24 iyun 2022 20:43
785

Zəngilanda işğaldan azad edilən ərazilərin necə dirçəldildiyinin şahidi olduq - Arzuman Abdulkərimov

“Torpaqlarımız işğaldan azad edildikdən sonra bu bölgələrə səfərlər təşkil olunur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə artıq bu, sayca 4-cü səfərdir. Bu dəfəki səfərimiz Zəngilan rayonuna oldu. Biz burada həyta keçirilən bərpa və quruculuq işləri ilə tanış olduq.”

Bu sözləri “İki sahil”ə açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov söyləyib. Onun sözlərinə görə səfərdə siyasai partiya sədrləri, politoloqlar, siyasi şərhçilər və jurnalistlər təmsil olunurdular:  “Onu deyə bilərəm ki, yol boyu gəldikcə,  dağıdılmış şəhər və kəndlərimizi gördükcə bir daha erməni vəhşiliklərinin şahidi olduq. Ermənilər heç vaxt bu torpaqlara özlərininki kimi baxmayıblar. Əgər doğurdan da onlar hesab edirdilər ki, bu torpaqlar ermənilərə aiddir, o zaman burada vandalizm aktlarını həyata keçirməzdilər. Onlar gözəl bilirdilər ki, bu torpaqlarda müvəqqətidirlər. Ona görə də soydaşlarımızın illər boyu qurub yaratdıqları hər bir şeyi daşına qədər yıxıb dağıdıblar. İndi şükürlər olsun ki, burada quruculuq işləri sürətlə davam edir.”

“Biz Zəngilana vurulmuş ekoloji ziyandan sonra artıq bərpa işlərinə başlanıldığını müşahidə etdik” - deyən A. Abdulkərimov onu da bildirib ki,  ermənilər bu ərazilərə bacara bildikləri qədər ziyan vurublar: “Biz bu gün artıq Həkəri çayına balıqların buraxılması mərasimində iştirak etdik, Qarabağın necə dirçəldildiyinin şahidi olduq. Burada hər bir incə nüans ayrı-ayrılıqda hesablanılıb, düşünülüb. Zəngilanda Ağalı kəndində olduq. Burada analoqu olmayan “Ağıllı kənd” layihəsi ilə yaxından tanış olduq.  Ağalıda çox ciddi arxitektura, planlama işləri görülüb ki, kəndin müəyyən hissəsi hazırdır. Hesab edirik ki, zəngilanlılar çox qısa zamanda öz doğma torpaqlarına qayıdacaqlar. Biz  Azərbaycan Ordusuna və onun rəhbəri, cənab Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımızı bildirməyi özümüzə borc sayırıq ki, bu qüruru bizə yaşatdılar.”

Nilufər Mustafaqızı, “İki sahil”