Gültəkin Hacıbəyli zombiləşmiş missionerdir
Siyasətin çirkin iş olduğu haqqında belə deyirlər: “Əslində siyasət çirkin deyil, siyasətlə çirkin insanlar məşğul olanda o çirkin olur”. Son zamanlar dağıdıcı müxalifət düşərgəsində AXCP sədri Əli Kərimlinin maşası rolunu məharətlə ifa edən “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin sosial şəbəkələrdəki həqiqətdən uzaq, şər-böhtan dolu çıxışlarını dinlədikcə həmin fikirlərin həqiqiliyinə bir daha əmin oluruq.
Əslində hər addımda ikiüzlülüyü, riyakarlığı ilə özünü ifşa edən, Milli Məclisin üzvü olanda dövlətin imtiyazlarından gen-bol istifadə edərək komfort şəraitində yaşayan, heç vaxt seçicilərinin problemləri ilə maraqlanmayan, “Araz aşığımdan, Kür topuğumdan” fəlsəfəsi ilə cəh-cəlal içində kef edən, yağ içində böyrək kimi bəslənən bu üzdəniraq xanım siyasətçi tamamilə başqa cür danışırdı. Bəli, G.Hacıbəylinin o zamanlar dağıdıcı müxalifət düşərgəsi haqqında aqressiv çıxışlarını hamımız yaxşı xatırlayırıq.
Əgər bir neçə il bundan əvvələ qayıdaraq həmin dövrlərdə mətbuatda yazılanlara diqqət etsək, hər şeyi bir daha açıq-aşkar görərik. Belə ki, AXCP-nin orqanı olan “Azadlıq” qəzetinin 2005-ci il 2-3 oktyabr tarixli sayında “Azadlıq” blokunun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən vahid namizədi Elçin Rzayevin müsahibəsinə diqqət edək: “...İndi dairənin seçicilərini ən çox bir məsələ maraqlandırır. Onlar Gültəkin Hacıyevanın hansı üzlə yenidən namizədliyini bu dairədən irəli sürməsini başa düşə bilmirlər. Özünü avropalı xanım sayan Gültəkin Hacıyeva, görəsən Avropanın demokratik dəyərlərinə niyə sayğı göstərmir? Onun hələ bu əraziyə gəlib əhalinin hansısa problemi ilə məşğul olduğunu, insanların gün-güzəranı ilə maraqlandığını görən olmayıb. Rayonda onun nüfuzu olduqca aşağıdır. Haqqında uzun-uzadı söz-söhbətlər dolaşır...”.
Bəli, bütün bunlara görə seçiciləri bu reneqat xanıma yenidən etimad göstərmədilər. Bundan qeyzlənən G.Hacıbəyli birdən-birə dönüb oldu Ə.Kərimlinin inhisarında olan “Milli Şura”nın üzvü. Həmin vaxtdan etibarən “demokrat” mantiyasına bürünürək anti-Azərbaycan dairələrin və ermənipərəst qüvvələrin maliyyəsi ilə yemlənərək ölkəmizin əleyhinə sosial şəbəkələrdə meydan sulayan G.Hacıbəyli “Milli Şura”ya üzv olmazdan əvvəl sən demə müxalifət düşərgəsində təmsil olunan neçə-neçə təşkilatın qapısını döyüb. Getdiyi qapılardan qovulan G.Hacıbəyli nəhayət ki, antimilli ünsürlərin toplandığı “Milli Şura”da lövbər salıb. Necə deyərlər, qazan dığırlanıb qapağını tapıb.
Bir müddət əvvəl ReAL Partiyasının icra katibi Natiq Cəfərlinin Gültəkin Hacıbəyli haqqında yazdıqları bu “Milli Şura”çı xanımın qaranlıq əməllərinin bir qisminin üzərinə işıq saldı. Burada N.Cəfərli G.Hacıbəylinin bir zamanlar ReAla gəlmək istəməsi məsələsinə də aydınlıq gətirib: “2010-cu ilin parlament seçkilərindən sonra Gültəkin xanımın “ReAl”ın idarə heyəti ilə görüşü oldu. Xeyli söhbət etdik və qərara gəldik ki, ikinci görüş də olsun. Sonra öz aramızda müzakirələr apardıq və ikinci görüşə ehtiyac olmadığı səsvermə yolu ilə qəbul edildi. Fikirləşdik ki, Gültəkin üçüncü dəfə deputat olmadığına görə qəzəblidir və onun müxalif düşüncəsi ideoloji yox, qəzəbdən doğub. O üzdən, ikinci görüşü məsləhət bilmədik ki, bu barədə onunla ətraflı danışaq”.
Xarici anti-Azərbaycan dairələrin maşası olan “Milli Şura”nın üzvü, siyasi savadsızlığını ört-basdır etmək üçün sosial şəbəkələrdə öz ölkəsinə, dövlətçiliyimizə qarşı şər-böhtan dolu çıxışları ilə gündəmi zəbt etməyə çalışan G.Hacıbəylinin vaxtilə keçmiş həyat yoldaşının və qayınanasının başına açdığı oyunları da cəmiyyətimiz yaxşı bilir. Söhbət G.Hacıbəylinin hələ evli olan zaman qaynanasından, evini təmir etdirmək, mebel almaq üçün 50 min dollar borc almasından və qaytarmamasından gedir.
Təbii ki, belə bir şəxsin bu gün sosial şəbəkələrdə, xarici kəşfiyyat orqanlarının maliyyələşdirdiyi internet TV-lərdə tez-tez haqq-ədalətdən, mənəviyyatdan moizələr oxuması heç bir əndazəyə sığmır. Təpədən-dırnağa qədər bataqlığa batmış “Milli Şura”nın dolanbaclarında veyillənən, cəmiyyətdə riyakarlığı, satqınlığı və xəbisliyi ilə tanınan, hər addımda AXCP sədri Əli Kərimlinin tapşırıq və sifarişlərini icra edən G.Hacıbəyli kimi zombiləşmişlərin demokratiya pərdəsi altında manipulyativ əməllərini, antimilli fəaliyyətini ictimaiyyətimiz ikrahla qarşılayır və birmənalı olaraq rədd edir. Belə yerdə Azərbaycan şairi Qasım bəy Zakirin hələ XIX əsrdə qələmə aldığı “Özü lüm-lüm atır batində əmma, Zahirdə dediyi mənaya bir bax” kimi sətirlərini xatırlamaq yerinə düşər…
Zahid Rza, “İki sahil”