İyulun 18-də Avropa Komissiyanın sədri Ursula von der Leyen və Aİ-nin enerji üzrə komissarı Kadri Simson Aİ ilə Azərbaycan arasında mövcud əməkdaşlığı daha da gücləndirmək üçün Azərbaycana səfər edəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Rusiya enerji təchizatından silah kimi istifadəyə davam etdiyi bir şəraitdə enerji idxalının şaxələndirilməsi Aİ üçün əsas prioritetdir.
“Cənub Qaz Dəhlizi Aİ-nin, xüsusən də Cənub-Şərqi Avropanın təbii qaz təchizatında əsas rol oynayır. Aİ və Azərbaycan eyni zamanda, təmiz enerji və enerji səmərəliliyi üzrə uzunmüddətli tərəfdaşlıq qurmaq üçün birlikdə işləyirlər, çünki hər iki tərəf “yaşıl keçidi” və Paris Sazişinin məqsədlərini reallaşdırır. Aİ və Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, investisiya, ticarət və vətəndaş cəmiyyətinin potensialından tam istifadə də daxil olmaqla, geniş spektrdə əməkdaşlığı genişləndirməyə imkan verəcək yeni hərtərəfli saziş üzrə danışıqlar aparır. Prezident von der Leyen və komissar Simson Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəklər. Görüşdən sonra Prezident von der Leyen Prezident İlham Əliyevlə birgə mətbuat konfransı keçirəcək. Komissar Simson daha sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə Aİ-Azərbaycan enerji dialoqunda iştirak edəcək”, - qeyd olunub.
***
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson iyulun 18-i Azərbaycana səfər edəcək. Bu barədə “Report”a Avropa Komissiyasından bildirilib.
“İki sahil” xəbər verir ki, Avropa Komissiyasının (AK) Mətbuat Xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və SOCAR Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşlər panlaşdırılıb.
“Növbəti həftə baş tutacaq səfər zamanı Avropa İttifaqı (Aİ) və Azərbaycan Aİ-yə, xüsusilə də Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün şaxələndirilməsində Cənub Qaz Dəhlizinin rolunu yüksəltmək məqsədilə enerji sahəsində strateji tərəfdaşlığı möhkəmləndirməyə çalışacaq" - məlumatda deyilir.