Azərbaycan-Ermənistan-Aİ, Azərbaycan-Ermənistan-Rusiya, Azərbaycan- Ermənistan-Gürcüstan - bu üçtərəfli formatlar bir-birinə əlavə dəyər qatır.
Vasitəçilik olmasa idi, iki ölkə arasında sərhədlərin delimitasiyası üçün komissiya formalaşmayacaqdı.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov IX Qlobal Bakı Forumu çərçivəsində panel müzakirədə deyib.
“Biz inanırıq ki, regionumuzdakı ölkələr bir-birinə qarşı olmamalıdır, əməkdaşlıq etməlidir. Gürcüstan hökuməti Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazır olduğunu bəyan edib. Prezident İlham Əliyev də bunu bildirdi.
Gürcüstanın bu prosesdə rolu vacibdir, bu vasitəçilik platformasının unikal rolu var.
Cənubi Qafqaz bölgəsində gələcək vəziyyətin normallaşmasında Gürcüstan da oyunçu kimi görünür”, - XİN rəhbərinin müavini vurğulayıb.
O diqqətə çatdırıb ki, Cənubi Qafqaz regionu mərkəzdədir, region ölkələrindən dəhlizlər keçir: “Azərbaycan 2013-cü ildən Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir. Bu layihə Cənubi Qafqaza faydalar gətirəcək”.
Elnur Məmmədov xatırladıb ki, Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə irimiqyaslı bərpa işləri başlayıb, Beynəlxalq Hava Limanları tikilib, avtomobil yolları çəkilib, “yaşıl enerji” zonaları yaradılır. O əlavə edib ki, bu regionun böyük günəş və külək enerji potensialı var.
“Qeyd etdiyim kimi, regionumuzda böyük layihələr həyata keçirilib, ancaq Ermənistan illər ərzində bütün bu proseslərdən təcrid olub, Gürcüstan isə fəal iştirak edib. Çünki bunun səbəbi işğal olub, ancaq artıq bu fakt aradan qalxıb”.