03 iyul 2026 22:15
133

Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri üçün təşkil olunan silsilə məlumatlandırma sessiyaları başa çatıb

Enerji Dialoqu Platforması çərçivəsində SOCAR-ın və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə gənc media nümayəndələri üçün keçirilən silsilə məlumatlandırma sessiyaları başa çatıb.

“İki sahil” xəbər verir ki, 9 iyun - 3 iyul 2026-cı il tarixlərində “Qlobal enerji bazarlarında yeni çağırışlar: etibarlı tərəfdaşlıq və Azərbaycanın strateji rolu” mövzusunda keçirilən məlumatlandırma sessiyalarının bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun və SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynovanın iştirakı ilə təşkil olunan mərasimdə layihə çərçivəsində gənc jurnalistlərin Azərbaycanın enerji strategiyası, SOCAR-ın çoxşaxəli fəaliyyəti, eləcə də dünya enerji bazarlarında baş verən proseslər barədə dolğun məlumat əldə etdikləri vurğulanıb. Bu xüsusda, proqramın enerji sahəsi üzrə ixtisaslaşan gənc media nümayəndələrinin məlumatlılığının daha da artırılması baxımından önəmi qeyd olunub.

Layihə ilə bağlı təəssüratlarını bölüşən gənc media nümayəndələri proqramın olduqca səmərəli keçdiyini, ölkəmizdə enerji sahəsi üzrə əldə olunan nailiyyətlərə, SOCAR-ın Azərbaycan ilə yanaşı, Türkiyədəki və digər ölkələrdəki fəaliyyətinə dair önəmli məlumatlar əldə etdiklərini bildirib, bu imkanın yaradılmasına görə təşəkkürlərini ifadə ediblər.

Sonra silsilə məlumatlandırma sessiyalarında iştirak edən gənc media nümayəndələrinə sertifikatlar təqdim olunub.

Orxan Vahidoğlu, "İki sahil"