15 iyul 2022 22:40
932

Müttəfiqlik hədəflərinə doğru inamla irəli

Prezident İlham Əliyevin iyulun 15-də Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda bildirilir ki, Azərbaycan bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacaq

Bu gün Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. İki dost, qardaş ölkə biri-birinə sıx tellərlə bağlıdır. Heç bir qüvvə bu münasibətlərə xələl gətirə bilməz. Azərbaycan  hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir.

2020-ci ildə Tovuz döyüşləri zamanı qardaş Türkiyə öz mövqeyini ortaya qoyaraq Azərbaycann yanında olduğunu vurğuladı. Belə ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında Azərbaycana sona qədər dəstək veriləcəyini bildirdi: “Dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfindən edilən hücumları şiddətlə pislədiyimizi bildirmək istəyirəm. Hücumun Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhədlərdə, ağır silahlarla həyata keçirilməsi bu hadisənin Azərbaycana qəsdən edilən bir hücum olduğunu göstərir. Türkiyə Azərbaycanın haqqına, hüququna, torpaqlarına qarşı hər cür hücumun qarşısında olmaqda əsla tərəddüd etməyəcək”.

 Qardaş Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan  dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır.

Qırx dörd günlük Vətən müharibəsinin gedişi zamanı və postmüharibə dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bildirib ki, Türkiyə və Azərbaycan arasında bundan sonra da müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq davam etdiriləcək. 2022-ci il may ayının 28-də Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı Azərbaycan və Türkiyə birliyinin, qardaşlığının növbəti əyani təcəssümüdür. “TEKNOFEST Azərbaycan” festivalında çıxış edərkən Prezident İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığından bəhs edərək, ölkələrimizin hər zaman, istər yaxşı günlərdə, istərsə də çətin anlarda bir-birinin yanında olduğunu qeyd etdi.

Ölkəmizin başçısı Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması ilə Türkiyə Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsini tarixi hadisə adlandırıb. Bundan başqa, Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla Türkiyənin Azərbaycandakı səfirliyində müdafiə sənayesi müşaviri vəzifəsi yaradılır. Qərara əsasən, müdafiə sənayesi müşaviri xidmət apardığı ölkədə müdafiə sənayesinə dair prosesləri və buna bənzər mövzuları dəyərləndirib hesabatlar hazırlayacaq və Türkiyə Müdafiə Sənayesi İdarəsini məlumatlandıracaq.

Bəli, iki qardaş ölkə arasındakı əlaqələr gündən-günə möhkəmlənir. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın  qırx dörd günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfəri, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı, həmçinin Qarabağın tacı olan Şuşa şəhərində iki ölkə arasında tarixi müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü idi.  Həmçinin Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi qardaşlığımızın və birliyimizin sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan ən ağır günlərdə qardaş Türkiyənin yanında olub. Prezident İlham Əliyevin iyulun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda bildirilir ki, qardaş ölkədə 2016-ci il 15 iyul hadisələri zamanı Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olaraq və həmrəylik göstərərək bu xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınamışdır: “Bir millət iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını sübut edirlər. Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əminəm ki, bir ay əvvəl imzalanmasının birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz müttəfiqlik hədəflərinə doğru bundan sonra da inamla addımlamağa davam edəcəyik”.

Göründüyü kimi, tarixi dostluq, qarşılıqlı etimad, müttəfiqlik səviyyəsinə yüksələn münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.

Zahid Rza, “İki sahil”