Ölkəmizdə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə media nümayəndələrinin iştirakı ilə iyunun 24-də Zəngilan rayonuna səfər təşkil olunub. Səfər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə reallaşıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu səfər sayca dördüncüdür. Siyasilər arasında sağlam əməkdaşlıq mühitinin formalaşması, habelə konstruktiv münasibətlərin bərqərar olunmasına xidmət edən bu cür layihələr bilavasitə ölkə başçısı İlham Əliyevin dövlət siyasətində demokratik prinsip və dəyərlərə üstünlük verməsinin təzahürüdür.
Zəngilan səfərində iştirak edən Ağ Partiyasının sədri Tural Abbaslı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu səfər siyasi partiyaların işğaldan azad olunmuş ərazilərə dördüncü səfəridir: “Düşünürəm ki, bu, daha çox siyasi, mənəvi bir tədbirdir. O baxımdan ki, həm dünyaya, həm də Azərbaycan auditoriyasına mesaj verilir ki, ölkənin milli maraqları, o cümlədən ərazi bütövlüyü, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması kimi məsələlərdə iqtidarın və müxalifət partiyalarının mövqeyi üst-üstə düşür. Səfər 44 günlük Vətən müharibəsində ortaya qoyulan milli birliyin, həmrəyliyin davam etdiyini göstərmək baxımından önəmlidir.”
T.Abbaslı qeyd etdi ki, bu səfərdə ölkədə fəaliyyət göstərən demək olar ki, bütün partiyaların ya sədrləri, ya da ki, nümayəndələri təmsil olunurlar və Qarabağ məsələsində birlik, həmrəylik göstərirlər: “Biz hazırda Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd”dəyik. Burada kəndin yenidən qurulması, funksiyaları haqqında təqdimat oldu. Düşünürəm ki, bu da bir nümunədir. Belə bir yerdə yüksək səviyyəli bir “ağıllı kənd”in salınması həm də bir mesajdır ki, 30 illik həsrətdən sonra doğma torpaqlarımızda müasir yaşayış məntəqələri yaradılır. Əslində buradakı şərait bir çox hallarda Bakıda belə yoxdur. Söhbət ekoloji, təmiz enerjinin əldə olunması və digər sahələrdən gedir. Bütün bunların siyasi mesaj və mənəvi anlamda böyük mənası var.”
Cavid Əkbərov, “İki sahil”