18 iyun 2022 17:43
1534

Milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir

Heydər Əliyev Fondu Azərbaycanda dini, milli-mənəvi dəyərlərin qorunmasına böyük töhfə verir

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq mili-mənəvi və dini dəyərlərimizin qorunması istiqamətində davamlı addımlar atıldığını və bunu hər kəsin qarşısında əsas vəzifə kimi qoyduğunu böyük fəxr hissi ilə qeyd edə bilərik. Ümummilli Lider Azərbaycanın gələcəyi olan gənclərdən bəhs edərkən bu məqamı xüsusi vurğulayırdı ki, onlar  tariximizi, milli-mənəvi, dini dəyərlərimizi öyrənməli, inkişaf etdirməli, yad təsirlərdən qorumalıdırlar.

Təbii ki, hər bir ölkənin təqdimatında sahib olduğu ənənələr, milli-mənəvi dəyərlər əsas rol oynayır.  Bu fakt da beynəlxalq səviyyədə xüsusi qeyd edilir ki, Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkədir. Azərbaycanda müxtəlif xalqların, millətlərin nümayəndələri dostluq,  əmin-amanlıq şəraitində yaşayır, bərabər hüquqlara malikdir.  Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı əsasında 2015-ci ildə ölkəmizdə ilk Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də Azərbaycanın tolerant ölkə olmasını, eyni zamanda, multikulturalizmi həyat tərzinə çevirdiyini bir daha təşdiqlədi. Məhz Azərbaycanın bu sahədə qazandığı təcrübənin nəticəsidir ki,  dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda, tolerant, multikultural dəyərlərə böyük töhfələr verən ölkələrdən bəhs ediləndə  ilk olaraq  göz önünə  Azərbaycan  gəlir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan dövlətləri, xalqları, müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən, onlar arasında körpü rolunu oynayan ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycanın ev sahibliyi etdiyi Humanitar Forumlar, dini  liderlərin sammitləri və bu kimi digər tədbirlər də deyilənlərin təsdiqidir.  Bu faktı da qeyd edək ki, Azərbaycanın 2019-cu ildə UNESCO-nun Ümumdünya  İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi də milli-mənəvi, dini  dəyərlərimizə, dilimizə, tariximizə  bağlılıq fonunda görülən işlərə və əldə olunan uğurlara əsaslandı.  Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tədbirin açılış mərasimində səsləndirdiyi “Sizin hamınızı Bakıda – Şərq ilə Qərbin, keçmişlə gələcəyin qovuşduğu şəhərdə, zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən mühitdə salamlamaqdan məmnunam” fikirləri Azərbaycanın təqdimatı, dünənimizə  və gələcəyimizə baxış kimi dəyərləndirildi. O da bildirilmişdi ki, dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır. UNESCO ilə məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə - İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri – muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.

Azərbaycanın UNESCO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır. Son illərdə ölkəmizin   dünya mədəni irsin qorunması sahəsində fəaliyyətinin  coğrafiyası geniş olub.  Bununla belə, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olmuşdur. Artıq bu gün tarixə qovuşan Dağlıq münaqişəsi nəticəsində   beynəlxalq səviyyədə tanınmış ərazimizin  20 faizi 30 il işğal altında, bir milyondan çox soydaşımız qaçqın və məcburu köçkün vəziyyətində yaşamaqla yanaşı, yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilən zaman dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk olaraq bu ərazilərdə tarixi və dini abidələrin bərpasını qarşıya mühüm vəzifə kimi qoydu. Tarixi saxtalaşdırmaq yolunu tutan mənfur düşmən tarixi və dini abidələrimizi yerlə-yeksan etməklə tarixi tamamilə  siləcəklərinə, bu torpaqların onlara məxsusluğu barədə sərsəm düşüncələrinə dünyanı inandıracaqlarına özlərində  əminlik yaratsalar da bunun mümkünsüzlüyünü çox yaxşı bilirdilər. Tarixi və dini abidələrimiz milli sərvətimiz, tariximiz, milli kimliyimizdir. Bu gün erməni vəhşilikləri barədə məlumatları bu ərazilərə gələn qonaqlara azad Qarabağımızın hər daşı, qayası, tarixi və dini abidələri verir. 10 noyabr 2020-ci il  tarixli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsi, Ermənistanın kapitulyasıyası təsdiq edildikdən dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban xanım  Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərlərinə diqqət yetirsək tarixi və dini abidələrimizin bərpası istiqamətində atılan addımların, bu istiqamətdə görülən işlərlə tanışlığın şahidi olarıq. Dövlət başçısı və birinci xanım tərəfindən  Ağdam, Şuşa  məscidlərinin ziyarət edilməsini, ora Quran gətirilməsini xüsusi qeyd etməliyik. Bu ərazilərdə  Heydər Əliyev Fondunun gördüyü işlərin miqyası olduqca böyükdür. Bunun üçün statistikaya diqqət yetirmək kifayətdir.

