dövlət səviyyəsində kömək edilməsin. Bu, o demək idi ki, dünyanın super dövləti olan Amerika Ermənistanın tərəfindədir, bizim ölkənin əleyhinədir. Bu vəziyyəti dəyişmək lazımdı.

Dəyişmək üçün nə etdi Heydər Əliyev. 1994-ci ilin sentyabrın 20-də dünyanın böyük dövlətlərinin şirkətləri ilə “Əsrin kontraktı”nı imzaladı. İqtisadiyyatı inkişaf etdirmək üçün əsaslar yaratdı. Yaranan imkanlar hesabına ordu quruculuğuna başlanıldı. Əlində xəritə böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla danışıqlar apardı. Müstəqil Azərbaycanın

qanunvericilik orqanı Milli Məclis formalaşdırıldı, ölkənin yeni Konstitusiyası qəbul olundu. Dövlətçilik ənənələri yaradıldı, beynəlxalq təşkilatlara üzv qəbul olunduq və s...

Ulu Öndərimiz 2003-cü ilin prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləmək üçün xalqa müraciət etdi. “…Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. … İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıran və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Cənab İlham Əliyev andiçmə mərasimində bəyan etdi ki, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. O, Heydər Əliyev siyasətini davam etdirərək ölkəni daha da inkişaf etdirdi, güclü ordu yaratdı. Çox fəal xarici siyasət apardı. Qardaş Türkiyə ilə çox yaxın əlaqələr qurdu. Bu işlərlə 17 il məşğul oldu. Hiss edəndə ki, əlverişli geosiyasi vəziyyət yaranıb, dünya ölkələri artıq başa düşüblər ki, bizim işimiz haqq işidir və güclü ordumuz var, Ermənistanın təmas xəttində yaratdığı təxribata cavab olaraq orduya əks-hücum əmri verdi.

44 günlük müharibədə ordumuz bir dəfə də olsun geri çəkilmədi, daim irəli getdi. Hər gün yeni şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz işğaldan azad olundu.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan müharbənin ilk saatlarından bəyan etdi ki, mən Azərbaycan dövlətinin, qardaşlarımın yanındayam və üçüncü bir qüvvə bu işə qarışsa məni qarşılarında görəcəklər. Bu, eyni zamanda, iki Prezidentin qardaşlıq münasibətlərinin təzahürü idi.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan bütün imkanlardan istifadə edərək 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Bəyan etdi ki, bu torpaqları cənnətə çevirəcəyik. Qeyd etmək lazımdır ki, cənab İlham Əliyev Ali Baş Komandan kimi çox uğurla hərbi əməliyyatlara başçılıq etdi, eyni zamanda, siyasi arenada da bütün opponentlərinə qalib gəldi.

Cəbhədə qızğın döyüşlər gedən dövrdə cənab Ali Baş Komandan hərbi əməliyyatlara bilavasitə rəhbərlik etməklə yanaşı, dünyanın aparıcı televiziyalarına, media qurumlarına çoxsaylı müsahibələr verməklə Qarabağ münaqişəsinin siyasi, tarixi, etnik aspektləri barədə dünya ictimaiyyətini peşəkarlıqla məlumatlandırırdı. Münaqişənin əsl səbəblərini şərh edərək mübarizəmizin haqq işi olduğunu sübüt edirdi. Bir qayda olaraq müsahibənin sonunda ən qərəzli jurnalistin də məğlub olduğu hiss olunurdu və hətta onların cənab Prezidentə heyranlığı da gözdən qaçmırdı.

Cənab İlham Əliyevin qurduğu ordu XXI əsrin ordususudur, ən müasir silahlarla təmin olunmuşdur və hərbi əməliyyatlar müasir hərb elminə uyğun aparılır. Ali Baş Komandanımz əsl Sərkərdə kimi bütün hərbi əməliyyatlara uğurla rəhbərlik edərək ordumuzu qələbədən qələbəyə apardı.

Cənab Prezident müharibə gedən dövrdə tez-tez xalqa müraciət edərək qələbələrimiz və düşmənin itkiləri barədə məlumat verirdi. Onun verdiyi zəfər müjdələrini xalqımız sevinc göz yaşları ilə dinləyirdi. Əlbəttə, böyüklüyinə, kiçikliyinə baxmayaraq hər bir yaşayış məntəqəsinin azad olunması böyük ruh yüksəkliyilə qarşılanırdı. Lakin doğulduğun kənd və rayonun azad olunması xüsusi hissiyyatlar yaradırdı. Oktyabrın 4-də rayon mərkəzlərindən ilk olaraq Cəbrayıl şəhəri və həmin ayın 19-da anadan olduğum və gəncliyimi keçirdiyim Əmirvarlı kəndi də işğaldan azad olundu. Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində cənab Prezident deyir: “Mən Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınmasını da qeyd etmək istərdim. Nə üçün? Ona görə ki, orada çox güclü möhkəmləndirilmiş rayon vardı. Biz düşmənin müqavimətini qırmaq üçün bir neçə gün çox fəal hərbi əməliyyatlar aparmalı olduq”. Bu inanılmaz sevinci bizə bəxş etdiyinə görə cənab Prezidentə ailəmiz və rayonumuzun sakinləri adından dərin minnətdarlığımı bildirirəm. Dövlətçiliyə bağlı olan cəbrayıllılar həmişə olduğu kimi, bu gün də əziz Prezidentimizin arxasındadılar.

Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifəsi olmaqla erməni faşizminin belini qırdı. Cənab İlham Əliyev öz səhifəsində yazır: “Bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatı - inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıq idi”. Bundan sonra Ermənistan kapitulyasiya aktını imzalayaraq qalan torpaqları da döyüşsüz təhvil verdi.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə təyyarədə baş tutan söhbətini xatırladıb. “Mən İlhamla (Əliyev-red.) onun təyyarəsində Strasburqdan uçdum (Avropa Şurasında birgə çıxış etmişdik). Təyyarə Qara dəniz sahili üzərində uçurdu. Mən ondan Abxaziya üzərində təyyarənin bir qədər aşağı endirilməsini xahiş etdim. İstəyirdim ki, yuxarıdan da olsa baxım çünki Abxaziya üçün darıxmışdım, ailəm oradandır. Və o, dedi: “Bilirsən, Mişa, həm bizim, həm də Sizin üçün bir neçə ilin məsələsidir, o torpaqları qaytaracayıq. Biz sadəcə gecə-gündüz bu haqda düşünməliyik. Bunu heç vaxt unutmamalı və hazırlaşmalı, hər gün hazırlaşmalıyıq…”, - Saakaşvili əlavə edib.

 Hərbi əməliyyatlardan sonra cənab Prezident təhlükələrə baxmayaraq işğaldan azad olunan torpaqlara, o cümlədən Şuşaya dəfələrlə səfər edib və hərbi geyimdə oradan ciddi mesajlar verib. Vaxtı ilə Ulu Öndərimiz bəyan etmişdi ki, əgər hər hansı terrorist gülləsi məni həyatdan götürərsə mən özüm də övladlarımda Azərbaycanın müstəqilliyi yolunda qurban getməyə hazırıq. Bu gün cənab Prezident birinci xanım Mehriban Əliyeva və övladları ilə çəkinmədən azad olunmuş torpaqlara gedirsə, bu, Ulu Öndərimizin sözlərinin təsdiqidir, eyni zamanda, ailə dəyərlərinin yüksək göstəricisidir.

Cənab İlham Əliyevin bütün fəaliyyəti göstərir ki, o, Vətənini, torpağını, xalqını çox sevir. Əsl Prezident, Ali Baş Komandan belə olmalıdır. Belə Prezidenti sevmək və dəstəkləmək hər birimizin borcudur. Cənab Prezidentimiz dəfələrlə deyib ki, mən nəyi, nə vaxt və necə etmək lazım olduğunu yaxşı bilirəm. Bu, doğrudan da belədir.

