20 iyul 2022 00:57
711

Azərbaycanla sülh müqaviləsini imzalamaq Ermənistanın yeganə çıxış yoludur

44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi. Ölkəmiz bu müharibədə sadəcə, Ermənistan dövlətini, onun hərbi və siyasi rəhbərliyini məğlub etmədi, eyni zamanda, regionda və dünyada mövcud olan erməni faşizmini və erməni lobbisini, yalan və saxtakarlıq üzərində qurulmuş ermənilik ideologiyasını yerlə-yeksan etdi. Hazırda Ermənistanda  siyasi və iqtisadi tənəzzül, yoxsulluğun daha da artması, daxili qarşıdurma, qonşu ölkələrlə əlaqələrin kəsilməsi vəziyyəti hökm sürür. İndi bu ölkənin yeganə çıxış yolu sülh müqaviləsini imzalamaq, işğalçılıq siyasətindən birdəfəlik əl çəkməkdir. Azərbaycan tərəfi sülh müqaviləsini imzalamağa, sərhədləri tanımağa hazır olduğunu bütün beynəlxalq tədbirlərdə aydın şəkildə bəyan edib. 
Prezident İlham Əliyev müsahibələrində bu məsələyə münasibət bildirərkən dəfələrlə deyib ki, Azərbaycan sülh müqaviləsini imzalamağa ha­zırdır: “Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman  olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik” .
Ermənistan və havadarları postmüharibə dövründə yeni geosiyasi reallıqları  düzgün qiymətləndirməlidir.  Cənab prezident  İlham Əliyevin      qeyd  etdiyi kimi, bu məsələ  artıq həll olunub.
Ermənistanın  siyasi  və  hərbi  rəhbərliyi  unutmamalıdır ki,  Azərbaycan  Ordusu  işğalçıları darmadağın  etmək  üçün  cəmi  44  gün vaxt  sərf  etdi. Bu tarixi Qələbə, həm də işğalçı ölkəyə havadarlıq edənlərə mesajdır. Bundan sonra yenidən  müharibə  sevdasına  düşənlər yenə də başları üzərində “dəmir yumruq” görəcəklər.
Otuz illik işğala öz gücü ilə son qoyan Azərbaycan vaxt itirmədən Ermənistanın illər ərzində dağıtdığı, talan etdi­yi torpaqlarımızı dirçəltmək  istiqamətində bərpa – quruculuq  işlərinə başladı. Qarabağda geniş vüsət almış yenidənqurma - bərpa işlərinin hamısına,  reallaşdırılan bütün layihələrə  möhtərəm  Prezidentimiz İlham  Əliyev şəxsən nəzarət edir. Müharibə  dövründə  olduğu  kimi, bərpa- quruculuq işlərində də Azərbaycan xalqı dövlət baş­çısının ətrafında sıx birləşib. Ermənistanda isə əksinə olaraq nizamsızlıq, qarşıdurmalar, qeyri-sabitlik gündən-günə dərinləşir. Birincisi, bu amil müharibədəki ağır məğlubiyyətlə  bağlıdır­sa, digər tərəfdən də,  mövcud hakimiyyətə  tabe olmamaqla və birincilik  uğrunda qeyri-sivil mübarizə ilə əlaqədardır.  Artıq Ermənistan rəhbərliyi də sülh müqaviləsinə məhkum olduqlarını  dərk edir. Təbii ki, bu, son çıxış yoludur. Məhz  bu  səbəbdəndir ki, son günlər Paşinyan administrasiyası tərəfindən Azərbaycan və Türkiyə ilə əlaqədar müsbət siqnallar verilir. Lakin revanşizmə meyilli erməni lobbisi, hələ də dünyada qondarma “erməni soyqırımını” güclü maliyyə xərcləməklə təbliğ edir. Bununla belə, hazırda lobbinin özünün də daxilində destabilizasiya hökm sürür. Daha dəqiq desək, diaspor gücünü əvvəlki kimi toplayıb zərbəni bir yerə vura bilmir. Onlar öz narahatlıqlarını dilə gətirərək, Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşmasının Ermənistanda, ilk növbədə, erməniçiliyin 100 ildən çox hökm sürən ideoloji əsaslarını sarsıdacağını bildirirlər. Bu əsasların sarsıdıl­masında isə Azərbaycan tərəfinin apardığı informasiya savaşının rolu danılmazdır. Müharibənin bitməsinə baxmayaraq, hələ də informasiya  savaşı  davam  edir və bu da  Ermənistana böyük zərbə vurur. Belə ki, müharibə  dövründə  bir tərəfdən ağır döyüşlər  gedirdisə, digər tərəfdən də Azərbaycan dövləti sistemli və koordinasiyalı iş görərək, onların yalan üyüdən dəyirmanını susuz qoyurdu. Hazırda  Ermənistan müharibədən keçən bu müddətdə hələ də özünə gələ bilmir. Belə çətin dönəmdə həm Koçaryan – Sarkisyan koali­siyası, həm diaspor, həm də terror təşkilatları aranı qızışdır­maq əvəzinə, düşünməlidirlər ki, Ermənistanın artıq sülh müqaviləsini imzalamaqdan baş­qa çıxış yolu yoxdur. 

Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının əməkdaşı