25 iyun 2022 21:03
563

Tahir Rzayev: Azərbaycan Ordusu gücü və qüdrəti barədə söylənən fikirləri döyüş meydanında sübuta yetirdi

«Ulu Öndər heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.”»

Bu fikirləri Milli Məclisin Aqrar siyasət kamitəsinin sədri Tahir Rzayev «İki sahil»ə açıqlamasında bildirib.

T.Rzayev qeyd edib ki, son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Bunun sübutunu  44 günlük Vətən Müharibəsində hər kəs müşahidə etdi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, özü də buna güc yolu və siyasi vasitələrlə nail oldu. Yəni, Azərbaycan öz gücü hesabına, hərbi-siyasi yolla BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Bu savaş ilk gündən Azərbaycan Ordusunun qüdrətini, əsgər və zabitlərimizin yüksək döyüş ruhunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək düşmənə sarsıdıcı zərbələr endirdi. İllər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu və möhkəmləndirdiyi, minaladığı mürəkkəb konstruksiyalı mühəndis-istehkam qurğuları və digər müdafiə sistemləri ordumuz tərəfindən ilk həmlədə yarıldı. Beləliklə, Azərbaycan Ordusu gücü və qüdrəti barədə söylənən fikirləri ilk gündən döyüş meydanında sübuta yetirdi.

Şəmsiyyə Əliqızı,

«İki sahil»