24 iyun 2022 17:37
1776

Bu cür səfərlər iqtidarla müxalifət arasında dayanıqlı dialoq ənənələrinin dərinləşməsinə xidmət edir - Ağasif Şakiroğlu

İyunun 24-də siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə media nümayəndələrinin bu gün Zəngilan rayonuna səfəri təşkil olunub.  Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu səfərlə bağlı təəssüratlarını “İki sahil”lə bölüşərkən qeyd etdi ki, elə hisslər var ki, onları sözlə ifadə etmək imkansızdır: "Bu gün bizim üçün həqiqətən də çox qürurverici, tarixi bir gündür. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının təşkilatçılığı ilə keçirilmiş səfər bizim üçün çox əhəmiyyətli və dəyərlidir. Bu torpaqlarda yaşadığımız hissləri sözlə ifadə etmək mümkün deyil. Burada gördüyümüz hər bir abidəni, şəhərin hər bir hissəsini həmişə şəkillərdə, videolarda görmüşük. Amma bu gün bütün bunları real olaraq görürük."

Ağasif Şakiroğlu bildirdi ki, Zəngilana təşkil olunan səfər çərçivəsində iştirakçılar işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən aparılan minatəmizləmə fəaliyyəti, habelə  abadlıq, yenidənqurma işləri, infrastruktrun yenilənməsi, eyni zamanda, “Böyük qayıdış”ın rəmzi olan “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə tanış olduq: "Səfər çərçivəsində Zəngilanın turizm potensialı ilə tanış olmaq imkanı qazandıq. Bütün bunlarla yanaşı, Zəngilandan keçən loqistik layihələr, Zəngilan Beynəlxalq Hava Limanı, Zəngilan-Horadiz avtobil yolu, eləcə də Horadiz-Zəngilan-Ağbənd beynəlxalq dəmir yolu haqqında ətraflı məlumatlar aldıq.”

Partiya sədri diqqətə çatdırdı ki, bu cür səfərlər  iqtidar və müxalifət arasında demokratik məzmunlu dayanıqlı dialoq ənənələrinin dərinləşməsinə xidmət edir: “Ölkənin demokratik məzmunlu siyasi dialoq təcrübəsini zənginləşdirən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam və Şuşa şəhərlərinə təşkil  olunmuşdur. Növbəti, artıq üçüncü dəfə isə Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə  iyunun 15-də Şuşada keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda  iştirak etmək üçün partiyalar səfərə çıxmışlar. Ölkənin siyasi tarixində ilk dəfər olaraq müxalif siyasi partiyalar iqtidar tərəfindən təşkil olunmuş rəsmi dövlət tədbirində iştirak etmişlər. Bu gün də Zəngilana səfər və bundan sonrakı dövrdə gerçəkləşəcək digər tədbirlər yeni bir siyasi ənənədir.   Bu gün  artıq yeni siyasi konfiqurasiyanın inkişaf edir, hansı ki, mövzu dövlətçilik olduqda iqtidar və müxalifət siyasi kimliyini kənara qoyur. Hesab edirəm ki, çox da uğurla həyata keçirilir.” 

Həmsöhbətimiz əlavə etdi ki, güclü partiya heç zaman iqtidarla sivil dialoq mühitindən yayınmaz, kənarda qalmaq istəməz: "Güclü siyasi partiya ölkədə siyasi sistemin, mühitin dəyişilməsi istiqamətində iradəsini ortaya qoyar. Dialoq masasının üzərinə  layihəsini qoyar və mövqeyini ifadə edər.  
Sonda partiya sədri vurğulayıb ki, bu səfər tarixi səfərdir. Rəhbərlik etdiyim partiya adından bu əminliyi də sizinlə bölüşürəm ki, sizə növbəti açıqlamamı da Zəngəzur dəhlizinin açılması haqqında verəcəyəm."

Yaqut Ağaşahqızı, “İki sahil”