Bizim Qafqazla bağlı yanaşmamız, baxışımız inteqrasiya, əməkdaşlıqdır və Azərbaycan artıq bir neçə dəfə buna başlamaq, ilk addımı atmaq üçün təkliflər verib.
“İki sahil” xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Dövlət başçısı oxşar cəhdlərin bəzi Avropa institutları tərəfindən də edildiyini diqqətə çatdırıb: “Yenə də imtina olub. Əgər Ermənistan Cənubi Qafqazda sülhün olmasını istəmirsə, onda bir sual meydana çıxır, onlar nə istəyir? Əgər onlar növbəti müharibə istəsələr, bu, onlar üçün fəlakət olacaq və bunu aydın başa düşürlər. Və düşünürəm ki, Ermənistandakı hakimiyyət və revanşist qüvvələr açıq şəkildə anlayır ki, bu dövlətçiliyin sonu olacaq. Ona görə də mən hesab edirəm ki, biz Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi Qafqazı necə görürlər. Bizim mövqeyimiz aydındır, Gürcüstan hökumətinin mövqeyi aydındır - biz bu dialoqa başlamaq istəyirik, qarşılıqlı fəaliyyətə başlamaq istəyirik, ancaq təbii ki, Ermənistansız bu mümkün olmayacaq”.