22 iyul 2024 01:27
1044

"Əkinçi"dən başlanan yol...

Bu gün Azərbaycan Milli mətbuatının yaranmasından 149 il keçir. 1875 – ci il 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb.

Azərbaycan mətbuatının banisi görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açıldı. Həsən bəy Zərdabi çox böyük çətinliklərdən sonra Bakıda ilk dəfə ana dilində qəzetin nəşrinə nail ola bilmişdi. Azərbaycanın ictimai həyatının ən mühüm amillərindən biri mətbuatın meydana çıxması oldu.

Bu qəzet bütün Qafqazda əks - səda doğurdu. Qəzetin adının “Əkinçi” qoyulmasında məqsəd o idi ki, kənd təsərrüfatında əkinçilərə müəyyən qaydalar nəşr olunacaqdır. Lakin 1875-1877 illər ərzində fəaliyyət göstərən “Əkinçi” qəzeti xalqımızın oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etdiyi üçün 2 ildən sonra qəzet nəşri dayandırıldı.

Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi” özündən sonra da çox böyük irəliləyişlərə səbəb oldu. XIX əsrin sonlarında “Ziya”(1879), “Kəşkül”(1880), “Kaspi”(1880-1890) adlı qəzetlər də nəşr olunmağa başladı. Artıq milli mətbuat oyanışı baş verirdi.

"Əkinçi"nin dalğası idi ki, XX əsrin əvvəllərində C.Məmmədquluzadə, M.Şaxtaxtınski, Ü.Hacıbəyov, S.Hüseyn, Ö.F.Nemanzadə və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə apardılar. “Şərqi rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər yarandı.

22 İyul tarixi 1991 – ci ildən bəri Azərbaycan Milli mətbuat günü kimi qeyd olunur. Mətbuat cəmiyyətin aynasıdır, ictimai şüurun, mədəniyyətin inikasıdır. Azərbaycan Milli mətbuatı da yarandığı ilk gündən milli – mənəvi dəyərlərimizin daşıyıcısı, fəal tətqiqatçısı və qoruyucusu kimi məsul bir missiyanı yerinə yetirib.

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 149 ildə çətin, lakin şərəfli yol keçib. Daima həqiqət carçısı olub. Xalqın maariflənməsində milli bəşəri dəyərlərin fəaliyyətində mükəmməl rol oynayıb. Belə bir yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəlişi mərhələsini keçir.

Bu ölkədə söz azadlığının təmin olunmasında ciddi addımlar atılır, mühüm layihələr həyata keçirilir. Müstəqil dövlətimiz möhkəmləndikcə azad söz və mətbuat sahəsində mühüm addımlar atılır. Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu Azərbaycan tarixinin mühüm hissəsini təşkil edir.

Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev daim mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi – texniki bazasının möhkəmlənməsinə böyük önəm vermişdir. Ulu Öndər tərəfindən mətbuatın inkişafına qoyulan qayğı və siyasət bu gün hər sahədə olduğu kimi möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qayğı və diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Vaxtı ilə Heydər Əliyev çox əminliklə deyirdi: “Bir dövləti qorumaq üçün 100 qılınc kəsəri lazımdırsa, bir söz kəsəri daha təsirlidir.” Bu gün bu kəsər çox mətin, cəsarətli, iti qələmi olan Azərbaycan yanğılı jurnalistlərdədir. Bunun ən bariz nümunəsini həm I Qarabağ müharibəsində, həm də 44 günlük vətən müharəbəsində ölümün gözünə dik baxan, hətta özünü qurban verən jurnalistlərdə gördük.

Bu gün Azərbaycanda 4200-dən artıq kütləvi informasiya vasitələri qeydiyyata alınıb. Mətbuatımız həm kəmiyyət, həm də keyfiyyət baxımından regionda liderdir. Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da mətbuat şurası yaranmışdır və mətbuat haqqında qanun qəbul edilmişdir. Mətbuat işçilərinin sosial vəziyyəti daim ölkə prezidentinin diqqətində saxlanılır.

Azərbaycan Respublikasının 1995 – ci il Noyabr ayındaqəbul edilən konstitusiyanın 50 – ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarını möhkəmləndirmək öz əksini tapmışdır. Ulu Öndər Heydər Əliyevin 1998 – ci il 16 Avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Ölkə başçısı İlham Əliyevin 2009 – cu ilin Mart ayında imzaladığı sərəncamda prezident yanında kütləvi informasiya vasitələrinə Dövlət dəstəyi Fondu yaradıldı.

Mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır. 44 günlük müharibədə əldə etdiyimiz böyük zəfərdən sonra mətbuatımız qarşısında daha mühüm vəzifələr durur. Prezident İlham Əliyev mətbuat şurası üzvləri ilə görüşündə demişdir: “Bu mətbuat günü doğrudan da əlamətdar bir tarixdir. Biz fəxr edə bilərik ki, Milli mətbuatımızın çox keşmə-keşli böyük tarixi var. Bu bizim böyük sərvətimizdir, dəyərlərimizdir. Ancaq bu bir həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı azad və müstəqil mətbuat kimi fəaliyyət göstərmişdir. Bu xüsusilə 1998 – ci ildə Prezident Heydər Əliyevin tarixi sərəncamı ilə senzuranın ləğv olunması ilə əlaqədardır. Bununla bərabər, hesab edirəm ki, bu günkü mətbuatımızın yüksək səviyyəyə qalxmasında Mətbuat Şurasının çox böyük rolu olmuşdur.”

Bu gün Azərbaycan Milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddən artıq əhəmiyyətlidir. Azad mətbuat demokratiyanın əsas əlamətlərindən biridir.

Mən hesab edirəm ki, son illər ərzində bizim mətbuatımızda çox ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə biz bunu daim diqqətdə saxlamalıyıq. Əgər ölkədə ədalətsizliklər, özbaşınalıqlar, qanun pozuntuları baş verirsə mətbuat burada çox gözəl dəstəkçi rolunu oynayır.

Nuriyyə Hüseynova,
R. Əliyev adına 254 №-li tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü