Bu, ölkəmizin hərbi -siyasi uğurlarının təməl prinsipləridir
Prezident İlham Əliyevin Bakıda «Ortaq gələcək naminə dialoq» mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqi bir daha göstərdi ki, Azərbaycan yalnız mədəniyyətlərarası dialoqa ev sahibliyi edən dövlət deyil. Eyni zamanda, müxtəlif sivilizasiyaların dinc yanaşı yaşaması, dövlətlərin suverenliyinə hörmət və münaqişələrin siyasi iradə ilə həlli istiqamətində özünəməxsus təcrübəyə malik olan ölkədir. Sözügedən çıxışın mahiyyətində respublikamızın keçdiyi tarixi yola baxış, qazanılan uğurların təhlili və gələcək hədəfləri müəyyənləşdirmək dayanır. Azərbaycanın təcrübəsi göstərir ki, güclü dövlətçiliklə açıq cəmiyyət, milli maraqlara sadiqliklə beynəlxalq əməkdaşlıq, tarixi yaddaşla müasir inkişaf arasında dərin bağlılıq var.
Prezident İlham Əliyev Forumda Azərbaycan dövlətinin hərbi- siyasi və ideloloji nailliyyətlərinin həm də azərbaycançılıq ideologiyasının davamlılığı ilə izah etdi. Məlumdur ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri milli ideyanın sistemli şəkildə formalaşdırılması, azərbaycançılığın cəmiyyətin birləşdirici ideoloji dayağına çevrilməsi idi.
Ölkəmizin müstəqilliyinin ilk illərində dövlətçiliyin qorunması, milli birliyin möhkəmləndirilməsi və cəmiyyətin vahid məqsədlər ətrafında səfərbər olunması həyati əhəmiyyət kəsb edirdi. Məhz Ulu Öndər bu tarixi zərurəti düzgün müəyyənləşdirərək azərbaycançılığı yalnız etnik mənsubiyyətlə məhdudlaşmayan, ölkənin bütün vətəndaşlarını ümumi dövlətçilik ideyası ətrafında birləşdirən konsepsiya kimi inkişaf etdirdi.
Bu ideologiyanın gücü onun həm milli köklərə bağlılığında, həm də birləşdirici mahiyyətindədir. Azərbaycançılıq müxtəlif etnik mənsubiyyətlərin, dini inancların və mədəni ənənələrin vahid dövlət daxilində qarşılıqlı hörmət şəraitində yaşamasını təmin edən mənəvi-siyasi platformadır. Burada əsas meyar insanın etnik və dini mənsubiyyəti deyil, Azərbaycan dövlətinə bağlılığı, ölkənin inkişafına verdiyi töhfə və ortaq gələcəyə inamıdır.
Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində bu yanaşma müasir Azərbaycanın milli kimliyinin və beynəlxalq təqdimatının mühüm xüsusiyyətlərindən birinə çevrilib. Azərbaycanın müxtəliflik ənənələrinin kökləri isə müasir dövlətçilik tarixindən çox-çox əvvələ gedib çıxır. Qafqaz Albaniyası dövründən başlayaraq bölgənin tarixi məkanında müxtəlif etnik və dini icmaların mövcudluğu, mədəniyyətlərin qarşılıqlı təsiri və fərqli ənənələrin yanaşı yaşaması Azərbaycanın tarixi irsinin mühüm tərkib hissəsidir. Bu irsin müasir dövrdə qorunması və inkişaf etdirilməsi ölkəmizin mədəniyyətlərarası dialoq sahəsindəki mövqeyini gücləndirir. Azərbaycanın tarixi təcrübəsi sübut edir ki, müxtəliflik dövlət üçün parçalanma mənbəyi deyil, düzgün siyasət və qarşılıqlı hörmət şəraitində milli zənginlik yaradan amildir.
Bu gün çağdaş Azərbaycan öz tarixini bütöv şəkildə mənimsəyərək milli kimliyini daha möhkəm təməllər üzərində qurur. Ulu Öndərin formalaşdırdığı azərbaycançılıq ideologiyası və Prezident İlham Əliyev tərəfindən bu kursun daha mükəmməl şəkildə davam etdirilməsi bir çox uğurların qazanılmasına, milli həmrəyliyin, multikulturalizmin genişlənməsinə səbəb olmuşdur. Bir sözlə, azərbaycançılıq yalnız keçmişə aid mənəvi anlayış deyil, həm də bu günün siyasi, ictimai və mədəni həyatını istiqamətləndirən real və düzgün ideologiyajır. Təbii ki, azərbaycançılıq ideologiyası ölkəmizin beynəlxalq nüfuzunun artmasına, onun yalnız regional məsələlərdə deyil, qlobal gündəlikdə də söz sahibi olmasına şərait yaradır.
Azərbaycanın müxtəlif beynəlxalq platformalarda iştirakı, fərqli siyasi və iqtisadi mərkəzlərlə əməkdaşlığı, enerji və nəqliyyat təhlükəsizliyinə verdiyi töhfələr bu mövqeyi gücləndirir. Paytaxtımız artıq müxtəlif ölkələrin təmsilçilərinin bir araya gəldiyi, mürəkkəb məsələlərin müzakirə olunduğu və əməkdaşlıq imkanlarının araşdırıldığı mühüm beynəlxalq mərkəzlərdən biri kimi tanınır.
Elçin Zaman, "İki sahil"
Uşağın susan dili, danışan davranışları: nitq və psixoemosional inkişafın görünməyən siqnalları
Ermənistanda katolikosun işi üzrə özünə imtina verən hakimlə bağlı intizam icraatı başladılıb