Hərbi strategiya hərbi sənətin ən yüksək forması və digər elementləri bir-birinə birləşdirməyə kömək edən hərbi nəzəriyyənin bir qolu kimi başa düşülür. Nəzəri səviyyədə hərbi strategiya müharibələrin mahiyyəti, hərbi vasitələrdən istifadə etməklə onların qarşısının alınması yolları, ümumilikdə müharibənin aparılmasının üsul və formaları, strateji miqyasda hərbi hərəkətlərin aparılması haqqında biliklər sistemidir. Hərbi strategiya həm də dövlətin, xüsusilə də yüksək səviyyəli hərbi rəhbərliyin sülh dövründə müdafiəyə hazırlaşmaq və müharibə zamanı silahlı qüvvələri idarə etmək üçün həyata keçirdiyi tədbirlər və siyasətlərin praktiki məcmusudur. Bütün bunlarla yanaşı, hərbi strategiya hərbi əməliyyatlarda müxtəlif növ qüvvələrdən necə istifadə edilməli, onlara texniki və maddi-texniki təminat verilməli, silahlı qüvvələrin inkişafı üçün struktur və təşkili olmaqla tələblər və ordunu saxlayan sosial-iqtisadi təməl haqqında ümumi məcmu kimi də başa düşülür. Hərbi strategiya aktiv müdafiədən əlavə, aktiv hücum kimi də xarakterizə edilir. Çünki dünyada baş verən hadisələr sübut edir ki, müasir dövlətdə sadəcə insanların həmrəyliyi, fiziki qüvvənin inhisarı deyil, qanuni fiziki güc inhisarı olduqca önəmli məsələdir. Bu baxımdan hər bir dövlətin hərbi strategiyası olmalıdır. Hərbi strategiya isə strateji məqsədlərə çatmaq üçün vahid sxem və planda həyata keçirilən əlaqələndirilmiş tapşırıqları, zərbələri, əməliyyatları və döyüş hərəkətlərini əhatə edən strateji əməliyyatları birbaşa həyata keçirir. Belə strateji məsələlər isə təsadüf nəticəsində ərsəyə gəlmir. Buna illər, prinsipial mövqe, maddi vəsait, ən əsası isə xalqın mübariz ruhu nəticəsində nail olunur.
Hələ Sovet dövründə SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məhz Ümummilli Liderimiz Heydər Əliyevin bu günə hesablanmış uzaqgörən siyasətinin əsas tərkib hissəsi idi. Ulu Öndər azərbaycanlı zabitlərin Sovet qoşunlarında tutduqları vəzifələri, keçdikləri karyera yolunu mütəmadi olaraq diqqətlə izləyir və əlindən gələn hər şeyi edirdi ki, yüksək vəzifəli zabitlər arasında azərbaycanlılar da olsun. Bir sıra zabitlərin və generalların daha yüksək vəzifələrə təyin olunması, Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması o dönəmdə asan məsələ olmasa da buna məhz Ulu öndər Heydər Əliyev nail olmuşdur. İllər ərzində həyata keçirilən məqsədyönlü işlər eyni dəst-xəttlə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla icra edildi və nəticədə Azərbaycan ordusu dünyanın ən güclü ordularından biri oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin illər ərzində atdığı addımlar və müharibə zamanı soyuqqanlılığı, professionallığı və qətiyyəti dünyanın aparıcı dövlətlərində hərbi məktəblər tərəfindən öyrənilməyə başlandı, düşmənə qarşı müharibədə necə mübarizə aparacağına dair ümumi prinsipləri konseptuallaşdırmağa əsas verdi.
44 günlük müharibə sübut etdi ki, Azərbaycan xalqı illər ərzində qeyrətli oğullar yetişdirdi. Kadr hazırlığı məsələsini hər zaman prioritet sayan dövlət başçımız gənc zabitlərimizi təcrübələrini artırmaq, yüksək standartlı hərbi təhsil almaq məqsədilə müxtəlif ölkələrə göndərir. Dövlət başçımız çıxışlarında qeyd edir ki, Türkiyənin müdafiə sənayesi güclənir və biz bundan istifadə edirik. Artıq ordumuz türk ordu modeli üzərində qurulur, qış-yay təlimləri keçirilir. Azərbaycan zabitləri NATO standartlarına uyğun olaraq hərbi təlimlərdə iştirak edirlər. Postmüharibə dövründə də Müzəffər Ordumuz, bütün güc strukturlarımız Vətənin keşiyində möhkəm dayanır, dövlətin təhlükəsizliyinə təhdidlərin qabaqlayıcı şəkildə zərərsizləşdirilməsini nəzərdə tutan strategiyanı yüksək peşəkarlıqla icra edirlər.
Ən əsas fakt isə odur ki, Azərbaycan ordusu güzəştli kreditlərlə, havayı silahlarla təchizatlandırılmış ordu deyil. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində Azərbaycanın 2022-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması əksini tapıb. Belə ki, layihəyə əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 4 489 892 429 manatdan 5 084 759 665 manata çatdırılır. Cənab Prezident İlham Əliyev dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılmasını, ərzaq təhlükəsizliyi üzrə əlavə ehtiyatların yaradılmasını, bir sıra yeni infrastruktur layihələrinin maliyyələşdirilməsi məqsədilə xərclərin artırılmasını daim diqqətdə saxlayır. İllər ərzində Azərbaycan sərhədləri boyunca istənilən istiqamətdə düşmənə sarsıdıcı zərbə vurmaq üçün yüksək hazırlıqlı, ön cəbhəyə yerləşdirilən, asanlıqla yerdəyişmə qabiliyyətinə malik qüvvələr formalaşdıra bildisə, 44 gün ərzində Azərbaycan ordusu çevik hərəkət edərək, qabaqlayıcı, profilaktik tədbirlərlə düşmənin qarşısını aldı, onun zəif nöqtələrini vaxtında aşkarlayaraq strateji təşəbbüsü daim əlində saxlayaraq onu davam etdirməyə nail oldu. Ermənistanın yenilməz ordu mifi, keçilməz Ohanyan səddi, müharibədə yerlə bir edildisə, müharibədən sonra bütün bunlar Ermənistanda daxili çaxnaşma, qarşılıqlı ittihamla nəticələndi. Belə ki, ermənilərin özləri etiraf etdilər ki, Azərbaycan illər ərzində yüksək döyüş qabliyyətli, müasir ordu formalaşdıra bildisə Ermənistanda hərbi məsələlərə ayrılan vəsait göyə sovruldu.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasəti Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı bütün şəhidlərimizin qarşısında ehtiramla baş əyir, bu cür qeyrətli oğulları ilə hər zaman fəxr edir. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, 44 günlük Vətən müharibəsinin hər bir tarixi günü, anı ləyaqət simvolumuz, fəxr mənbəyimizdir. Bütün dünyaya məlumdur ki, bu əməliyyatların hər biri dünyanın nüfuzlu ali məktəbləri tərəfindən tədqiq edilir, hərbi strategiyaların formalaşdırılmasında Azərbaycanın təcrübəsindən istifadə olunur, müxtəlif hərbi ədəbiyyatlara salınır.
Səngərdə olan əsgər, ən yüksək rütbəyə malik olub müxtəlif orden və medallarla təltif olunan hərbçilərimizlə yanaşı, hər bir azərbaycanlı Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsgəridir. Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev, Onun qalib ordusu və mübariz xalqımız. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəbnəm HƏSƏNOVA,
Politoloq