24 iyun 2022 11:54
854

Kamran Bayramov: Prezident İlham Əliyevin Özbəkistana rəsmi dövlət səfəri tarixi əhəmiyyət kəsb edir

"Özbək və Azərbaycan xalqlarını ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.  Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra - 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. 
İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Azərbaycan-Özbəkistan dövlətləri arasında strateji münasibətlər mərhum prezident İslam Kərimov və ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. İki qardaş ölkə arasında əlaqələrin genişlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olub. Bu mənada,hər iki prezidentin iştirakıyla açılışını izlədiyimiz Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin yaradılması Ulu Öndərin xatirəsinə dərin ehtiramın, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətinin ifadəsidir."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

Kamran Bayramov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 21-22-də Özbəkistana dövlət səfəri tarixi əhəmiyyət kəsb edir.  Dövlətimizin başçısının da bəyan etdiyi kimi Özbəkistan səfəri və əldə edilən razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. Xüsusilə də, Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə qlobal xarakter daşımaqla yanaşı, gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri öz əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də,  həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.Heç şübhəsiz imzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır. 

Daha sonra deputat vurğulayıb ki, Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq.
Sonda deputat  hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini və  bu sahənin ölkələrimiz üçün prioritet oldğunu vurğulayıb.