09 may 2025 16:30
140

Voronejli fermerlər Azərbaycanla əməkdaşlıq təkliflərini formalaşdırıblar

Rusiyanın Voronej vilayətində fəaliyyət göstərən aqrar-sənaye müəssisələri mayın 13-16-da Bakıda keçiriləcək “Caspian Agro 2025” və “Interfood 2025” sərgilərində iştirak etməyi planlaşdırır.

“İki sahil” Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinə istinadən xəbər verir ki, bu barədə “Ticarət nümayəndəsi ilə bir saat” vebinarında məlum olub.

Vebinarda Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycandakı nümayəndəsi Nikita Qonçarenko və “Qotovill” (bitki yağlarının istehsalı), “Lyubimo” (süd məhsulları), “Big Grain” (paxlalılar və taxıl bitkiləri), “Yanberg Container Systems” (pivə istehsalı üçün avadanlıq) şirkətlərinin rəhbərləri iştirak ediblər.

Ticarət nümayəndəsi Ruslan Mirsayapov Voronej müəssisələrini maraqlandıran sahələr üzrə Azərbaycan bazarının təsvirini verib, Rusiya ixracına əsas maneələri və Azərbaycanda işləyərkən yerli müəssisələr üçün üstünlükləri sadalayıb. Sənaye kooperasiyasının imkanlarına və Azərbaycanın pərakəndə satış şəbəkələri üçün yerli brendlər altında məhsulların istehsalına xüsusi diqqət yetirilib.

Daha əvvəl Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut 2025-ci ilin mayında Rusiyanın aparıcı taxıl ixracatçılarından ibarət biznes missiyasının Azərbaycana səfərinin gözlənildiyini bildirmiş və Rusiya tərəfinin Azərbaycanın taxıl məhsullarına olan tələbatını tam ödəməyə hazır olduğunu vurğulamışdı.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan Beynəlxalq Qida sənayesi sərgisi (InterFood) 30, Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı sərgisi (“Caspian Agro”) isə 18 illiyini qeyd edəcək. Sərgi zamanı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Kənd Təsərrüfatı İnnovasiyaları Forumu keçiriləcək.