25 iyun 2022 20:50
713

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz modernləşdirilir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şərəfli tarixi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ümummilli liderin Azərbaycanda ordu quruculuğu sahəsində gördüyü işlərin başlanğıcı hələ Sovetlər dövrünə təsadüf edir. Belə ki, Ulu Öndərin qətiyyəti sayəsində hələ 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəb – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradılmışdı. Eyni zamanda, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumasına, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olunmuşdu. Bu dövrdə yetişdirilən hərbi kadrlardan müstəqil Azərbaycan Ordusunun yaradılması zamanı geniş istifadə olunmuşdu. Müstəqilliyin ilk illərində hakimiyyət özbaşınalığı və Ermənistanın təcavüzü nizami ordunun yardılmasına əngəl törədən əsas faktorlar idi. Lakin Ulu Öndərin düşünülmüş siyasəti nəticəsində Ermənistanla atəşkəs müqaviləsinin imzalanması ölkədə ordu quruculuğu işini sürətləndirdi. Hərbi texnikaların, silah-sursatın alınması, hərbçilərin peşəkarlıq səviyyəsinin artırlması, həmçinin hərbçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırlması Ulu Öndər Heydər Əliyevin Prezident, Ali Baş Komandan kimi həyata keçirdiyi siyasətin əsas xəttini təşkil edirdi.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu zamanın tələbləri çərçivəsində həyata keçirən Müəzffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə  Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusundan biridir. 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü düşmənlə yanaşı bütün dünyaya nümayiş etdirdi. Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəni iqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə əldə olunan uğurlar şərtləndirən mühüm amillərdir. Ən əsası isə bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran cənab İlham Əliyev kimi liderin olması  Azərbaycanın Vətən müharibəsindəki parlaq Zəfərinin təməlini təşkil edir.

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Azərbaycanın haqq işinə həm döyüş meydanında, həm də diplomatik müstəvidə rəhbərlik edərək xalqımızın məğrur, qorxmaz xalq adını özünə qaytardı. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkədə yetişən gənc nəsil müharibədə iştirak edənlərin böyük əksəriyyətini təşkil edirdi. Bu isə Azərbaycanda vətənpərvər ruhda gənc nəslin yetişdirildiyini əyani formada sübut edir. Ölkə başçısı müharibədən sonra hər bir çıxışında qeyd edir ki, müharibənin taleyini Azərbaycanın zabit və əsgərləri həll etdilər. Azərbaycan əsgəri torpaqlarımızın azadlığı naminə qorxmadan ölümə gedirdi. Bu gün cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid ailələri və qazilərə göstərilən yüksək diqqət-qayğı da məhz Azərbaycan əsgərinin əməyinə verilən yüksək qiymətdir.

Xalq-Ali Baş Komandan-Ordu birliyi nəticəsində Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin edib. Lakin Azərbaycan özünümüdafiə məqsədi ilə ordu quruculuğunu bu gün də davam etdirir. Ölkə başçısı çıxışlarında da qeyd edir ki, 44 günlük Vətən müharibəsinin hər bir günü təhlil edilib və əldə edilən nəticələrə əsaslanaraq ordu quruculuğu bundan sonra da davamlı olaraq həyata keçiriləcəkdir. Ən müasir silah-texnikaların alınması, yeni hərbi birləşmələrin-komando bölmələrinin yaradılması müharibədən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində atılan addmlardandır. Bir sözlə, Silahlı Qüvvələrin modernləşdirilməsi Müzəffər Ali Baş Komandan, Prezident  cənab İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərini təşkil edir.

Cavid Osmanov,

Yeni Azərbaycan Partiyası İdarə Heyyətinin üzvü,

Millət vəkili