İşğaldan azad olunan ərazilərdə bu gün böyük quruculuq işləri aparılır. Zəfər yolu artıq istifadəyə verilib. Beynəlxalq status alan Füzuli aeroportunun açılışı olub, Zəngilan və Laçın rayonlarında aeroportların tikintisi davam etdirilir. Ağdamın, Cəbrayılın və Füzulinin, Zəngilanın  bərpasının layihələri təsdiq olunub işlərə başlanılıb. Zəngilan rayonunun Ağalı kəndində  “ağıllı kənd” layihəsinin tikintisi başa çatıb. Digər ərazilərdə minaların təmizlənməsi və bərpası aparılır. Bütün azad olunmuş ərazilərdə kiçik elektrik stansiyaları, yollar və kommunikasiyalar sürətlə bərpa olunur. Mədəniyyət paytaxtımız Şuşanın bərpası xüsusi diqqət və zövqlə aparılır. Bütün işlər cənab Prezidentin birbaşa nəzarəti ilə aparılır. Bu məqsədlə o tez-tez azad olunmuş ərazilərdə olur, tövsiyə və tapşırıqlarını verir. Cənab Ali Baş Komandan demişdir ki, işğaldan azad olunan bütün əraziləri cənnətə çevirəcəyik. Əminik ki, bu, belədə olacaq.

Cənab Prezidentimizin tapşırığı və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada artıq 2 dəfə  möhtəşəm “XarıBülbül” musiqi festivalı keçirildi. Ölkəmizin incəsənət xadimlərinin, müxtəlif xalqlarının nümayəndələrinin, xarici qonaqların, Şuşanın azad olunmasında əməyi olan hərbiçilərin iştirakı ilə keçirilən festival dostlarımızı sevindirdi, düşmənlərimizin gözünə biçaq kimi batdı. Festival Mehriban xanıma məxsus xüsusi zövqlə hazırlandı və keçirildi. Festivalda cənab Prezident başda olmaqla birinci xanım Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar da iştirak etdilər.

Qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ailəsi ilə birlikdə 2021-ci il iyunun 15-də Milli Qurtuluş Günü Şuşaya səfər etməsinin və orada cənab Prezidentimiz İlham Əliyevlə birlikdə Azərbaycan və Türkiyə arasında yeni müqavilənin imzalanmasının, oradan verdikləri mesajların böyük tarixi əhəmiyyəti oldu.

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunan torpaqlara 2021-ci ilin 26 oktyabrında reallaşan ikinci səfərinin də böyük siyasi və tarixi əhəmiyyəti oldu. İki qardaş ölkənin Prezidentləri birlikdə çox qısa müddətdə tikilmiş Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər, Zəngəzur dəhlizinin təməlini qoydular və Zəngilan rayonunda “ağıllı kənd” layhəsi üzrə tikilməkdə olan Ağalı kəndində mətbuata çox böyük siyasi tutumu olan birgə bəyanatla çıxış etdilər.

Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Ulu Öndərimiz hakimiyyəti dövründə azərbaycançılığı dövlətimizin əsas ideologiyası kimi təsbit etdi. Prezident İlham Əliyev bu ideologiyanı inkişaf etdirərək multikultural bir cəmiyyət və ölkədə möhkəm birlik yaratdı. Bu birliyin Qələbəmizin təmin olunmasında çox böyük rolu oldu.

Ulu öndərimiz Heydər Əliyev müasir müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi, eyni zamanda, Onun siyasətini davam etdirərək Azərbaycanı yüksəklərə ucaldan, qalib ölkəyə çevirən, xalqın qürurunu özünə qaytaran, bununla adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan siyasi varisi Prezident İlham Əliyevi yetirdiyinə görə xalqın ən böyük məhəbbətinə layiq olmaqla həmişə Azərbaycanın tarixində qalacaq.

Novruz Quliyev,
“91-lər”dən biri, AMEA-nın müxbir üzvü, professor