06 iyul 2022 14:27
737

Tahir Rzayev: Ermənistanın yalanları və yalvarışları işə yaramır

Ağılsız təkliflərin ağıllı cavabları

“Ermənistanın siyasi dairələri, istər iqtidarda, istərsə də müxalifətdə olanlar nədənsə dünyada baş verən hadisələri, reallıqları, ağılsız hərəkətləri, çirkin əməlləri nəticəsində çəkdikləri müsibətləri dərk etmək istəmirlər. Onların çoxu yenə də beynəlxalq ictimaiyyətə kələk gəlmək, gözdən pərdə asmaq, revanş götürmək, müharibə etmək fikrindədir və yaramaz məqsədlərini həyata keçirmək üçün yollar axtarırlar. Ermənistan bu gün iqtisadi - siyasi böhranla bərabər əqli böhran şəraitindədir və erməni siyasətçilərinin ağılsız bəyanatları, beynəlxalq təşkilatlar qarşısında qoyduqları tələblər, irəli sürdükləri təkliflər bunu deməyə əsas verir.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Tahir Rzayev qeyd edib ki, bu gün bütün dünya Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu, ATƏT-in Minsk qrupunun arxivə göndərildiyini, Azərbaycanın öz torpaqlarını azad etdiyini bildiyi halda erməni deputatların Böyük Britaniyanın Birmingem şəhərində keçirilən ATƏT PA - nın illik sessiyasında irəli sürdükləri təkliflər gülünc görünür və erməni nümayəndələrinin ağılsız olduqlarını sübuta yetirir. Münaqişə həll olunduğu halda Dağlıq Qarabağ münaqişəsinin gündəmə gətirilməsi, eləcə də terrorçuların hərbi əsir kimi qələmə verilməsi ağılsızlıqdan və eləcə də beynəlxalq aləmə hörmətsizlikdən başqa bir şey deyildir.

Deputat diqqətə çatdırıb ki, erməni nümayəndələrinin cavabını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üçtərəfli bəyanata imza atıldığı ilk gündən verib və dəfələrlə bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və Dağlıq Qarabağ adlı ərazi mövcud deyil: “Münaqişə həll olunubsa Minsk qrupunun mövcudluğuna da ehtiyac yoxdur. Çünki Minsk qrupu fəaliyyətdə olduğu 27 il ərzində münaqişəni həlli istiqamətində heç bir iş görməmişdir. Əksinə ermənipərəst mövqeyi ilə fərqlənən bu qurum münaqişənin uzadılmasına, qarşıdurmaların kəskinləşməsinə dəstək vermişdir. Digər tərəfdən Rusiya ilə Qərbin, Avropanın münasibətlərinin kritik mərhələdə olduğu bir vaxtda - Fransanın, ABŞ - in, Rusiyanın mövqeləri heç vaxt üst - üstə düşə bilməz və bu dövlətlər həmsədr kimi Minsk qrupunu dirçəltməyə qadir deyillər.  Belə olduğu halda erməni nümayəndələrinin ATƏT-in PA-nın illik sessiyasında verdikləri təkliflər yalnız və yalnız erməni xalqının qəlbini ələ almağa, saxta yollarla onları sakitləşdirməyə hesablanmışdır. Bu ağılsız təkliflərin cavabını isə həm azərbaycanlı deputatlar, həm də PA-da təmsil olunanlar ağıllı cavablarla, səs verməklə dəyərləndirmişlər. Ermənilərin cəhdi fiasko ilə nəticələnmişdir. Ermənistan bir daha dərk etməlidir ki, artıq onun yalanları və yalvarışları işə yaramır və keçmir.”