"Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradılmış, bu sahədə beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazası bərqərar olmuşdur. Bu sahədə yaradılmış müdrik siyasi-mənəvi xətt Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir və zənginləşdirilir."
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

H.Hüseynova qeyd edib ki, Azərbaycanda dini etiqada dövlətin münasibəti “Dini etiqad azadlığı” haqqında qanunla tənzimlənir: "Azərbaycan multikultural və tolerant dövlət olduğundan Konstitusiya ilə təsbit edilən vicdan azadlığına önəm verir. Buna görə də, heç kim dini əqidəsinə görə təzyiqlə üzləşmir və Azərbaycan bu sahədə dünyada presedent yaratmışdır. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dinə, dini-tarixi abidələrin qorunub-saxlanılmasına xüsusi diqqət və qayğısı var. Azərbaycanda bu günədək 992 dini qurum dövlət qeydiyyatına alınmışdır. Konfessional baxımdan onlardan 955-i İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Hazırda respublikamızda Azərbaycan İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisəsi (İslam kolleci) fəaliyyət göstərir. Ölkə ərazisində 2 253 məscid mövcuddur. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Ölkədə ümumilikdə 748 pir və ziyarətgah müəyyən edilmişdir. Azərbaycanda dini inancın milli tələblər səviyyəsində inkişaf etdirilməsi üçün milli kadrların hazırlanması da prioritetdir. Milli din xadimlərinin və ya mütəxəssislərin yetişdirilməsi üçün Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir."
Komitə sədri bildirub ki, Prezident İlham Əliyev bu ilin aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak etmişdir: "Heydər Əliyev Fondunun dəstəyi ilə Daşkəsəndəki Cümə məscidi, Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsün Səlim və İmam Rza məscidləri, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər məscidi, Buzovna qəsəbəsindəki Cümə məscidi, Gəncə şəhərindəki Şah Abbas və Həzrət Zeynəb məscidləri, Şamaxıdakı Cümə məscidi, Bakıdakı Bibiheybət və Təzəpir məscidləri, İmam Hüseyn məscidi yüksək səviyyədə yenidənqurma və əsaslı təmir-bərpa işləri aparılaraq inanclı insanların ibadəti üçün istifadəyə verilib. Fond təkcə ölkə daxilində deyil, həm də Azərbaycanın hüdudlarından kənarda da dini məbəd və abidələrin təmiri, bəşəri mənəvi dəyərlərin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirir. İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. Bu ərazilərdə 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınmışdır."
Professor vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra erməni işğalından azad edilmiş ərazilərimizə səfər edən ölkə başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam və Şuşa məscidlərini ziyarət edərkən, Məkkə ziyarətindən gətirdiyi Müqəddəs Quranı bağışladı: "Əlbəttə, ürək ağrısi ilə dağılmış, təhqir edilmiş məscidləri, tarixi məbədləri ziyarət cənab Prezident bütün dünyaya erməni vandalizmini nümayiş etdirdi. 30 ilə yaxın erməni vandalizminin qurbanına çevrilmiş dini abidələrin bərpası da dövlətin prioritetləri sırasındadır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda, Daşaltıda, Hadrutda yeni məscidlər tikilir."
H.Hüseynova onu da qeyd edib ki, bu gün dünyanın müxtəlif yerlərində dini zəmində, məzhəb zəminində, başqa səbəblər üzündən qan tökülür, vətəndaş müharibələri aparılır, qarşıdurmalar baş verir: "Dünyada həm coğrafi, eyni zamanda, humanitar baxımdan Azərbaycanın nadir rolu var. Biz Şərqlə Qərb arasında, qədim “İpək yolu” üzərində yerləşən bir ölkəyik. Avropanı yaxşı anlayırıq, eyni zamanda, müsəlman ailəsinin də bir parçasıyıq. Ölkəmiz və dövılətimiz çalışır ki, sivilizasiyalararası dialoq, daha da güclənsin. Azərbaycanda isə dinlərarası dialoq çoxdan təmin edilibdir. Azərbaycanda isə milli, dini zəminində heç vaxt qarşıdurma olmamışdır və olmayacaqdır. Bunun qarantı Azərbaycan dövlətidir, Azərbaycan xalqıdır. Azərbaycan vətəndaşları təhlükəsizlik şəraitində yaşayırlar, yaşayacaqlar. Cənab Prezident İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən müxtəlif səviyyəli tədbirlər Azərbaycanı regionda və dünyada tolerantlıq nümunəsinə çevirmişdir. Eyni zamanda, Azərbaycanın bu təcrübəsi dünyada gedən proseslərə müsbət töhfələr verir. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın dini və mədəni tolerantlıq modelini qəbul edir. Və bu təcrübə öz unikallığı ilə seçilir."
Orxan Vahidoğlu, "İki sahil"