21 iyun 2022 13:33
667

Ədalətin və milli iradənin təntənəsi

1993-cü ilin may-iyun aylarında ölkəmizdə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur. 1993-cü ilin  15 iyun tarixində  Heydər Əliyev  xalqın təkidli  tələbi və yenilməz iradəsi  ilə  Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi.  Həmin gün parlamentin  tarixi iclasında  Heydər Əliyev  çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni öz üzərimə  götürərək  öz məsuliyyətimi anlayıram  və bunların  hamısını  rəhbər  tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki,  mənim fikrimcə, Azərbaycan Respublikası,  bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək.”
Heydər Əliyevin ölkənin  Ali Qanunvericilik orqanına  sədr seçilməsi  respublika  həyatında çox  mühüm bir   hadisə oldu.  Bu siyasi qayıdış,  sözün  həqiqi mənasında  Azərbaycanı  azərbaycanlılara, milləti özünə  qaytardı.  Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 iyun Azərbaycanın  müstəqillik tarixində  yeni siyasi  eranın başlanğıcı  oldu.
Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi  həyatdakı  gərginliyin  aradan  qaldırılması  üçün lazımi tədbirlər  görülməyə başlandı.
 Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə  verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün  hadisələrin dövlətin  nəzarəti  altına götürülməsi, xalqın iradəsinə tabe  edilməsi demək idi.
Heydər Əliyevin  1993-cü il iyunun  15-dən oktyabrın 3-dək  Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm  ənənələri yeni  nəfəs, yeni qüvvə  aldı. Ordu quruculuği  sahəsində mühüm qərarlar qəbul edildi.  “Şəhid adının əbədiləşdirilməsi və şəhid  ailəsinə  edilən güzəştlər  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu qəbul  olundu.  Konstitusiyada  və müxtəlif  hüquqi  sənədlərdə   dəyişikliklər edildi.
Eyni zamanda Prezident səlahiyyətlərini icra edən Heydər Əliyev  bu  dövrdə  əhalinin  döyüş ruhunu qaldırmaq, müharibə  dövrünə uyğun  təbliğat  aparmaq, qanunsuz  silahlı  dəstələri  zərərsizləşdirmək üçün lazımi  tədbirlər  görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşürdü.
Avqustun 7-də cənub  bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu.  Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla  görüşüb vəziyyəti  müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis  “Azərbaycan  Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında  yaranmış  vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına  siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu  bədnam iddiaya  son qoyuldu.
Heydər Əliyev  parlamentin  sədri  və Prezident səlahiyyətlərini icra edən şəxs kimi  Azərbaycanın strateji maraqları  əsasında ölkənin yeni xarici siyasət  konsepsiyasını, onun beynəlxalq  münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC  hakimiyyətinin  bu sahədə buraxdığı  kobud səhvlər tezliklə aradan  qaldırıldı. 

Ulu Öndər Heydər Əliyev   mədəniyyətin,  elmin və təhsilin  inkişafına da böyük diqqət yetirir,  alimlərlə, gənclərlə görüşlər  keçirir, onlarla  ölkənin gələcəyi  barədə  fikirlərini bölüşürdü. 

Prezidentin səlahiyyətlərini icra etdiyi dövrdə  Heydər Əliyev qanunun  aliliyi, azad  vətəndaş  cəmiyyəti   prinsiplərinin  bərqərar olması zəruriliyini dəfələrlə vurğulayırdı: “Azərbaycan Respublikası  demokratik  yolla  getməlidir, Azərbaycanda  həqiqi demokratiya prinsipləri yaranmalıdır, inkişaf etməlidir, Azərbaycanda siyasi  plüralizmə  imkan  yaradılmalıdır.  Azərbaycan çoxpartiyalı bir cəmiyyət  kimi  yaranmalıdır, partiyaların  fəaliyyətinə  şərait  yaradılmalıdır, Azərbaycan  bazar iqtisadiyyatı  yolu ilə, sərbəst  iqtisadiyyat  yolu ilə getməlidir.  Azərbaycanda milli həmrəylik, insanlar, siyasi partiyalar,  qurumlar  arasında  sülh və sağlam  rəqabət əhval-ruhiyyəsi  yaranmalıdır”.

Cəmi 4 ay  Ali Sovetin sədri  vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin  ruhunu kökündən  dəyişdi, Milli Məclisə  siyasi mədəniyyət  gətirdi. Onun iclası  aparmaq tərzi, fikirlərini  dəqiq əsaslandırması, çıxışların  məğzini tutmaq bacarığı, qiymətli  fikirləri  ümumiləşdirmək qabiliyyəti  özlüyündə  parlamentin üzvləri  üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. 

Mübaliğəsiz  demək olar ki,  Ulu Öndər  Heydər Əliyevin Ali Sovetin sədri və Prezident  səlahiyyətlərini icra etdiyi   qısa zaman  kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının  təməli qoyuldu.  Heç  də  təsadüfi  deyildir ki, 1993-cü il 3 oktyabr  prezident  seçkilərində seçicilərin 98,8 faizi  Heydər Əliyevə  səs  verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə  həvalə  etmək niyyətində  olduqlarını bütün  dünyaya  nümayiş etdirdilər.

Rauf  Əliyev,
Milli Məclisin deputatı