23 iyun 2022 16:45
250

Əsası Ulu Öndər tərəfindən qoyulan Ordu quruculuğu cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. 1993-cü ildə xalqın çağırışı və təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı. Qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Ulu öndərimizin ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər bu gün öz tarixi təsdiqini tapmaqdadır. Qısa müddət ərzində müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı.

Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərindən ən mühümü dövlətimizin etibarlı qoruyucusu, müdafiəçisi olan Azərbaycan Ordusunun qurucusu və yaradıcısı olmasıdır. Ulu öndər ordu quruculuğuna elmi prinsiplər əsasında yanaşaraq qısa vaxt ərzində bu mühüm prosesi dövlət quruculuğunun tərkib hissəsinə çevirdi.Ardıcıl həyata keçirilən tədbirlər sayəsində ordu ilə xalqın vəhdəti, orduda mərkəzləşdirilmiş komandanlıq prinsipi tam təmin edildi.

2003-cü ildən etibarən Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir.Azərbaycan xalqı artıq 26 İyun - Silahlı Qüvvələr Gününü böyük qürurla, ruh yüksəkliyi ilə qeyd edir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəman əsgər və zabitləri 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmaqla tarix yazdılar. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hakimiyyətə gəldiyi  ilk gündən Ümummilli Liderimizin başlatdığı və uğurla inkişaf etdirdiyi  ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Bu siyasəti uğurla davam etdirən Möhtərəm Prezident cənab İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi.Silahlı Qüvvələrimizin Vətən Müharibəsindəki döyüş təcrübəsi bir çox inkişaf etmiş ölkələrin hərbi-elmi mərkəzləri tərəfindən hələ də öyrənilir və araşdırılır.

Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyevin çıxışlarında 44 gün davam edən Vətən Müharibəsində qazanılan  Şanlı Qələbənin əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını vurğulaması Azərbaycan Ordusunun qəhrəmanlığına və peşəkarlığına verilən yüksək qiymətin əyani təsdiqidir.

Ordu quruculuğunun  sütunu sayılan elm və hərbi təhsil sahəsinin inkişafı istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılır. Bu istiqamətdə atılan addımlar çərçivəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yaradılan Milli Müdafiə Universitetini xususi qeyd etmək lazımdır.

Dövlətimiz Vətən müharibəsində Şanlı Ordumuzun qazandığı Şanlı Qələbənin əbədiləşdirilməsi və Qalib Ordunun hərbçilərinin qəhrəmanlıqlarını yüksək dəyərləndirdi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan canab İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olundular.Həmin medal və ordenlərin təsis olunması Şanlı Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. 

Xalqın etimadını qazanmaqla tam mənada tarixi şəxsiyyətə çevrilən Möhtərəm Prezident İlham Əliyev cənablarının yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir.

Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! 

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri