04 iyul 2022 13:13
2612

Azərbaycan beynəlxalq ictimaiyyətdə müsbət reputasiya formalaşdırıb

Müasir dövrdə Kütləvi İnformasiya Vasitələrində (KİV) sıx-sıx adını eşiddiyimiz Qoşulmama Hərəkatı nədir?

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün 1961-ci ildə təsis etdiyi Qoşulmama Hərəkatı, ilk olaraq təşkilat kimi 1956-cı ildə yaranıb və bir müddət sonra hərəkata çevrilib. “Qoşulmama” adı isə 1953-cü ildə BMT-də yaradılıb. Hərəkatın qurucuları isə Yuqoslaviadan olan sosialist Josip Broz Tito, Hindistandan Cəvahiral Nehru, İndoneziyadan Sukarno, Misirdən Camal Abdel Nasir və Qanadan Kvame Nkrumahdır.

Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılan və hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilən bu hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara birmənalı şəkildə qoşulmur. 

Təsis sammiti Belqradda baş tutan blokun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmamaq olmaqla, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı  konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl — 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilmişdir. Konfranslarda tez-tez adı çəkilən “Bandunq prinsipləri” aşağıdakılardır:

1. BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək;
2. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;
3. Sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;
4. Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;
5. BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;
6. Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;
7. Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;
8. BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək;
9. Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;
10. Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.

Azərbaycan Respublikası bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.

2016-cı ildə Hərəkat üzvlərinin yekdil dəstəyi ilə Azərbaycan Respublikası 2019-2022-ci illər üçün XVIII Zirvə toplantısından etibarən  bu hərəkata ev sahibliyi və sədrlik etməkdədir.

Azərbaycan Respublikasının bu hərəkata qoşulma dövrünün yeni olmasına baxmayaraq bu qədər qısa bir vaxt ərzində sədr seçilməsinin əsas səbəbi, siyasi iradəsini dəyişməyərək heç bir dövlətin daxili işlərinə müdaxilə etməmiş, sərhəd ölkələrin ərazi bütünlüyünə heç bir təhdid ünsürü yaratmamış və digər xalqlar üzərində müstəmləkəçilik qurmaq kimi idologiyaları öz humanizm prinsipləri əsasında irəliləyən siyasətinə yaxın buraxmamasıdır. Buda Bandunq prinsipləri ilə Azərbaycan Respublikası siyasəti arasında ahəngin bir nümunəsidir.

30 ilə yaxın sürən Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı ilə bağlı məsələlərdə belə Azərbaycan Respublikası hər zaman lazımi hərbi resurslara və canlı qüvvəyə sahib olmasına baxmayaraq, məsələnin sülh yolu ilə həllinin tapmasında hər zaman maraqlı olmuşdur. Bu siyasəti yanlış anlayan düşman özünün güc üstünlüyünün olduğunu fərz edərək iki dövlət arasındakı münasibəti ərazi bütünlüyünü təhdid edən müxtəlif ardıcıl təxribatlarla Azərbaycan Respublikasının şanlı zəfəri ilə nəticələnən 44 günlük müharibənin yaranmasına bilərək və istəyərək zəmin yaratmışdır.

Azərbaycan Respublikasının son həddə kimi sülh və danışıqlar yolunu seçməsi və beynəlxalq hüququn tələblərindən kənar heçbir xarici siyasət həyata keçirtməməsi Qoşulmama Hərəkatı üzvləri tərəfindən və bexnəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış onun nəticə olaraq bu hərəkata sədrliyini yekdil qərar ilə təsdiqləmişdirlər. Bununla yanaşı bu il Azərbaycan Respublikasının sədrliyi yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-ci ilin axırına kimi uzadılmışdır.  

30 iyun 2022-ci ildə Bakıda, Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilərək, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradılmışdır. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü hərəkat üzvləri tərəfindən dəstəklənmişdir. Parlament şəbəkəsi təkcə Qoşulmama Hərəkatına üzv olan ölkələr arasında həmrəyliyə töhfə verməsi ilə bərabər, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri qurması məqsədi ilə yaradılmışdır.

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatındakı iştirakı həmçinin sədrliyi, həmçinin sədrlik müddətin uzadılması onun xarici siyasətinin beynəlxalq hüquq normaları və humanizm prinsipləri əsasında formalaşdırdığının və beynəlxalq ictimaiyyətdə müsbət bir reputasiya formalaşdırdığını təcəssüm etdirən bir nümunədir.

Elmir Məmmədli

AMEA-NKPİ- 14 nömrəli, Neft və neft emalı məhsullarının standartlaşdırılması və metrologiyası labaratoriyasının baş mütəxəssisi