Gücü 4,4 meqavat olan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası (KSES) normal güclə fəaliyyət göstərir və istehsal olunan enerji 110 kilovoltluq xətlə birbaşa ümumi sistemə transfer edir.
“İki sahil” xəbər verir ki, bunu “Qarabağ Regional Elektrik Şəbəkəsi” MMC-nin direktoru Mircəlal Hüseynov bildirib.
“Bu stansiya ermənilər tərəfindən vəhşicəsinə dağıdılmışdı. Demək olar ki, bunun su qəbuledici qurğusu, maşın zalı, hidrotexniki qurğular, generator və turbin avadanlıqları tamamilə dağıdılıb yandırılmışdı. 2021-ci ildə “Azerenerji” ASC tərəfindən “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının bərpasına başlanıldı”, - Mircəlal Hüseynov qeyd edib.
Onun sözlərinə görə, stansiya müasir avadanlıqlarla tam təchiz olunub, SKADA dispetçer idarəetmə sisteminə tam inteqrasiya olunub və “Azərenerji”nin mərkəzi dispetçer idarəsi tərəfindən stansiyanın idarə edilməsi həyata keçirilir.