23 iyun 2022 11:33
285

Azərbaycan Hərb Tarixi Muzeyinə mediatur təşkil olunub

Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Hərb Tarixi Muzeyi mediatur təşkil olunub.

“İki sahil” xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər Azərbaycan Hərb Tarixi Muzeyi ilə yaxından tanış olublar.

Açıq səma altında böyük eksponatlarla tanış olan jurnalistlər Vətən müharibəsində döyüşən zabit-gizir heyəti ilə görüşüb.

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə muzey haqqında geniş məlumat verib.

O bildirib ki, Azərbaycanın Silahlı Qüvvələrinin şanlı tarixini öyrənən, Ordumuzun zəfər salnaməsi yaradan təşkilatlar arasında Azərbaycan Hərb Tarixi Muzeyinin özünəməxsus yeri və rolu var: “Azərbaycan Hərb Tarixi Muzeyi 1992-ci ildə təşkil olunub. Açıq səma altında silah və texnika ekspozisiyası qurulub.

Muzeyin daxili ekspozisiyasında “Azərbaycan hərb sənəti qədim dövrdən - 1918-ci ilədək”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan hərb sənəti 1920-1939-cu illər”, “İkinci Dünya müharibəsi", "Azərbaycan hərb sənəti 1946-1991-ci illər", "Azərbaycan hərb sənəti müstəqillik dövründə", "Heydər Əliyev və ordu quruculuğu", "Azərbaycanın müasir Silahlı Qüvvələri" adlı zalları fəaliyyət göstərir.

Muzeyin ərazisində açıq səma altında böyük eksponatlar - tanklar, piyada döyüş maşınları, təyyarələr, artilleriya silahları, hava hücumundan müdafiə, hərbi dəniz sistemləri və digər silahlar nümayiş etdirilir. Muzeyimizdə tez-tez məktəblilər, gənclər, eləcə də qonaqlar üçün ekskursiyalar keçirilir, bundan başqa, xalqımızın hərb tarixinə, əlamətdar günlərə həsr olunmuş konfranslar, dəyirmi masalar, seminarlar və digər tədbirlər təşkil edilir”.

Muzey rəisi qeyd edib ki, muzeydə Azərbaycan Ordusunun 44 günlük tarixi Zəfərinə həsr edilmiş sərgi hazırlanıb: “Burada rəşadətli Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi şücaət, şəhid və qəhrəmanlarımızın xatirə eksponatları, həmçinin, işğalçı Ermənistan ordusunun Qarabağda atıb qaçdığı silah və hərbi əşyalar qonaqlara nümayiş olunur”.

Muzeylə tanışlıqdan sonra Vətən müharibəsində döyüşən zabitlərlə görüş keçirilib.

Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenant Rahib Cavadov bildirib ki, əsası 1918-ci ildə qoyulmuş Azərbaycan Silahlı Qüvvələri son 30 ildə böyük inkişaf yolu keçib: “Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın ərazi iddiaları və silahlı təcavüzü ilə üz-üzə qalmışdı. İlk illərdə böyük çətinliklərlə qarşılaşan xalqımız güclü ordu, vahid komandanlıq, nizam-intizam olmadığına görə, torpaqlarımızın bir qismini 90-cı illərdə düşmən havadarlarının güclü hərbi-siyasi dəstə ilə işğal etməyi bacarmışdı.

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra böyük iqtisadi layihələrin gerçəkləşdirilməsi ordu quruculuğuna da yetərincə diqqət yetirilməsinə imkan yaratdı.

Prezident İlham Əliyevin hakimiyyəti illərində ordu quruculuğu prioritet sahə elan edildi. Silahlı Qüvvələrimizin maddi-texniki təchizatı baxımından böyük işlər görüldü, ordumuz dünyanın ən müasir silah və texnikası ilə təchiz edildi, hərbi hissələrimiz peşəkarlıq prinsipi ilə komplektləşdirilməyə başladı, təlim və məşqlər nəticəsində döyüş hazırlığı sahəsində yüksək keyfiyyət dəyişiklikləri baş verdi. Ordumuz qısa zaman kəsiyində dünyanın güclü 50 qüdrətli güc strukturu sırasına daxil oldu. 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin may ayında Günnüt əməliyyatı, 2020-ci ilin iyul ayında Tovuz döyüşləri, eləcə də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu düşmənə öz gücünü göstərdi və işğal edilmiş torpaqlarımızı azad etməyi bacardı. Müharibə günlərində ordumuzun hərb sənətinə gətirdiyi taktiki yeniliklər bu gün dünyanın güc mərkəzlərində diqqətlə öyrənilir”.

