05 iyul 2022 00:17
772

Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 30 iyun 2022-ci il tarixdə Bakıda keçirilən konfransında da bir çox mühüm məsələlər ətrafında geniş müzakirələr aparılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfransda geniş məzmunlu çıxış edərək Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirildiyini vurğulayaraq çox mühüm fikirlər səsləndirmişdir. Qoşulmama Hərəkatı yarandığı tarixdən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayıb. Mövcud olduğu 50 ilə yaxın müddət ərzində Hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlamış və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirib. Hərəkat qoşulmama anlayışını müsbət və cəlbedici səy kimi formalaşdıra bilib.

Müstəmləkələrin ləğv edilməsi və qlobal sosial inkişaf gündəliyinin yaradılması kimi XX əsrin ən mühüm nailiyyətlərindən bir çoxu Hərəkatın bu günədək dünyaya verdiyi önəmli töhfələri sırasındadır. Hərəkatın sülh, inkişaf, iqtisadi əməkdaşlıq və beynəlxalq münasibətlərin demokratikləşdirilməsi kimi uzunmüddətli məqsədlərinin tam olaraq həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının fəaliyyəti çox əhəmiyyətli nəticələr vermişdir. Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir və sədrliyi dövründə hər zaman hərəkatın təməlini təşkil edən məqsəd və məramların inkişafı naminə çalışaraq nümunəvi bir missiya həyata keçirmişdir. 2019-cu ildə dünyanı cənginə bürüyən Pandemiya dövründə ölkəmiz ədalətli mövqedən çıxış edərək, iqtisadi cəhətdən yoxsul olan ölkələrə humanitar və maliyyə yardımları göstərmiş, təşkilatın Zirvə toplantılarında “vaksin ədalətsizliyinə” qarşı prinsipial mövqeyi ilə seçilmişdir. Ölkəmiz təşkilatın bütün prinsiplərinə o cümlədən Bandunq prinsiplərinin təşviqində xüsusi fəallıq göstərmişdir. Dünya birliyinin susqun və ədalətsiz mövqeyi nəticəsində 30 ilə yaxın erməni vandalizmin maddi və mənəvi zərbələri ilə üz –üzə qalan Azərbaycan dünyada sülh və əmin amanlığın, qarşılıqlı əməkdaşlığın qarantına çevrilmişdir. 44 gün davam edən Vətən müharibəsində qazandığı şanlı qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü nümayiş etdirərək bəyan etdi ki, Haqq Savaşında özü öz torpaqlarını azad etmək iqtidarındadır. Regionda hər zaman sülhsevər siyasət yürüdən Azərbaycan danışıqlar yolu ilə qan tökülmədən münaqişənin həll olunmasına çalışsa da, mənfur Ermənistan və onun havadarlarının pozucu fəaliyyətləri müharibə variantının qaçılmaz olduğunu reallaşdırdı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz düşmənin və onun havadarlarının layiqli cəzasını verərək torpaqlarımızı düşmən tapdağından azad etdi. Müharibədən sonra rəsmi İrəvan yenə də pozucu, avantürist və təxribatçı siyasətindən əl çəkmir. 10 noyabr Bəyannaməsinin şərtlərini həyasızcasına pozaraq Zəngəzur dəhlizinin açılmasına maneçilik törədir, müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasından yayınır, minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməyərək hələ də çoxlu sayda vətəndaşlarımızın həlak olmasına səbəb olur. Bununla Ermənistan dünya birliyini və beynəlxalq ictimaiyyəti aldadaraq revanşist cəhdlərindən əl çəkmir. Lakin Ermənistan bunu yaxşı dərk etməlidir ki, Azərbaycan ərazisinə qarşı hər hansı bir müdaxiləsi, sərhəd pozuculuğu, Zəngəzur dəhlizinin açılmasına maneçilik və digər təxribatçı fəaliyyətlər törətdiyi təqdirdə Müzəffər Ordumuzun “dəmir yumruğu”nu öz başı üzərində görəcəkdir. İqtisadi problemlərin içində böhranla yaşayan ermənilərin yeganə nicat yolu Azərbaycanla sülh bağlamağındadır.

Kəmalə Mustafayeva,

Pirallahı Tibb Mərkəzinin əməkdaşı