Dini abidələrin bərpası hər zaman diqqətdədir

İşğaldan azad edilmiş torpaqlarımızla yanaşı, digər bölgələrdə də dini abidələrin bərpası diqqətdədir. Belə ki, bu dövr ərzində ölkəmizdə məscidlərin -Bibiheybət, Təzəpir, Şamaxı,  Cümə və sair məscidlərin  yüksək səvyyədə bərpa olunması görülən işlər sırasındandır.  Dövlət başçısı İlham Əliyevin “Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri  əsaslı təmir edilir. Şuşa şəhərində yeni  məscidin inşasına start verilib.  Zəngilan şəhərində, Hadrutda və Daşaltıda  məscidlərin yenidən qurulması  və tikintisi prosesi  başlamışdır. Bütün bu işləri Heydər Əliyev Fondu  öz imkanları hesabına görür.

"Bu, Heydər Əliyev Fondunun  Azərbaycanın milli-mənəvi dəyərlərinin  qorunmasına növbəti  töhfəsidir. Bu, bizim borcumuzdur” fikirləri həm dövlət başçısının, həm də Heydər Əliyev Fondunun milli sərvətimiz olan tarixi və dini abidələrə diqqət və qayğısının aydın mənzərəsini yaradır.  Qeyd edək ki, ümumikdə tariximizin, milli-mənəvi, dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi Heydər ƏLiyev Fondunun çoxşaxıli fəaliyyətinin əsas istiqamətlərindəndir.   

Azərbaycan dünyəvi dövlətdir. Lakin dünyəvilik dini inkar etmək deyil, bu, dövlətin siyasi qurumunun məzmununu müəyyən edir. Din insanların cəmiyyət qarşısında məsuliyyətlərini daha da artırır. Dövlətin dinə münasibətində də siyasətin əsasını mənəviyyatın milli sərvətin tərkib hissəsi kimi dəyərləndirməsi təşkil edir. İnsanın sərbəst yaşayıb işləməsi üçün bütün azadlıqlarının mövcud olduğu ölkəmizdə bu münasibətlər yüksək səviyyədə tənzimlənir. Ölkə Prezidenti İlham Əliyev bildirir: “Bu gün din-dövlət münasibətləri uğurla inkişaf edir. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıllıq davam etdiriləcəkdir.”

Dövlət başçısı İlham Əliyevin aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı da bu kimi məqamların təqdimatında əhəmiyyətli rol oynadı. Bu reallıq önə çəkildi ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür. Təsadüfi deyil ki, Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən bu gün yeni binası istifadəyə verilən Azərbaycan İlahiyyat İnstitutunda öyrənilir. Açılış mərasimində bu statistika da diqqətə çatdırılmışdır ki, hazırda Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. İnstitutun müəllimləri tədris prosesi ilə yanaşı, dinşünaslıq və islamşünaslıq sahələrində elmi tədqiqatlar aparır, dərslik və monoqrafiyalar yazır, ölkədaxili və beynəlxalq elmi tədbirlərdə iştirak edirlər. Bu kimi mühüm addımlar ölkəmizdə din sahəsində  milli kadrların hazırlanmasına xüsusi diqqət göstərildiyini təsdiqləyir.

Dünya dini liderlərinin sammitlərində daim  “Ölkənin gücü təkcə onun iqtisadi imkanları ilə ölçülmür” fikrini önə çəkən Prezident İlham Əliyev   bu reallığı da  diqqətə çatdırır ki, bizim gücümüz birliyimizdədir, ölkədə hökm sürən sabitliyin möhkəmlənməsindədir, dini və milli sülhün mövcudluğundadır.

Qısa təhlil əsasında ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini, Azərbaycanın tolerant ölkə olduğunu, tarixi və dini abidələrimizin qorunmasının prioritetliyini bir daha təsdiqləyərək bu işlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyimizi ifadə edirik. Azərbaycan demokratik, hüquqi, dünyəvi, ənənələri olan   dövlətdir.   

 Yeganə Əliyeva, “İki sahil”