23 iyun 2022 16:47
264

Qlobal Bakı Forumu beynəlxalq məsələlərin müzakirə olunduğu platformadır

Azərbaycan çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünə cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da keçirilən "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu müasir dünyamızın aktual məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu Forum müxtəlif ölkələrin təmsilçiləri və fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin etmək kimi böyük bir missiyanı həyata keçirir. Belə ki, Forumda 50-dən çox ölkədən nümayəndə, o cümlədən dövlət və hökumət nümayəndələri, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak edirdi. Vurğulayaq ki, Qlobal Bakı Forumu bu günə qədər müxtəlif mövzu və devizlə dünyanın aktual problemlərinin müzakirə olunduğu mühüm platforma kimi qəbul edilib. Əlbəttə ki, forumda müzakirə olunan mövzularla bağlı tanınmış və nüfuzlu şəxslərin fikir mübadiləsi aparmaları bölgəmizin və dünyamızın ehtiyac duyduğu geniş üfüqlər açan düşüncələri ortaya qoyur. Bu məsələlərin həll yolunu tapmaq üçün əsl qlobal platformaya çevrilən forumda dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsi üçün məsələlər müzakirə edilərək, son illərdə dünyanın ümumi çağırışları müzakirə olunur. Əlbəttə ki, bu gün də belədir.

Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər diqqətə çəkilib. Dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb. Müasir dünyamızda hazırkı geosiyasi vəziyyət haqqında fikirlər söylənilib, münaqişələrin aradan qaldırılması, müharibələrin baş verməməsi üçün beynəlxalq səviyyədə səyləri birləşdirməyin vacibliyi diqqətə çəkilib. Müzakirələr təbii ki, beynəlxalq aləmə töhfə verəcəkdir. Təhlükəsizlik, yeni dünya nizamı və sülhə nail olmaq müasir dünyamız üçün aktuallıq kəsb edən məsələlərdir.

Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edəcək. "Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq", – deyə Cənab Prezident bildirib. Qloballaşan dünyamızda hər bir ölkənin təhlükəsizliyə töhfə verməsi mühüm amillərdədir. Cənab Prezident bildirdiyi kimi, "Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Eyni zamanda, mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir".

Dövlət başçısı Azərbaycanın təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışdığını və Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizlik və sülh üçün bir fürsət olduğunu iştirakçıların diqqətinə çatdırıb. "Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir", - deyən Prezident İlham Əliyev vurğulayıb ki, əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq: "Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var". Sülh, təhlükəsizlik, fundamental insan hüquqları, ərzaq və enerji çatışmazlığı günümüzün əsas məsələlərindəndir. Müharibə və təhdidlər beynəlxalq səviyyədə müəyyən problemlər yaradır və bütün bu və ya digər məsələlərin həlli yollarının tapılmasında Forum müstəsna rola malikdir. Belə ki, müasir dünyanı narahat edən məsələlər Forumda müzakirə olunur və baş verən qlobal dəyişikliklərlə bağlı yaranmış çətinliklərin aradan qaldırılması yollarının müzakirəsi baxımından, böyük əhəmiyyət kəsb edir.

Azər Süleymanov, 
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri