Ölkədə siyasi dialoq ənənə və təcrübəsinin daha da dərinləşdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif səpgili layihələr icra olunur. Bu çərçivədə işğaldan azad olunmuş ərazilərə siyasi partiya rəhbərləri üçün birgə səfərlərin təşkili təcrübəsi xüsusi siyasi çəkiyə malikdir. Daha bir səfər bu gün Zəngilan rayonuna təşkil edilib.
Səfərdə iştirak edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “İki sahil”ə açıqlamasnda səfəri yüksək qiymətləndirdi.
Artıq Zəngilanın Ağalı kəndində olduqlarını deyən partiya sədri bildirdi ki, bir az əvvəl Həkəri çayının Zəngilan rayon ərazisindən keçən hissəsinə balıq buraxılması mərasimində iştirak ediblər: "Bu səfərin əhəmiyyət çox böyükdür. Torpaqlarımız 30 il ərzində işğal altında idi və nəhayət ki, 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad edildi. Ölkə başçısından tutmuş sıravi vətəndaşa qədər hamı "dəmir yumruq" kimi birləşdi və qələbə qazandıq. İndi azad olunmuş torpaqlarımızda tikinti, quruculuq işləri həyata keçirilir və biz də bu prosesə yaxından izləmə imkanı əldə etmişik. Ona görə belə bir səfərin təşkil edilməsi çox xoşdur. İşğaldan azad olunmuş rayonlarımızdan biri olan Zəngilan rayonuna səfər təşkil etdiyi üçün də Prezident Administrasiyasının Siyasi partiyalarla iş şöbəsinə təşəkkürümü bildirirəm".
Elşad Musayev qeyd etdi ki, bu cür səfərlərdə iştirak etmək, azad olunmuş ərazilərdə olmaq hər bir vətəndaş üçün böyük xoşbəxtlikdir: "Son 200 ildə ilk dəfədir ki, itirdiyimiz torpağımızı işğaldan azad edirik, qaytarırıq. Bu, çox böyük hadisədir. Bu, həm də, millət olaraq bizim nə qədər güclü olduğumuzu göstərir. Əyilmiş qürurumuz yenidən qalxdı. Biz Azərbaycan xalqı olaraq çox xoş hisslər yaşayırıq. Bundan sonrakı mərhələdə də bərpa quruculuq işləri sürətlə davam edəcək və insanlarımız öz yurd-yuvalarına tezliklə qayıtacaqlar. Burada gördüklərimiz də təsdiqləyir ki, tezliklə Böyük Qayıdış başlayacaq."
Röya Rasimqızı, “İki sahil”