24 iyun 2022 17:23
971

Həqiqətlərimizin təbliğində hər birimiz səfərbər olmalıyıq - Əsli Kazımova

“Bir Azərbaycan vətəndaşı olaraq 30 illik həsrətdən sonra işğaldan azad edilmiş regionlarımıza səfər etmək mənim üçün böyük bir şansdır. Bu torpaqların azad edilməsi uğrunda gedən döyüşlərin hər bir anı Azərbaycan tarixinə qızıl hərflərlə və igidlərimizin qanı ilə yazılıb. Bir siyasətçi olaraq isə bizlər həm də ölkəmizin, dövlətimizin təbliğatçısıyıq.”

Bu sözləri “İki sahil”ə açıqlamasında Sosial Rifah Partiyasının sədri Əsli Kazımova bildirib.

O, qeyd edib ki,  bu səfərlər çərçivəsində biz erməni barbarlarının torpaqlarımızda törətdikləri vəhşiliklərin canlı şahidi olduq: “Buradan əldə olunan materiallar bizə xarici mediada, eləcə də beynəlxalq əlaqələrimiz vasitəsilə Azərbaycan reallıqlarını təbliğ etməyə imkan verir. Sosial Rifah Partiyası həm 44 günlük Vətən müharibəsi dövründə, həm də postmüharibə dövründə Azərbaycanın haqlı mübarizəsi, ermənilərin apardığı işğalçı siyasətlə bağlı həqiqətləri təbliğ edib. Biz dəfələrlə xarici mediada tarixi, dini abidələrimizin dağıdılması ilə bağlı məsələlər qaldırmışıq. Bu işdə bütün vətəndaşlar fəal olmalıdır. Ölkəmizi düşməndən qorumaq ümummilli məsələmiz olduğu kimi, həqiqətlərimizin təbliğinin aparılmasına da hər birimiz səfərbər olmalıyıq. İnanıram ki, bütün siyasətçilər bu işdə aktivlik nümayiş etdirəcəklər və hər birimiz fəal Azərbaycan təbliğatçısına çevrilə biləcəyik.”

Nilufər Mustafaqızı, “İki sahil”