İki ölkənin hökumətləri arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
Xəbər verildiyi kimi, iyunun 23-də Rusiya Federasiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlib.
İyunun 24-də iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş olub. Nazirlərin arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Görüşün sonunda xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Belə ki, son aylar bir sıra faktlarla bağlı problemli məsələlər olub. Rusiya Federasiyasında Azərbaycanın bir neçə özəl media resursu, bu ay isə RİA Novosti ölkəmizdə bloklanıb. Təbii ki, görüşdə iki ölkəni narahat edən bu mövzuya da toxunulub. Xüsusilə qeyd olunub ki, bu kimi halların nəticələrini aradan qaldırmaqdansa, qarşısını almaq üçün daha stimullaşdırıcı mexanizmlər işlənilməlidir. Bu kimi halların qarşısını almağa çalışmaq daha məhsuldar görünür.
Qeyd olunub ki, bir-birimizin qanunlarına hörmət və bu qanunlara əsaslanan məlumat azadlığı prinsiplərinə əsaslanaraq, hər iki tərəfin aparıcı KİV rəhbərləri arasında xüsusi silsilə tədbirlər keçiriləcək. Razılaşmaya əsasən, belə məsləhətləşmələr Xarici İşlər nazirliklərinin informasiya xidmətlərinin himayəsi altında təşkil olunacaq.
Bu Saziş Azərbaycan və Rusiya arasında informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınması baxımından olduqca əhəmiyyətlidir. Tərəflər Sazişə əsasən təhlükəsizlik və sabitliyin qorunub saxlanılmasını, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörməti, mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsini, güc və güclə təhdid tətbiq etməməyi, bir-birlərinin daxili işlərinə qarışmamağı, insan hüquq və əsas azadlıqlarına hörməti təmin etməlidirlər. Həmçinin tərəflər ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmamaq prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyəti təmin etməlidirlər.
Saziş bərabərhüquqlu beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan, başlıca təhdidlərə qarşı, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və s. hallarda İKT-dən istifadə edilməsi ilə mübarizəni nəzərdə tutur. Həmçinin bu texnologiyalardan sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədi ilə istifadə məqsədi güdən əməkdaşlıq çərçivəsidir.
Ümumiyyətlə, Azərbaycan və Rusiya arasında mövcud olan strateji tərəfdaşlıq və əməkdaşlıq bir çox istiqamətlərdə uğurla inkişaf edir. Cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur. İl ərzində bu münasibətlə bir sıra tədbirlərin həyata keçirilməsi davam etdiriləcək.
Cari il ərzində Rusiya Federasiyasının xarici işlər naziri azərbaycanlı həmkarı ilə indiyədək 4 görüş keçirib. Bu görüşlərdə ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində, əməkdaşlıq münasibətlərinin inkişafı perspektivləri, habelə ikitərəfli müqavilə hüquqi bazasının möhkəmləndirilməsi məsələləri yüksək səviyyədə müzakirə edilib. Heç şübhəsiz ki, bu, münasibətlərin intensivliyinin göstəricisi kimi qeyd olunmalıdır. Cari ildə qeyd edilən diplomatik əlaqələrin 30 illiyi əməkdaşlığın bütün istiqamətlər üzrə inkişafı üçün yaxşı fürsət yaradır və bu xüsusda keçirilən tədbirlər xüsusilə təqdirəlayiqdir.
Cavid Əkbərov, “İki sahil”