25 iyun 2022 12:12
546

Taro Savada: “JFEX-2022” beynəlxalq sərgisi Azərbaycan şirkətləri üçün çox uğurlu oldu

İyunun 22-dən 24-dək Tokionun möhtəşəm “Big Sight” sərgi salonunda təşkil edilən “Japan Food Expo Fair-2022” ( JFEX-2022) beynəlxalq sərgisi Azərbaycan şirkətləri üçün çox uğurlu oldu.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibədə həmin ölkənin “TET International Development Co.LTD” şirkətinin prezidenti Taro Savada deyib. Yapon iş adamı bildirib ki, sərgidə ölkəmizin “Made in Azerbaijan” brendi ilə tanınan yüksəkkeyfiyyətli, rəqabətədavamlı və orqanik məhsulları həm bu gündoğar ölkənin, həm də Asiya regionunun şirkətləri tərəfindən böyük maraqla qarşılandı.

Qeyd edək ki, “JFEX-2022” beynəlxalq sərgisi Asiya regionunun qida məhsulları və içkilər üzrə ən böyük sərgilərindən biri hesab edilir. Koronavirus pandemiyasının enişə doğru getdiyi vaxtda təşkil olunan sərgidə dünyanın, o cümlədən Yaponiyanın 1500-dən çox şirkəti məhsullarını ziyarətçilərə təqdim edib. Üç gün davam edən sərgiyə həm Yaponiyadan, həm də dünyanın müxtəlif ölkələrindən on minlərlə ziyarətçi qatılıb.

Sərgidə Azərbaycan şirkətlərinin yüksək səviyyədə təmsil olunduğunu qeyd edən “TET International Development Co.LTD” şirkətinin prezidenti T.Savada deyib: “Sərgi günlərində Azərbaycan stendinin böyük maraqla qarşılandığını siz də gördünüz. Hər gün demək olar ki, 300-dək ziyarətçi stendimizə yaxınlaşaraq Azərbaycan məhsulları ilə tanış olurdu. Yaponiyanın həm böyük ticarət təşkilatlarının, həm də topdansatış şirkətlərinin də Azərbaycan məhsullarına böyük marağına şahidlik etdik. Bu isə deməyə əsas verir ki, sərgi Azərbaycan şirkətləri üçün çox uğurlu keçdi və tezliklə Azərbaycan məhsullarının Yaponiya bazarında daha geniş satışının şahidi olacağıq. Fürsətdən istifadə edib sərgiyə qatılan Azərbaycan şirkətlərinə və sərgi günlərində bizi dəstəkləyən diaspor təşkilatının fəallarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan şirkətlərini, o cümlədən Naxçıvan iş adamlarını isə Yaponiyada keçiriləcək sərgilərdə daha fəal iştiraka dəvət edirəm”.

Beynəlxalq sərginin Azərbaycanın orqanik məhsullarının tanıdılması baxımından əhəmiyyətini qeyd edən “AZGRANATA” şirkətinin İdarə Heyətinin sədri Ceyhun Bəxtiyarlı da sərginin uğurlu olduğunu deyib: “Sərginin nəticələrini çox uğurlu hesab edirik. Burada Azərbaycan məhsullarına olan diqqət bizim gözlədiyimizdən qat-qat çox oldu. Çoxsaylı şirkətlərin nümayəndələri ilə ilkin tanışlıq və danışıqlar apardıq. Ümid edirik ki, tezliklə bunun nəticələrini hiss edəcəyik. Məhsullarımıza göstərilən böyük maraq bunu deməyə ciddi əsas verdi”.

Zaqatalanın “AHEC” şirkətinin məhsullarını Yaponiya bazarına artıq bir ildir ki, ixrac etdiklərini xatırladan şirkətin təsisçisi İsmayıl Orucov da sərginin çox böyük uğurla keçdiyini deyib: “Üç gün ərzində Azərbaycan məhsullarına yaponiyalı alıcılar tərəfindən böyük marağın şahidi olduq. Artıq bir ildir Yaponiya bazarına məhsul verməyimizə baxmayaraq, sərgi zamanı yeni müştərilərlə görüşdük. Ümid edirəm ki, Azərbaycanın ixrac coğrafiyasında Yaponiya önəmli rol oynayacaq və biz bu ölkəyə məhsul ixracını artıracağıq”.

Yaponiyada beynəlxalq sərgidə iştirakın faydalı olduğunu qeyd edən “ECODRY” şirkətinin direktoru İsaməddin Dəmirov da burada böyük maraqla qarşılandıqlarını bildirib: “Bu gün sərginin sonuncu günü olmasına baxmayaraq, hələ də ziyarətçilərin sayı çoxdur. Sərgidə təqdim edilən Azərbaycan məhsullarına maraq çox böyükdür. Ümumiyyətlə, sərgi çox uğurlu keçdi, məhsullarımıza həddindən artıq böyük maraq var idi. Ziyarətçilər arasında yalnız yaponlar deyil, Asiyanın müxtəlif ölkələrinin nümayəndələri yer alırdı. Ziyarətçilər məhsulların həm keyfiyyətindən, həm də qablaşdırmadan məmnun olduqlarını bildirirdilər. Həmçinin qiymət strategiyasının da uğurlu olmasının şahidi olduq. Aparılan danışıqlara əsasən deyə bilərəm ki, “Made in Azerbaijan” brendli məhsulların Yaponiyaya ixracını tezliklə həyata keçirməyə başlayacağıq”.

Azərbaycan şirkətlərinin Yaponiya səfərinin təşkilində xüsusi rola malik olan Yaponiyanın “LDS Group”nun rəhbəri Tamiyuki Miyamoto da sərginin nəticələrini yüksək qiymətləndirib: “Azərbaycan xalqını buradan salamlayıram. Artıq üç gündür ki, “JXEX-2022” sərgisinə qatılan ziyarətçilərin Azərbaycan stendinə böyük marağını görürük. Bu, bizi çox sevindirir. Çünki Azərbaycanı dost ölkə olaraq çox sevirik. Yaponiya şirkətlərinin Azərbaycan məhsullarına göstərdiyi böyük maraq isə bizi bu işi daha böyük inamla həyata keçirməyə həvəsləndirir. Azərbaycanın keyfiyyətli və dadlı məhsullarını Yaponiya və ətraf ölkələrin bazarlarına çıxarmaq üçün daha əzmlə çalışacağıq”.