Politoloq Yusif Bağırzadə Zəngilana səfərlə bağlı “İki sahil”ə müsahibə verib:
- Yusif müəllim bir neçə gün bundan əvvəl Azərbaycanda fəaliyyət gösrtərən siyasi partiyalar və politoloqlardan ibarət qurup Cəbrayıl və Zəngilan rayonlarına səfər etdi. Bu cür birgə səfərlərin əhəmiyyəti nədir və siz səfəri necə qiymətləndirirsiniz?
- Əvvəla onu qeyd edim ki, bu səfər siyasi partiya rəhbərləri, politoloqlar və siyasi şərhçilərin işğaldan azad olunmuş rayonlarımıza sayca dördüncü səfəri idi və hər səfərdən sonra həmin ərazilərdən görülmüş işlərin miqyası insanı sözün əsl mənasında heyrətləndirir. Səfərin əhəmiyyətinə gəldikdə isə deyim ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşan siyasi dialoq çərçivəsində təşkil olunan bu cür səfərlər siyasi proseslərin iştirakçıları arasında sağlam əməkdaşlıq münasibətlərin və demokratik məzmunlu dayanaqlı dialoq ənənələrin dərinləşməsinə xidmət edir. Bu isə öz növbəsində siyasi proseslərdə iştirak edən tərəflər arasında işgüzar mühitin və sağlam münasibətlərin qorunmasını təşviq edir. Təbii ki, bu şəkildə münasibətlər də təkcə siyasi partiya rəhbərləri tərəfindən deyil, eləcə də siyasi aktiv bütün insanlar tərəfindən fəal şəkildə dəstəklənir. Təşviq olunan dialoq mühiti konstruktiv əməkdaşlığı, dövlət naminə şəxsi ambisiyalardan imtina olunmasını, milli həmrəyliyi, habelə etibarlı münasibətləri tərənnüm edir. Bu mənada, ölkəmizdə siyasi dialoq mühitinin təşviqinə yönəlmiş təşəbbüslər ilk növbədə Prezident İlham Əliyevin dövlət siyasətinin demokratik məzmunundan xəbər verir.
- Yəqin siz də razılaşarsınız ki, bütün bu deyilənlərə baxmayaraq dialoq təşəbbüsünə və ümumiyyətlə ölkədə gedən müsbət proseslərə qarşı çıxan dəstələr də mövcuddur.
- Tamamilə haqlısınız. Bəli təəssüf ki, ara-sıra dialoq təşəbbüslərinə qarşı “çatlaq” səslərin də şahidi oluruq. Özünü Milli Şura adlandıran, amma millilikdən uzaq olan marginal qruplaşma təkcə Azərbaycan hakimiyyətinin siyasi sistemin təkmilləşdirilməsi məqsədilə reallaşdırdığı islahatları və müxtəlif siyasi qüvvələr arasında münasibətlərin sağlam zəmin üzərində inkişafına yeni imkanlar yaradan dialoq təşəbbüslərini deyil eləcə də bu dialoqda iştirak edən bütün siyasi qüvvələri də hədəfə alan mövqe sərgiləyir. Halbuki islahatların və dialoq təşəbbüslərinin əsas hədəfi ölkədəki bütün siyasi qüvvələrin dövlətimizin inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi istiqamətindəki fəaliyyətdə öz töhfələrini verməsinə yönəllib. Bu hədəf isə ali hədəflərdir. Çünki söhbət ölkənin inkişafından, dövlətimizin güclənməsindən, dövlətçiliyin möhkəmləndirilməsindən gedirsə bundan ali heç nə ola bilməz. Məhz elə buna görə də respublikamızdakı əksər siyasi qüvvələr, müxtəlif partiyalar iqtidar tərəfindən atılan addımlara, dialoq təşəbbüslərinə, dövlətçiliyimiz naminə birgə fəaliyyətə dəstək ifadə ediblər. Şübhəsiz ki, bu, keyfiyyətcə yeni siyasi konfiqurasiyanın formalaşmasına xidmət edən mühüm amildir.
- Yusif müəllim məlumdur ki, hakimiyyətin dialoq təşəbbüsündə ölkədə fəaliyyət göstərən əksər siyasi qüvvələr iştirak edir və onların içərisində uzun müddət müxalif mövqedən çıxış edən siyasi partiyalar da var. Yəni başqa sözlə desək hakimiyyətə müxalif olaraq da dialoq təşəbbüslərində çıxış etmək, problemləri qaldırmaq, onların həlli üçün mübarizə aparmaq mümkündür. Belə olduğu halda adını çəkdiyiniz siyasi qüvvələrin bu təşəbbüslərdən qaşması və hətta bu təşəbbüslərdə iştirak edənləri də hədəfə almasını nə ilə izah edərdiniz?
- Sualınıza cavab olaraq əvvəla onu qeyd edim ki, əslində, dialoqdan imtina edənləri siyasi qüvvə adlandırmaq düzgün deyil. Çünki, bu düşərgədə cəmləşən insanlar uzun illərdir ki, təkcə iqtidara qarşı yox, ümumilikdə dövlətimizə, xalqımıza qarşı düşmənçilik mövqeyi tuturlar. Qiymət artımına sevinən, neftin qiymətinin aşağı düşməsinə sevinən, pandemiya dövründə insan ölümlərinə sevinən, hakimiyyətin təşəbbüsü ilə işğaldan azad olunmuş rayonlarımıza səfər edən siyasilərə müxtəlif epitetlər qoşanları heç bir halda siyasi qüvvə adlandırmaq olmaz. Sualınıza gəldikdə isə deyim ki, haqqında danışdığımız marginal dəstələr öz fəaliyyətlərində yalnız-yalnız özlərinin korporativ maraqlarını düşünürlər. Radikallar şəxsi maraqlarını təmin etmək üçün xaricdəki erməni lobbisinə bağlı olan anti-Azərbaycan dairələrdən davamlı şəkildə sifarişlər alır, onlarla sinxron fəaliyyət göstərir və beləliklə də, “beşinci kolon” funksiyasını yerinə yetirirlər. Əgər belə olmasaydı onlar da digər partiyalar kimi ümumi işə öz töhfələrini verər, inkişafla, problemlərin həll olunmasına yönəlik təkliflərlə çıxış edərdilər. Onlar bir şeyi anlamırlar ki, məsələlərə yanaşma müxtəlifliyi heç bir halda düşmənçilik anlamına gəlməməlidir. Dünya dəyişir, siyasi münasibətlər dəyişir, yeni mübarizə yolları seçilir amma bunlar hələ də doxsanıncı illərin ab-havasında yaşayırlar. Aparılan islahatları görməzdən gələn, hər fürsətdə görülən işləri qaralamağa çalışan, şər-böhtan mövqeyindən çıxış edən bu adamlar xalqın onların hakimiyyətdə olduqları qısa müddətdə ölkəmizdə yaratdıqları xaosu, anarxiyanı unutduqlarını düşünürlər. Düşünürlər ki, yarıtmaz fəaliyyətləri nəticəsində ölkənin faktiki olaraq dağılma ərəfəsində olduğunu, müstəqilliyimiz üçün real təhlükə yarandığını unutmuşuq. Lakin bu belə deyil. Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir və heç nəyi də unutmur.