Rahib Cavadov onu da qeyd edib ki, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib: “Laçın rayonunun Səfiyan kəndində döyüşdə yaralandım. Yanımda şəhid olanlar da var idi. Müharibədən sonra “Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə", “Hərbi xidmətdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm”.

Müharibə zamanı Hava Hücumdan Müdafiə Qoşunlarında xidmət etmiş, Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin müəllimi, polkovnik-leytenant Amil Ağayev bildirib ki, 44 günlük Vətən müharibəsində bütün hərbi təhsil müəssisələrində olan müəllim kollektivi müharibəyə cəlb edilib: “Müharibədə hücum tapşırıqlarının yerinə yetirilməsi və yaxud qoşunlarımızın hücum tapşırığını yerinə yetirdikdən sonra həmin yerdə möhkəmlənmək üçün dəstək edirdik. Hücum zolağında tapşırıqlar alırdıq. Qarabağ bölgəsinin mürəkkəb relyefi olduğuna görə, hava qüvvələrimizə çətinlik yaranırdı. Düşmən 30 il o relyefdən öz xeyrinə daha yaxşı istifadə edə bilmişdi. Düşmən planlı aviazərbələr endirirdi. Bütün imkanlardan istifadə edirdilər. “Su-25” təyyarələrindən ağır çəkili bombalar atmağa başlayırdılar. Bu zaman, əsasən də, hava hücumdan müdafiə qoşunlarının üzərinə düşən yük çox idi”.

Polkovnik-leytenant vurğulayıb ki, müharibənin ilk günləri çox çətin keçib: “İtkilərimiz olsa da, qələbələrimiz də çox idi. Düşmənin 30 ildə qurduğu sədlər əsasən də, “Ohanyan səddi”ni bizim ordu keçdi. Ordumuz tərəfindən demək olar müharibənin ilk günlərində düşmənin hava hücumundan müdafiə vasitələrinin 40 faizi məhv edildi”.

Amil Ağayev deyib ki, müharibədə Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib: “Ali Baş Komandan tərəfindən “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişəm”.

Digər bir Vətən Müharibəsi iştirakçısı, mayor Mirzə Niftəliyev bildirib ki, müharibədə rabitəçi kimi fəaliyyət göstərib: “Biz də öz işimizi görməyə və ordumuzun hücumlarını artırmaq üçün rabitənin kəsintisiz və fasiləsiz çalışmasına nail olmuşuq. Şərəflə, vicdanla, məsuliyyətlə çalışmışıq. Bütün qoşun növləri müharibədə çox yaxşı iştirak etdiyi üçün qalıb gəldik. Bunun üçün də onlar bir-biri ilə sıx əlaqədə olmalıdırlar. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun və xalqının birliyi nəticəsində qazanılmış uğur göz qabağındadır. Döyüş yolumuz Cəbrayıl istiqamətindən başladı. Biz əks-hücuma keçməyə məcbur olduq. Düşmənin 30 il ərzində qurduğu mühəndis maneələrini bizim ordu məhv etdi. Cəbrayıldan sonra Füzuli, Hadrut, Şuşa istiqamətində irəlilədik”.

Zabit qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən müharibədən sonra "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Müharibə vaxtı Xüsusi Təyinatlı Qüvvələrdə döyüşmüş baş gizir Bəhram Əhmədov döyüş yolu Kəlbəcər istiqamətindən başlayıb: “Bir neçə gün orada döyüş tapşırıqlarını icra etdik. Daha sonra ordu tərkibində taktiki keçid etdilər və biz cəbhəni dəyişdik. Artıq döyüşə Cəbrayıl istiqamətindən başladıq. Beləliklə, Cəbrayıl və Xocavəndin bir neçə kəndi azad olundu. Növbəti günlərdə isə Hadrut azad olundu. Hadrut azad ediləndən bir qədər sonra biz yenidən irəliləməyə başladıq. Döyüş zamanı yaralandım və tibb müəssisəsinə təxliyə olundum”.

Bəhram Əhmədov diqqətə çatdırıb ki, xüsusi təyinatlı kursda 3 il təlimatçı kimi fəaliyyət göstərib: “Xüsusi təyinatların 30 faizini mən hazırlamışam. Mən özüm də belə nəticə gözləmirdim. Düzü çox şey gözləyirdik, amma bu qədər gözləmirdik. Təsəvvür etmədiklərimin şahidi oldum. Gənc nəsil özünü çox yaxşı göstərdi. Müharibədən sonra Ali Baş Komandan tərəfindən “Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", “Şücaətə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşam”.