19 iyun 2022 14:18
1081

Ramiz Hüseynov: Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində öyrənilir

"Qədim və rəngarəng mənəvi dəyərləri ilə bəşəri mədəniyyətə öz çoxşaxəli töhfələrini verən Azərbaycan maddi və mənəvi cəhətdən zəngin irsə malikdir. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra vətəndaşlarımızın vicdan azadlığının təmin olunması, malik olduqları mədəni irsin və dini abidələrin qorunub saxlanması və inkişaf etdirilməsi üçün dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin yaradılması və daim təkmilləşdirilməsi sahəsində çox böyük işlər görülmüşdür."

Bu fikirləri "İki sahil"ə açıqlamasında YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.

R.Hüseynov qeyd edib ki, Azərbaycanda yaşayan xalqların mənəvi və dini dəyərlərinə daim ehtiramla yanaşan ümummilli lider Heydər Əliyev hələ müstəqilliyin ilk illərində sovetlər dövründə fəaliyyətinə icazə verilməyən, yararsız vəziyyətə salınan məscidlərin və dini məbədlərin bərpası və yenidən qurulması üçün vacib sərəncamlar imzalamışdır: "Əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət-din münasibətləri Prezident İlham Əliyev tərəfindən daha da genişmiqyaslı şəkildə davam etdirilməkdədir.

Misal üçün Təzəpir məscidinin, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərinin, Əjdərbəy məscidinin, Şamaxı Cümə məscidinin yenidən qurulmasını, Gəncə İmamzadə kompleksinin və onlarla digər dini abidə və məscidin dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilməsini göstərə bilərik. Paytaxtımızda inşa edilmiş və Cənubi Qafqazın ən müasir və ən böyük məscidi ünvanını qazanmış Heydər Məscidi Azərbaycan dövlətinin Dünya İslam mədəniyyətinə ən böyük töhfələrdən biridir desək yanılmarıq."

YAP İdarə Heyətinin üzvü bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər İslam Dünyasında yüksək qiymətləndirilir: "Bunun bariz nümunəsini Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvlərinin İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olarkən Əl-Həram məscid-ziyarətgahının yüksək səviyyəli din xadimləri tərəfindən dövlətimizin başçısının mehribanlıqla qarşılanmasını, Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslərin Kəbənin ətrafına dolanıb təvaf etdikdən və məsciddə namaz qıldıqdan sonra Kəbəyə daxil olaraq burada da namaz qılmalarında görə bilərik. 
Bildiyimiz kimi, Kəbə evinin qapıları müstəsna hallarda ali qonaqlar üçün açılır. Bu dəfə Kəbənin qapıları Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri üçün açıldı. Bu da Prezident İlham Əliyevin şəxsiyyətinə və fəaliyyətinə İslam dünyasında verilən önəmin ifadəsidir."
Partiyanın Sumqayıt şəhər təşkilatının sədri vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda yerləşən və erməni vandalları tərəfindən dağıntılara məruz qalan dini abidələrin bərpası sahəsində də məqsədyönlü işlər görülməkdədir: "Ölkə başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərdə məhv edilmiş dini abidələrin, məbədlərin bərpası üçün xüsusi diqqət ayrımışdır. Cənab İlham Əliyevin Mehriban xanım Əıiyeva ilə birlikdə dəfələrlə Ağdamda, Şuşada və digər işğaldan azad edilmiş bölgələrdə şahidi olduğumuz ziyarətləri Azərbaycan dövlətinin bu məsələyə göstərdiyi yüksək diqqətin təzahürüdür. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dini abidələrin qorunması istiqamətdə verdiyi töhfələri də xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondu tərəfindən "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilmiş, ölkənin müxtəlif yerlərində çoxsaylı xristian dini abidələri, alban kilsələri, məscid və ibadət evləri bərpa edilmişdir.
Azərbaycan dövləti tərəfindən milli və dini tolerantlıq, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür. Təsadüfi deyil ki, Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində öyrənilir. Azərbaycan İlahiyyat İnstitutunun açılışının 2022-ci il, aprelin 11-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilməsi ölkəmizdə milli və dini tolerantlığın dövlət səviyyəsində dəstəkləndiyini və din sahəsində milli kadrların hazırlanmasına xüsusi önəm verildiyini xarakterizə edir."

Orxan Vahidoğlu, "İki sahil"