18 iyul 2022 13:40
1812

Kamran Bayramov : Azərbaycanda iqtisadi və  siyasi islahatlar biri birini uğurla tamamlayır

Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir. Möhtərəm Prezidentin prinsipiallığı bu sahədə də ciddi uğurların əldə olunmasını təmin etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısının da bəyan etdiyi kimi ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir.
Məhz, dövlət başçısının həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində ölkəmiz inkişaf edib, Azərbaycan xalqının rifahı yüksəlib. Məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət edən, vətəndaşların ali mənafeyinin üstün tutulduğu uğurlu sosial dövlət modeli formalaşdırılmış, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına nail olunmuşdur. Son dövr ərzində ölkədə orta əməkhaqqı 14 faiz, pensiyalar 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi isə dövlət büdcəsidir. Həm də nəzərə almaq lazımdır ki, ölkənin büdcəsi təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib.»

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. 

K.Bayramov qeyd edib ki, bu gün ölkəmizin beynəlxalq nüfuzunun durmadan artması Prezident İlham Əliyevin xarici siyasətinin məntiqi nəticəsidir”. Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilməlidir. Ölkəmiz işğaldan azad edilmiş ərazilərini tamamilə yenidən qurur. Azərbaycan öz gücünə, öz imkanları hesabına şəhərlər salır, kəndləri yenidən qurur, binalar tikir. İşlərin miqyası bütün dünyanı sözün əsl mənasında heyrətə gətirir. Dünyada ərzaq təhlükəsizliyindən tutmuş iqtisadi tənəzzülə qədər proseslər müşahidə edilməkdədir. Dünyada neftin qiymətinin artmasına baxmayaraq, kapital bazarları da çöküb. Eyni zamanda, siyasi gərginliklər, müharibələr, böyük bazarlara tətbiq olunan qadağalar qlobal resessiyanı labüdləşdirir. Hətta, Dünya Bankı bu il qlobal iqtisadiyyatın gələcək inkişafı ilə bağlı öz proqnozlarını yenidən nəzərdən keçirərək perspektiv inkişafı 4,1 faizdən 2,9 faizə endirib. dünya iqtisadiyyatının gərgin vəziyyəti fonunda Azərbaycanda sosial-iqtisadi stabilliyin olması həyata keçirilən rasional siyasətin nəticəsidir. Qlobal resessiya gözləntiləri fonunda Azərbaycanda iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz artıb, qeyri-neft sənaye sahəsində 11,5 faiz artım olub, əhalinin gəlirləri təxminən 20 faiz artıb.

K.Bayramov diqqətə çatdırıb ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində dünyanın 80-dən çox ölkəsinə yardım göstərib. Heç şübhəsiz ki, şəhid ailələri, müharibə əlilləri də diqqət mərkəzində saxlanılıb, onların sosial müdafiəsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Postmüharibə dövründə 100 min fərdə 193 min xidmət göstərilib, 94 min şəxsə 105 min sosial ödəniş təyin olunub. Eyni zamanda, bu il bu kateqoriyadan olan insanlara 600 mənzil artıq təqdim edilib, əlavə olaraq 900 mənzil də veriləcək, həmçinin müharibə əlillərinə 100 avtomobil verilib. Prezident İlham Əliyevin tapşırığına əsasən qarşıdakı müddət ərzində Bakı, Sumqayıt və Abşeron ərazisində şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatı yekunlaşdırılacaq. Son olaraq deyərdim ki, ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı, davamlı tərəqqi, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmişdir, Azərbaycanın iqtisadi sütunları möhkəmdir, kifayət qədər böyük iqtisadi və maliyyə imkanlarına malikdir.