29 iyun 2022 21:52
924

Gələcəyin möhtəşəm şəhərləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun ”Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən 11-ci  sessiyasında çıxışı dərin ictimai-siyasi, fəlsəfi  məzmunu ilə uzun müddət önəmli proqram  və dəyərli fəaliyyət layihəsi olaraq diqqət mərkəzində qalacaqdır. Prezidentimizin  tarixi çıxışının  dərin məna və geniş məlumat dolğunluğundan aydın olur ki, 2022- ci il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün  30  illiyi ərəfəsində  ölkəmizin  mədəniyyət və paytaxtı olan, erməni caynaqlarından azad edilmiş qədim Şuşa şəhərində  BMT qurumlarının iştirakı ilə ağır münaqişələrdən və pandemiyadan sonrakı zamanlarda Dayanıqlı İnkişaf  Məqsədlərinin əldə olunmasına  həsr olunmuş çox vacib tədbir keçirilmiş,  bir sıra mühüm işlərin təməli qoyulmuşdur. Xalqımız üçün daha böyük önəm kəsb edən, doğma paytaxtımız, uzun illər boyunca  tarixi  hadisələrə şahidlik etmiş Bakının qədim simasını qoruyub saxlamaqla bahəm, dünyada bənzəri olmayan bu şəhərin infrastrukturunun yenidən qurulması ilə bərabər, həm də onun müasirləşdirilməsinin təminatı diqqət mərkəzində olacaqdır. Həmişə öz rəngarəng tarixi memarlığı ilə hamının diqqətini cəlb edən Bakı şəhərinin  həm qədimliyi, İçərişəhəri, həm də indiki müasir parkları, bulvarı yeni üslubda tikilmiş binaları ilə səsləşən bir ahəngdarlığı ilə göz oxşayır. Bütün bunlar cənab Prezidentimizin çıxışında öz əksini tapmışdır. Həmin strateji planlama və səmərəli iş birliyi, sıx əməkdaşlıq 2030-cu ilə kimi Dayanıqlı İnkişaf Gündəliyi, möhkəm urbanizasiyanı və əsasən də şəhərlərimizin daha möhtəşəm gələcəyini təmin etmək üçün mövcud fəal səyləri və məhsuldar qüvvələri bir istiqamətə yönəltməyə imkan yaradacaqdır.

Ölkəmiz öz əzəli, əbədi ərazilərini, abidələri ilə zəngin şəhərlərini, bir-birinə bənzəməyən rəngarəng muncuqlar kimi dağlara, yamaclara səpələnmiş kəndlərini  dağıdılmış, xarabazara çevrilmiş şəkildə  işğaldan azad  edərək Vətən müharibəsində öz Qalib və Müzəffər bayrağını həmişəlik o ərazilərdə qaldırdı. 9 böyük abad şəhəri, yüzlərlə kəndi  yer üzündən silinmişdi. Dağıtmaq, məhv etmək xislətli ermənilərin əlindən bir dənə də olsun tikili tapmaq mümkün olmamışdı. Xarici diplomatlar, jurnalistlər, beynəlxalq QHT nümayəndələri həmin ərazilərdə öz gözləri ilə görüb şahid olduqları  bu vandalizmin   izlərini, qəlb dağlayan, ürək parçalayan mənzərələrini görüb dəhşətə gəlirdilər. Hətta onlar vəhşicəsinə dağıdılmış Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırmışlar.

Sülhsevər Azərbaycan xalqının bəşəri ideyalarla yaşayıb yaradan, humanist Prezidenti, Qalib və Müzəffər rəhbərimiz İlham Əliyev sülh müqaviləsinin bölgəyə əmin-amanlıq, quruculuq, inkişaf,  hərtərəfli, əməli əməkdaşlıq gətirəcəyini vaxtaşırı vurğulayır. Artıq dünyaya bəlli olmuşdur ki, Azərbaycan Ermənistanın 30 illik işğalına baxmayaraq, müharibə səhifəsini çevirərək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin, ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması prinsipini qəbul edərək, Ermənistanla sülh müqaviləsini imzalamaq üçün hazırdır. Yaxşıdır ki, ölkəmiz bu danışıqlar üçün 5 əsas və mühüm prinsipləri irəli sürmüş, Ermənistan da onları qəbul etmişdir. Amma bununla belə, rəsmi Ermənistanın hərbi cinayətləri  təəssüf ki, bu gün də səngimir.

İşğaldan azad etdiyimiz ərazilərimizdə 1 milyondan çox minanın basdırılması, hələ də həmin yerlərin tam təmizlənməsi problem olaraq qalır. Çox məyusedici faktdır ki, mina partlayışları zamanı 220-dən  artıq Azərbaycan vətəndaşı öz həyatını itirmiş, bir çoxları isə şikəst olmuşdur. Yeni  şəhərlərdə, kəndlərdə yaşamaq, işləmək ölkəmizin hədəflərindən biri kimi gündəmdədir. Dayanıqlı İnkişaf Məqsədlərinə  xidmət edən inklüziv, təhlükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərimizin  bərpası və yenidən tikilməsi ən böyük hədəfimizdir. Böyük vəsait tələb edən bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır. Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində Azərbaycanla göstərilən həmrəylik və beynəlxalq dəstək məlumdur ki, böyük önəm daşıyır. Bu da ölkəmizin öz xoşməramlı fəaliyyətində, öz nəcib işlərində böyük uğurlar qazanmasına bir işarədir.

Ölkə başçımız çıxışında bildirib: “Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edəcəyik”. Yeni imkanlar, zəngin təcrübələr qazanmış Azərbaycanın yenilməz Prezidenti çıxışının sonunda deyib: “Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik  ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır”.

Tahir Məmmədov,
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü,
siyasi elmlər üzrə fəlsəfə doktoru