30 iyun 2022 10:51
806

Kamran Bayramov: Vandalizm aktlarına məruz qalan ölkələr ərazilərin bərpasını həyata keçirməkdə Azərbaycanın təcrübəsindən bəhrələnə bilərlər

«Azərbaycanda dəqiq hədəflərə hesablanmış iqtisadi inkişaf xəttinin uğurla davam etdirilməsi onu deməyə əsas verir ki, ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlər öz həllini tapacaqdır. Prezident İlham Əliyev ölkədə hərtərəfli islahatların genişləndirilməsinə verdiyi önəmlə, xüsuilə, regionların sosial-iqtisadi inkişafına nail olmaqla Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirmişdir.»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

Kamran Bayramov qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu «Qafqazın Hirosiması» adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahidi olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər.
Deputat vurğulayıb ki, çox sevindirici haldır ki,  işğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işləri uğurla həyata keçirilir. İşğaldan qurtulan Qarabağda və Şərqi Zəngəzurda nəhəng yenidənqurma işləri bir an belə səngimir. Uzun illər davam edən Ermənistan işğalı zamanı tamamilə dağıdılmış infrastruktur obyektləri, yerlə-yeksan edilmiş tarixi, mədəni və dini abidələr yenidən bərpa olunur, yollar çəkilir, emal və infrastruktur müəssisələri inşa edilir. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, «yaşıl enerji» və «sıfır tullantı» konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.
K.Bayramov diqqətə çatdırıb ki, yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.
Deputat əlavə edib ki, Azərbaycanın Qarabağda apardığı bərpa-quruculuq işləri həm UN HABITAT qurumu, həm də Ümumdünya Şəhər Forumunun iştirakçıları üçün yeni perspektivlər açır. Azərbaycan, 9-u şəhər olmaqla, tamamilə dağıdılmış yüzlərlə yaşayış məskənin sıfırdan bərpa prosesinin necə aparıldığını bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Bu gün Azərbaycanın apardığı bərpa-quruculuq işləri dünyada təkrarı olmayan meqalayihədir. Dağıntılara  və vandalizm aktlarına məruz qalan ölkələr ərazilərin bərpasını həyata keçirməkdə Azərbaycan təcrübəsindən bəhrələnə bilərlər-deyə, millət vəkili Kamran Bayramov fikirlərini tamamlayıb.